Bu gündən Azərbaycanda Ramazan ayı başlayır. Ramazan ayının ilk Qədr gecəsi (əhya gecəsi) ayın 18-dən 19-na keçən gecə olacaq. İkinci gecə aprelin 21-nə yəni 20-dən 21-nə keçən gecə, 3-cüsü aprelin 23 və sonuncusu aprelin 27-də olacaq.
"Oruc tutmaq hər bir müsəlmanın borucudur".
İlahiyyatçı İbrahim Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, oruc tutmağa başlayan insan ilk növbədə Allahla əhd-peyman bağlamalıdır ki, “İlahi, mədəmi necə ac qoyuramsa, eləcə də bütün əza üzvlərimi oruc edəcəyəm”.
Ramazan ayında tutulan oruc təkcə aclıqdan ibarət deyil. Aclıqla bərabər əza və üzvlərini də qorumaq şərtdir: “İnsan gözünü, qulağını, dilini, əlini-ayağını oruc etməlidir. Gözünü haram şeylərdən çəkindirməlidir ki, göz də oruc olsun. Qulağını, dilini haram sözlərdən ifadələrdən qorumalıdır ki, qulağı, dili oruc olmuş olsun. Əlini haramdan çəkindirməlidir, ayağını haram yerlərədn çəkindirməldir onlar da oruc etsin. Allahın haram buyurduğu yerlərə getməməlidir”.
İlahiyyatçı qeyd edir ki, insan əza və üzvlərini oruc saxlaya bilsə, bu kamil orucluq olacaq. Onun sözlərinə görə, Ramazan ayında, zikrlər, dualar etmək önəmlidir.
“Ramazan ayında önəmli gecələr “Əhya gecələri” var ki, biz o gecələri oyaq qalmalı, Allahı zikr etməliyik. Çünki Allah “Qədr” surəsində buyurur ki, “o gecə min aydan üstündür”.
Hər kəs o gecədə bir rükət namaz qılsa, min rükət namazı əvəz edir. O gecədə hər kəs bir Quran ayəsi oxusa, sanki min Quran ayəsi oxuyub. Hər kəs bir sədəqə verərəsə, elə bil ki, min fəqirə-füqəraya sədəqə verib. Və yaxud həmin gecə bir yetimin başına sığal çəksə, sanki min yetimin başına sığal çəkir. Bu gecələrdən biz istifadə edib, Allahın rəhmətini üzərimizə çəkməliyik. Çünki o gecə mələklər və ruh yer üzərinə enərək, insanların təqdiratını həll edərlər. O gecə oyaq qalıb, namaz qılan, dua edən şəxslərin əməlnaməsi xeyli xeyir işlərlə yazılar, İlahi dərgahına çatdırılar. Allah da o bəndəsinə rəhm edər. Onun günahlarını bağışlayaraq silər” - deyə ilahiyyatçı qeyd edib.
İlahiyyatçının sözlərinə görə, Ramazan sözünün mənası yandıran deməkdir. Yəni günahları yandırır. Oruc tutmaq, ibadət etmək, insanın günahlarının silinməsinə, kamil bir bəndə olmasına, ruhi və fiziki baxımdan sağlamlığa qovuşmağa dəlalət edər.
İlahin, Bizimyol.info