Politoloq: "Azərbaycan Ermənstanla sülh müqaviləsinin imzalanması ilə bağlı 5 təklif irəli sürüb. Ermənistan bu təkliflərlə razıymış kimi göstərsə də, Ermənistanın oynadığı oyun bu ölkənin işğalçı siyasətini davam etdirdiyini sərgiləyir"
“Azərbaycanın sülh sazişinin bağlanması ilə bağlı təklifinə müsbət reaksiya verməsinə baxmayaraq, Ermənistanın qəti addım atmaqda tərəddüd etməsi onun məkrli siyasətindən tamamilə əl çəkmək niyyətində olmadığını göstərir. Azərbaycanın suverenliyi üçün əhəmiyyət kəsb edən məsələlərdə Ermənistanın qeyri-adekvat mövqeyi regionda təhlükəsizliyin təmin olunmasna maneə törədir. Sülh sazişindən öz separatçı maraqlarını qoruyub saxlamağa çalışan Ermənistanın Rusiya və Qərb arasında oyun oynamaqla birtərəfli mənfəət götürməyə cəhd etməsi münasibətləri kəskinləşdirir”,- bu barədə Bizimyol.info xəbər portalına siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent Ramid Hüseynov daışıb. Onun sözlərinə görə, baxmayaraq ki, sülh sazişinin imzalanması, kommunikasiya xətlərinin, nəqliyyat-rabitə əlaqələrinin bərpası illərdir ki, iqtisadi blokada qalmış Ermənistana daha çox lazımdır. Nəzərə alsaq ki, münaqişənin davam etdiyi müddət ərzində ən çox əziyyət çəkən məhz Ermənistan olmuşdur.

Ekspert qeyd edir ki, münaqişənin davam etməsində olduğu kimi, hazırkı dövrdə də sülh müqaviləsinin yubadılmasında təkcə Ermənistan günahkar deyil. Təhlükəsizliyin təmin olunmasında mühim rol oynayacaq sülh müqaviləsinin yubadılması həm də geosiyasi güclərin marağında olduğunu unutmaq olmaz. Region dövlətləri arasında münasibətlərin, kommunikasiya əlaqələrinin bərpası, demokratik idarəetmə və qərbə inteqrasiya imkanlarının genişlənməsi, dünya dövlətləri ilə əməkdaşlığının dərinləşməsi nəticə etibarilə regional güclərin - Rusiyanın nəzarət imkanlarının zəifləməsinə təsir göstərəcəyi qorxusunu yaradır. Hətta bu vəziyyət Rusiya hərbi qüvvələrinin vaxtından əvvəl regiondan çıxarılmasını gündəmə gətirir.
“Deməli, sülh sazişinin imzalanması üçün təkcə Ermənistanın siyasi iradəsi, Azərbaycan tərəfinin təkliflərini qəbul etməsi kifayət etmir. Bu məsələdə Rusiya tərəfinin beynəlxalq hüquq normaları, dövlətlərin suveren bərabərliyi çərçivəsində hərbi-siyasi davranışı çox vacibdir. Əks təqdirdə, prosesin hazırkı formada uzun müddətə davam etməsini düşünmək olar. Çünki, Qarabağ ərazisində “dəstəklənən və himayə edilən” separatçı, terrorçu qüvvələrin qalması, xaricdən ermənilərin qeyri-qanunu olaraq əraziyə köçürülməsi, rus hərbi birləşmələrinin imzalanmış bəyənatdan kənar fəaliyyətləri sülh müqaviləsinin imzalanmasını imkansız edir. Yalnız Ermənistanın prinsipial, qəti mövqe sərgiləməklə atacağı ədalətli və düzgün addımlar müsbət nəticələrin əldə olunacağına ümid yaradır” - deyə R.Hüseynov bildirib.
İlahin, Bizimyol.info