2016-cı ilin aprel döyüşləri… Aprelin 1-dən 2-nə keçən gecə Ermənistan Silahlı qüvvələrinin Qondarma Dağlıq Qarabağ respublikasının hərbi birləşmələri hücuma keçdi. Bu 1994-cü il atəşkəsindən sonra həmin günə qədər baş verən ən ağır döyüşlər idi. Düşmən amansız olsa da, döyüşlər Azərbaycanın qəhrəman oğullarının qələbəsi ilə başa çatmışdı. Dörd günlük müharibə… Bəli, az müddət kimi görünə bilər, amma bu 4 gündə 92 igid oğlumuz şəhid oldu. Mayor Təbriz Musazadə, Əbubəkir İsmayılov, Mayor Ürfan Vəlizadə və başqaları… Məhz aprel döyüşlərində Azərbaycan tarixinin qanlı yaddaşına çevrildilər.
Bu günkü kimi xatırlayıram… Şəhid mayor Ürfan Vəlizadənin həyat yoldaşı Könül xanımla görüşəcəkdim. Evlərinə daxil olanda Könül xanım, Ürfanın geyimində idi. Ağladığı, əziyyət çəkdiyi üzündən, gözlərindən elə hiss edilirdi ki. Ürfan haqqında danışdıqca nəfəsi kəsilirdi sanki. Qəbul edə bilmirdi bu itkini, düşünə bilmirdi ki, dünyalar qədər sevdiyi insan daha həyatda yoxdur…
Sakit idi, tələbkar deyildi, hətta çox sakit idi. Bu gün yenidən Könül xanımla danışdım...
Şəhid mayor Vəlizadə Ürfan Üzeyir oğlu 1978-ci il noyabrın 1-də Bakı şəhərində anadan olub. Məktəbi bitirən kimi Türkiyə Hava Hərbi Məktəbinə daxil olan Ürfan, burada beş il təhsil aldıqdan sonra 6 ay İstanbulda işləyir və vətənə qayıdır. 2005-ci ilə qədər Kürdəmirdə fəaliyyətini davam etdirərək, ixtisasını hərbi helikopter üzrə təkmilləşdirib, bu sahədə çalışıb. 2016-cı il aprelin 2-də Fizuli istiqmaətində Lələtəpə döyüşlərində Mİ-24 helikopterinin vurulması nəticəsində şəhid olmuşdu. Könül xanım danışırdı ki, Ürfan hər dəfə döyüşlərə gedəndə ona təlimlərə getdiyini deyirmiş. Ancaq gedəndə müəyyən tapşırıqlar verərmiş. Sonuncu dəfə də elə olur…
“O, mənə hər dəfə "çantamı yığ" deyəndə çox qorxurdum. Çanta ilə gedəndə bir həftə gəlməzdi”…
Ürfan uşaqları çox sevirdi, sonuncu dəfə də uşaqlarını qucaqlayır, qoxusunu içinə çəkir...
“Hər dəfə ona deyirdim ki, “Ürfan, hara getsən bil ki, biz üçümüz səni gözləyirik. Hara getsən bizi unutma”…
“Aprelin 2 -si ürəyim çox narahat idi. Ard-arda Ürfanı yığsam da zəng çatmırdı. Hamı bilirmiş məndən başqa. Mən şəkər xəstəsiyəm. Qardaşım dedi ki, “insulini vur, sonra bax xəbərlərə”. İnsulini vurdum, baxdım qonşular gəlib. Dedim nəsə olub? Qonşu bilirdi ki, biz çox mehriban ailəyik. Ev telefonu zəng çaldı, baldızım dedi ki, “gəl bizə”. Eltim dedi ki, “Ürfan şəhid olub”. Özümdə deyildim. Heç bilmədim o gecə necə keçdi. Heç gözümü yummadım. İnana bilmirdim. Mən düşünürdüm ki, o ölə bilməz.
Çadır qurmuşdular. Ürfanın paltarlarını geyinib getmişdim. Dedim “yox, mən inanmıram”. Mən günlərlə Ürfanı gözlədim. Ayın 10-u onun nəşini gətirdilər, amma mən onun heç nəyini görmədim”…
Bu gün aradan 6 il keçib. Könül xanım əziyyətlə, zəhmətlə şəhidinin iki balasını böyüdüb. Betül və Zəhra artıq böyük qız olub, atalarını da heç bir zaman unutmurlar. Amma Könül xanımın bir nisgili qalıb. Deyir ki, bu 6 ildə Ürfanı xatırlayan olmadı: “Ürfan Nizami rayon 210 saylı məktəbi bitirmişdi. Şəhidlərimizin adı əbədiləşdirilir. Biz də ailəsi olaraq şəhidimizin adının əbədiləşdirilməsini istərdik. İstərdim ki, qızlarım hər zaman ataları ilə qürur duysunlar”…
Belə… 6 il keçib. 2020-ci ildə 44 günlük müharibədə Azərbaycan qələbə çaldı, torpaqlarımız geri qaytarıldı. Biz artıq qəhərman ölkənin vətəndaşlarıyıq. Amma bu adı daşıyırıqsa, vətən üçün, torpaq üçün canından keçənləri, bizə bu qələbəni yaşadanları əsla unutmamalıyıq… Elə şəhid mayor Ürfan Vəlizadəni də…
Allah bütün şəhidlərimizə rəhmət eləsin!
İlahin, Bizimyol.info