Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bir gül ilə bahar, dörd qırıcı ilə qələbə olmaz: Rusiya Ermənistana verdiklərini niyə geri alır?
Bir gül ilə bahar, dörd qırıcı ilə qələbə olmaz: Rusiya Ermənistana verdiklərini niyə geri alır?

Ermənistandan Rusiyaya doğru uçan Su-30 qırıcı təyyarələrinin peyk görüntülərinin yayılması, skandal hadisə hesab olunur. Rusiyanın Ukraynada dalana dirənməsi və Donbas-Luqansk bölgələrinə doğru çəkilməsi, hərbi qüvvələrini Kiyev ətrafından Ukraynanın şərq torpaqlarına tərəf köçürməsi, daha sonra isə bütün bunları “əməliyyatın 1-ci mərhələsi” adlandırmasının ardından Ermənistanın bu “gizli” fəaliyyəti, bir daha Rusiya üçün həmin dörd qırıcı təyyarənin nə dərəcə kritik əhəmiyyətə malik olduğunu göstərdi. Müharibənin ilk günlərində Qırğızıstandan hərbi qüvvə tələb edən Rusiyanın bu tələbinə qarşılıq verilməməsi, Qırğızıstan rəhbərliyi üçün atılmış ən ağıllı addım hesab edilirdi. Çünki bir çox hərbi-siyasi ekspertlər Rusiyanın Qırğızıstan əsgərlərinə ehtiyac duymadıqlarını, sadəcə “cəhənnəmə gedənin özünə yoldaş axtardığını” beləliklə də, Rusiya rəhbərliyinin Ukraynada törətdiyi işğal əməliyyatının ciddi sosial-siyasi-mənəvi yükünü bölüşməsi üçün qurban axtarışında olduğunu qeyd edirdi. Ancaq həmin ölkə Rusiyanın axtardığı o qurbanlıq quzuya çevrilmədi.

Bir neçə vaxtdır gündəmi məşğul edən Ermənistanın Su-30 təyyarələri və onların Ukraynada döyüşmək üçün Rusiya tərəfinə göndərilmələri, bu ilin əvvəlindəki Qazaxıstan hadisələri ilə də müqayisə edilir və ortaya bəzi ciddi suallar çıxır: Rusiyanın indiki durumda kənar “dost” dövlətlərin, xüsusilə də iki il öncə Dağlıq Qarabağ Savaşından sıfır tankla çıxmış Ermənistan ordusuna, onun texnikasına ehtiyacı varmı? Qazaxıstandakı etirazları yatırmaq üçün ölkəyə yeridilən KTMT qüvvələrinin başında xüsusi canfəşanlıq göstərən Ermənistan bu gün həmin canfəşanlıqla Rusiyaya SU-30-ları niyə “cehiz” verir? Ölkəsini Qərb üsulu ilə idarə etmək istəyən, Sorosun “xeyir-duası” ilə hakimiyyətə gələn Paşinyanın bu gün bütün Qərbin dəstəklədiyi Ukraynaya qarşı Rusiyanın yanında yer alması nədən xəbər verir? Ermənistan “uzaq qohumdansa, yaxın qonşu yaxşıdır” prinsipi ilə hərəkət edir, ya Qərbdən ona bir xeyir gəlməyəcəyini İkinci Qarabağ Savaşında hiss etdiyi üçün indi Rusiyanın qollarına sarılmağa başlayıb?

Əlbəttə ki, suallar çoxdur və bu sayı daha da artırmaq olar. Ancaq bu gün real hərbi mənzərə ilə tanış olanlar, xüsusilə bu sahəni bilən hərbi hava qüvvələrinin ehtiyatda olan zabitləri, o cümlədən, hərbi ekspertlər bu qırıcı təyyarələrin Ukraynada heç bir işə yaramayacağını, Ermənistan hərbi-siyasi rəhbərliyinin atdığı bu addımla əslində bir növ “mən filankəsin cərgəsindəyəm” mesajı kimi anlaşılmasını uyğun bilirlər. Məntiq isə bu fikri doğrulayır. Bir gül ilə bahar olmadığı kimi, 4 qırıcı ilə də qələbə olmaz. Hələ ki, bu qırıcılar 2019-cu ildə Rusiyanın Ermənistanda verdiyi və daha “qutusundan çıxarılmamış” yenidən Rusiyaya qaytarılan hərbi təyyarələrdirsə...

