Rusiya qüvvələrinin Kiyev ətrafından sıxışdırılaraq çıxarılması uğrunda Ukrayna qoşunlarının düşmən üzərinə hücumları davam edir.
Bizimyol.info xəbər verir ki, bu barədə Böyük Britaniyanın Müdafiə Nazirliyi kəşfiyyat məlumatlarına istinadən məlumat yayıb.
Bildirilir ki, Ukrayna qoşunlarının Şimal-qərb istiqamətində İrpindən Buça və Qostomelə doğru irəliləmək cəhdləri davam edir.
"Ukraynanın şərqində Ukrayna qoşunları şiddətli döyüşlərdən sonra Xarkovun şərqində əsas hücum istiqamətini gücləndiriblər. Bu, bu həftənin əvvəlində Sumi yaxınlığındakı Trostyanets şəhərinin azad edilməsindən sonra baş verib", - məlumatda deyilir.
Münaqişənin ilk günündən döyüşlərin getdiyi Qostomel hava limanından da rus qoşunlarının geri çəkildiyi bildirilir. Şərq istiqamətində Ukrayna bir neçə kənd üzərində nəzarəti bərpa edib.
Bundan əvvəl məlum olub ki, Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı Rusiya qoşunlarının Dnestryanıda aktivləşdirilməsini elan edib. Ukrayna Silahlı Qüvvələri Rusiya qoşunlarının qondarma “PMR”də yerləşən bölmələrinin Ukrayna sərhədində təxribat və nümayiş aksiyaları həyata keçirmək üçün cəlb edilməsi üzrə işlərin gücləndirildiyini elan edib.
Qeyd edək ki, “The Times” qəzetinin verdiyi məlumata görə, Britaniyanın ən sürətli qısa mənzilli zenit raketi hesab olunan "Starstreak" sisteminin Ukrayna döyüşçülərinin istifadəsinə verilməsi barədə məlumat verib.
"Raketlər artıq Ukrayna bölmələrindədir və ukraynalı personal onları idarə etmək üçün təlim keçib", deyə nəşr yazır.
Bildirilir ki, helikopterin vurulduğu anın videosu onun necə ikiyə bölündüyünü göstərir. Onun buraxdığı üç zərərverici element düşmən təyyarələri üçün praktiki olaraq heç bir şans buraxmır.
Müasir silahların əldə edilməsi Ukrayna döyüşçülərini daha da ruhlandırır.
Qadir, Bizimyol.info