Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dövlət qurumlarının yarıtmaz fəaliyyəti hər sahədə gözə girir
Dövlət qurumlarının yarıtmaz fəaliyyəti hər sahədə gözə girir

Dövlət qurumlarının yarıtmaz fəaliyyəti barədə dəfələrlə müxtəlif yazılar yazmışıq. Bu dəfə isə, Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi, Antiinhisar və istehlak bazarına nəzarət dövlət Xidməti və Mənzil İnşaatı Dövlət Agentliyinin qeyri şəffaf fəaliyyətindən söz açacağıq. İlk öncə xüsusi olaraq qeyd eədk ki, adı çəkilən hər üç qurumun ictimaiyyətlə əlaqələr şöbəsi zəif çalışır. Göndərilən sorğular ya çox gec, ya da ümumiyyətlə cavablandırılmır. Nə isə, bu kiçik problemdir. Əsas məsələ qurumların fəaliyyətində olan qüsurlardır.

Öncə bu gün hələ də gündəmdə 5 saniyəlik mənzil satışı ilə yer alan MİDA-dan danışaq. Hamı çox gözəl bilir ki, 5 saniyə içərisində mənzil seçməyə Azərbaycanda fəaliyyət göstərən internet provayderlərinin təqdim etdiyi "sürətli" internet imkan verməz. İkincisi buna imkan olsa belə, proqramçıların fikrincə əgər bu işlə xüsusi proqramçılar məşğul olsa ən az 9 saniyəyə ev seçmək mümkündür. MİDA-nın prezidentin etimadından sui-istifadə edib, xüsusi güzəştlərə ehtiyacı olan insanların haqqına girməsi və mənzillərin hansısa şəkildə kiməsə satılması qurumun qeyri-şəffaf fəaliyyətinin aydın nümunəsidir. Edilən etirazlara baxmayaraq, MİDA sadəcə susmağa qərar verdi.

Qeyd edək ki, MİDA-da mənzil seçiminə xüsusi qurumların əməkdaşları nəzarət edir... Artıq necə nəzarət edirsə, MİDA-nın bu yarıtmaz fəaliyyəti onların nəzarətini də şübhə altına alır. MİDA bütün etirazları nəzərə alıb, nəticələri ləğv etməli və mənzillərin satışı üçün fərqli bir üsul, daha şəffaf üsul düşünməlidir ki, vətəndaşların düşüncələrində MİDA-nın “bazar” olduğu fikri yaranmasın. MİDA-nın şəffaf qurum olmasını ancaq bu sübut edə bilər.

İkinci mövzu isə, AQTA-dır. Bu günə qədər AQTA-nın məsul olduğu işləri məsələn, qanunsuz ət kəsimi, bazarlarda nəzarətin güclənməsi və laboratoriyaların uyğun şəkildə fəaliyyət göstərməsi hallarına rast gəlməmişik. Bu gün də çox yerdə açıq şəkildə ət kəsimi müşahidə edilir. Bu faktı “Azad İstehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov da, AQTA ictimai şurasının üzvü olmasına baxmayaraq təsdiqləyir. İctimai Şura üzvü etiraf edir ki, şura yetərli qədər fəaliyyət göstərmir. Və onlaırn işi sadəcə toplantılarda prezentasiya dinləməkdən ibarətdir. Və ən acıanacaqlısı budur ki, qaldırılan problemlər də həllini tapmadan “daş sandığa” atılır. AQTA rəhbəri Qoşqar Təhməzli isə, “yağlı əppə”yə çevrilib. Ən azından Eyyub müəllim, qurumun rəhbərliyinə əlçatnalığın olmadığını etiraf edir. Diqqət edin. Qurumun ictimai Şurasının üzvüsünüz və qurum rəhbərinin qəbuluna siz belə düşə bilmirsiniz. Bir də şikayət, problemi olan sadə vətəndaşı düşünün...

Digər fəaliyyəti cəmiyyətə yarasız olan qurum isə Antiinhisar və istehlak bazarına nəzarət Dövlət Xidmətidir. Qurumun rəhbəri Məmməd Abbasbəylidir. Yenə Eyyub Hüseynov deyir ki, əvvəllər dövlət xidməti ictimai təşkilatla birlikdə layihələr icra edir və istehlakçıların hüquqlarını qoruyurdu. İndi isə ictimai birliyin rəhbəri dəfələrlə Dövlət Xidməti rəhbərinin qəbuluna düşmək istəsə də bu proses baş tutmur. E.Hüseynov deyir ki, dövlət xidmətinin fəaliyyət sxemi sadəcə olaraq, biznes qurumu ilə şikayətçi arasında məktublaşma prosesini həyata keçriməkdən ibarətdir. Sonda da vətəndaşa deyilir ki “get ver məhkəməyə”.

Qeyd edim ki, istər MİDA istərsə də, Antiinhisar və İstehlak bazarına nəzarət Dövlət Xidmətinin fəaliyyətindən Azərbaycan internet forumunun prezidenti Osman Gündüz də narazılıqlarını dəfələrlə dilə gətirib. Həm jurnalistlər, həm vətəndaşlar, həm də QHT rəhbərləri dövlət qurumlarından narazıdırsa, çox maraqlıdır ki, adı dövlət qurumu olan, dövlətin büdcəsindən maliyyələşən, hər ay düzənli əmək haqqı alan, dövlət məmuru güzəştlərindən yararlanan bu şəxslər kimin üçün işləyir? Özləri üçünmü?

  • Ölkə başçısı hər il büdcədən bu qurumlara onların əməkdaşlarının daha yaxşı yaşaması üçünmü vəsait ayırır?
  • Bu məsələyə də dövlət başçısının özü nəzarət etməlidir?

Onsuz da artıq alışmışıq, dövlət qurumlarından, icra hakimiyyətlərindən, ümumiyyətlə kimdən şikayətimiz varsa, elə hamısını dövlət başçısına ünvanlayırıq. Çünki bilirik ki, bizi ondan başqa eşidən olmayacaq...

Bir müddət əvvəl Binəqədi rayonunda yol problemi ilə bağlı AAYDA-nın fəaliyyətindən narazı olan, redaksiyamıza müraciət edən vətəndaş deyirdi: “Vallah utanırıq, hər şey üçünmü dövlət başçısına yazaq? Niyə bu məmurlar öz işini görmür axı?”...

Məmurlar öz işini görmür və yaxud məmurlar öz işlərinin əslində “qaz vurub, qazan doldurmaq”dan ibarət olduğunu düşünür. Əslində bilirik ki, adı çəkilən və çəkilməyən fəaliyyətsiz dövlət qurumları yazdığımız yazılara “eh, onsuz da mənə heç olan deyil” deyib önəm vermir. Amma biz ən azından vicdanımızın səsinə qulaq asıb, eybəcərlikləri oxuculara və daha yüksəklərə çatdırmağa çalışırıq ki, bəlkə bu problemə bir dəva edən ola...

Belə görürük ki, mövzuya yenidən qayıdacağıq...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »