Almaniyanın ən çox oxunan qəzetlərindən biri olan "Bild" xəbər verib ki, Almaniya kansleri Olaf Şolz ölkədəki Rusiya diplomatlarını deportasiya etməyi planlaşdırır.
Bizimyol.info xəbər verir ki, fevralın 24-dən bəri Rusiya ilə Ukrayna arasında davam edən müharibədə hər fürsətdə Ukraynanı dəstəklədiyini ifadə edən Şolza yaxın mənbələr 100-ə yaxın Rusiya diplomatının Almaniyadan çıxarılmasının gündəmdə olduğunu açıqlayıb.
Çoxlu sayda diplomatın casusluq etdiyi iddia edilərkən Berlinin dəqiq qərarının bu həftə veriləcəyi də qeyd edilib. Xatırladaq ki, "Bild" qəzeti Almaniyada 2000-dən çox Rusiya casusunun olduğunu iddia edir.
Bundan əlavə İngiltərə kəşfiyyatının keçmiş direktoru Con Seyver də mövzu ilə bağlı açıqlama verib. “Biz Avropada Rusiya kəşfiyyatının aqressiv hərəkətlərini görürük. Yəqin ki, biz onların etdiklərinin yalnız 10 faizini görürük",- deyə onun açıqlamasında bildirilir.
SPD-dən Sebastian Fiedler "Bild"-ə danışan zaman Rusiya casuslarının məqsədinin siyasətçilər, şirkət sahibləri və Rusiyanı tənqid edənlər haqqında məlumat toplamaq və bu məlumatları Kremlə göndərmək olduğunu vurğulayıb.
Qeyd edək ki, Almaniya Rusiyaya münasibətdə adətən, ABŞ-la ziddiyyətlər yaşayırdı. ABŞ-ın tələblərinə baxmayaraq, Almaniya Rusiya ilə iqtisadi əməkdaşlığı sürətlə genişləndirməyə davam edirdi. Bu əməkdaşlığın ən böyük istiqaməti "Şimal axını -2" boru kəmərinin inşası idi. Amma Rusiyanın Ukraynaya hücumundan sonra Almaniyanın ABŞ qarşısında arqumentləri tükəndi və həmin layihəni dayandırmalı oldu.
Hazırda da Rusiya qazından asılı olan Almaniya bəzən loyal mövqedən çıxış edirdi. Amma getdikcə Rusiya Berlinin bütün arqumentlərini puça çıxarır. Xüsusən də Ukraynanın Buşa şəhərində dinc əhaliyə qarşı kütləvi qırğının törədilməsi Almaniyanın da mövqeyinin tam olaraq sərtləşəcəyindən xəbər verir.
Leyla, Bizimyol.info