İndi isə istərdim Su-30 qırıcı təyyarələri barədə müəyyən məlumatları oxucularımızla bölüşüm. SU-30-ların özəllikləri və Ermənistan hərbi arsenalındakı yeri nədir? Bu təyyarələr “F-14” və “F-15” ABŞ istehsalı qırıcı-bombardmançı təyyarələrə rəqib olaraq istehsal edilib. 2019-cu ildə Ermənistan Rusiyadan dörd ədəd SU-30 sifariş edib və bu təyyarələr 2020-ci ilin may ayında Ermənistana təhvil verilib. İki il sonra isə “heç qutusundan çıxarılmayan” bu döyüş vasitələri eyni şəkildə Rusiyaya geri qaytarılıb. Ya da buna "Rusiya tərəfindən geri tələb olunub" desək, daha doğru olar. İndiki məlumatlar isə bu təyyarələrin Ukrayna müharibəsində tətbiq olunması üçün nəzərdə tutulduğunu bildirir. Onu da qeyd etmək yerinə düşər ki, Ermənistan bu addımı, guya, gizli şəkildə atıb, amma orta səviyyəli hərbi kəşfiyyat, hava müdafiəsi anlayışlarına malik dövlətlər artıq insanlığın yer üzündə peyklərdən istifadə etdiyini, bu səbəbdən də atılan hər bir addımın bu sayədə hər saniyə, dəqiqə izlənildiyini bilir. Ancaq görünür, Ermənistan hərbi rəhbərliyi bundan xəbərsiz olub...

Bəs bu qırıcı təyyarələr nə vaxt və hansı marşrut üzərindən göndərilib? Daşınma martın 23-ü, yerli saatla 12:50 də başlanıb. Ermənistan pilotlarının idarə etdiyi dörd ədəd SU-30 qırıcı təyyarələri Ermənistanın Erebuni hərbi aeroportundan qaldırılıb və saat 13:14-də Rusiyadakı xüsusi hərbi bölgəyə yerləşdirilib. Peyk fotoları ilə təkzibedilməz bir şəkildə isbatlanan bu fakt ciddi əhəmiyyət kəsb edir. Çünki Ermənistan qırıcı təyyarələrini və pilotlarını Rusiya ordusunun ixtiyarına verərək, Ukraynanın işğal edilməsinə ortaq, Rusiyanın başlatdığı müharibəyə isə tərəf olub. İndi eynilə Rusiya kimi, Qərbin sanksiyalarına hədəf olmaq riski ilə üz-üzədir. Yayılan görüntülər isə Rusiya-Ermənistan münasibətlərini ciddi şəkildə gərginləşdirib. Mənzərə, izləyənlərdə belə bir fikir formalaşdırır: Rusiya Ukraynada o qədər acizdir ki, 3 il öncə Ermənistana verdiyi dörd ədəd hərbi təyyarəni onların əlindən geri alır.

Əlavə olaraq, onu da qeyd etmək istərdim ki, Ermənistan pilotlarının idarə etdiyi bu döyüş təyyarələrinin Azərbaycanın işğaldan azad olunan torpaqları üzərindən uçduğu barədə məlumatların olduğu bildirilir Hətta bununla bağlı müəyyən görüntülər də paylaşılır. Beləliklə, bir qədər ciddi suallar da yaranmış olur - Azərbaycan tərəfi bu uçuşlara niyə göz yumub? Hərbi Hava Qüvələrimiz bu uçuşa necə və niyə şərait yaradıb? Ölkə gündəmini “bəzəyən” bu məlumatlar və görüntülər fonunda Müdafiə Nazirliyindən niyə hələ də dolğun bir məlumat verilmir? Təəssüf ki, bu, Müdafiə Nazirliyinin ilk belə susqunluğu deyil. Ötən il Azərbaycana məxsus hərbi və mülki yük maşınlarının işğaldan azad edilmiş Azərbaycan torpaqlarında Rusiya sülhməramlıları ilə birgə ərazidə qanunsuz fəaliyyət göstərən əlisilahlı Ermənistan birləşmələri tərəfindən yoxlanılması, bu barədə görüntülərin yayılması qarşısında Müdafiə Nazirliyi eyni susqunluğu sərgiləmişdi. Hətta bununla bağlı redaksiyamızın sorğusu belə cavabsız qalmışdı. Ümid edək ki, növbəti belə arzuolunmaz hərəkətlərə qarşı Müdafiə Nazirliyi ayıq və operativ açıqlamalar verərək, cəmiyyətimiz məlumatlandırar.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »