Ukraynanın baş prokuroru İrina Venicetova qısa müddət əvvəl rus əsgərlərindən təmizlənən Kiyev bölgəsində 410 mülki vətəndaşın cəsədinin tapıldığını açıqlayıb.
Bizimyol.info xəbər verir ki, Buça, İrpin və Qostomel ərazilərində aparılan axtarış və təmizləmə işləri zamanı 410 mülki şəxsin cəsədi aşkarlanıb. Səlahiyyətlilər bəzi mülki şəxslərin əlləri bağlanaraq edam edildiyini, kanalizasiyaya atıldığını və kütləvi məzarlıqlarda basdırıldığını bildirib.
Ukraynanın baş prokuroru İrina Venicetova açıqlamasında “Kiyev vilayəti turizm məkanına deyil, cinayət məkanına çevrilib”,-deyə bildirib.
“Hücumların ilk günündən prokurorluq və kəşfiyyat orqanları Ukrayna xalqına qarşı soyqırıma qarşı birlikdə çalışır. Kiyev vilayətindən 410 mülki vətəndaşın cəsədi çıxarılıb. Onlardan 140-ı mənim və digər ekspertlər tərəfindən nəzərdən keçirilmişdir. Hüquq-mühafizə orqanları Rusiyanın hərbi cinayətlərini işləyir və sənədləşdirir. Məhkəmə binasının tibb kabinetinə mütəmadi olaraq prokurorlar, ekspertlər, hadisə şahidləri gəlir və DNT nümunələri götürülür. Bu cəhənnəmi yaradanları cəzalandırmaq üçün baş verənləri sənədləşdirmək lazımdır. Onlar beynəlxalq məhkəmələrdə məsuliyyətə cəlb olunacaqlar.
Ukrayna ordusu Buça şəhərinin küçələrində çoxlu mülki vətəndaşın cəsədi ilə qarşılaşıb, bir evin zirzəmisində isə əlləri arxadan bağlanaraq edam edilən çoxlu sayda mülki vətəndaşın cəsədi divara söykənikli halda tapılıb. Dünya liderləri Buçadakı vəziyyəti qəddarlıq adlandırıblar. Ukrayna prezidenti Vladimir Zelenski sosial media hesabında Buçadakı mülki qırğına toxunaraq, “Buxarest, 14 il əvvəl NATO bəyannaməsi. Rusiyanın gəlməsinin qarşısını almaq şansımız var idi. Rusiya Buçaya gəldi. Rus əsgərlərinin analarına bu görüntülərə baxmağı məsləhət görürəm. Baxın və görün oğruları və qatilləri necə tərbiyə edirsiniz””, -deyə İrina Venicetova açıqlamasına əlavə edib.
Ukrayna Baş nazirinin müavini açıqlamasının ünvana çatması üçün rus dilində yazmağı da unutmayıb.
“Ukrayna xalqına qarşı cinayətlərdə və edamlarda kim iştirak edibsə, onu ən yaxşı halda ömürlük həbs gözləyir. Müharibə şəraitində olmaq bizə insanları incitmək, ələ salmaq və edam etmək haqqı vermir. Müharibə gec-tez bitəcək. Heç kim səni xilas edə və bağışlaya bilməyəcək. Müharibədən sonrakı həyatınızə düşünün, yoxsa ölümü düşünməli olacaqsınız”.
Qeyd edək ki, Buçadakı qətliam dünyanın gündəminə çevrildikdən sonra Rusiya Müdafiə Nazirliyi münasibət bildirib. Açıqlamda qeyd olunub ki, “Rusiya Müdafiə Nazirliyi Kiyev vilayətinin Buça şəhərində mülki əhalinin öldürülməsi ilə bağlı Kiyev rejiminin ittihamlarını rədd edir”.
“Bu qəsəbə Rusiya silahlı qüvvələrinin nəzarəti altında olduğu dövrdə heç bir zorakılıq aktından heç bir sakin zərər çəkməmişdir.
Danılmaz faktdır ki, Doğum evində və digər şəhərlərdə olduğu kimi Mariupoldakı Buçadan olan fotoşəkillər və videogörüntülər də Qərb mediası üçün Kiyev rejiminin növbəti istehsalıdır”,-deyə bildirilib.
Leyla, Bizimyol.info