Ukrayna helikopterləri Rusiyanın Belqorod şəhərindəki neft anbarlarına aviazərbələr endirib.
Bizimyol.info xəbər verir ki, Belqorod vilayətinin qubernatoru Vyaçeslav Qladkov hadisə ilə bağlı məlumat yayıb və bildirib ki, Belqoroddakı neft bazasında baş verən yanğına səbəb Ukrayna helikopterlərinin hücumu olub.
"Neft bazasındakı yanğın aşağı hündürlükdə Rusiya ərazisinə daxil olan Ukrayna silahlı qüvvələrinə məxsus iki helikopterin hava zərbəsi nəticəsində baş verib . Qurbanlar olmayıb", - deyə region rəhbəri telegram kanalında yazıb.
O qeyd edib ki, əhali üçün heç bir təhlükə yoxdur, yanğını aradan qaldırmaq üçün şəhərdə bütün imkanlar var. Yanğınsöndürənlər yanğını mümkün qədər tez söndürməyə çalışırlar .
Bölgənin fövqəladə hallar xidmətindən RİA Novosti-yə verilən məlumata görə, iki min kubmetrlik yanacaq və benzin olan səkkiz çən yanıb. Yanğının daha səkkiz konteynerə keçməsi təhlükəsi var. Məlumatda bildirilir ki, yanğın söndürmə işlərinə 105 nəfər, 31 texnika, o cümlədən yanğınsöndürmə qatarı cəlb olunub.
Rosneft şirkətindən isə RİA Novosti-yə bildiriblər ki, bütün personal təxliyə edilib, itki yoxdur.
“Səhər tezdən Qladkov Belqoroddakı neft anbarında yanğının baş verdiyini, nəticədə müəssisənin iki əməkdaşının xəsarət aldığını bildirdi. Onların həyatı təhlükədə deyil. Yaxınlıqdakı küçələrin sakinləri “Belqorod Arena”ya köçürüləcək. Yanğınsöndürənlər yanğını söndürdükdən sonra onlar evlərinə qayıda biləcəklər”, deyə açıqlamada qeyd olunub.
Leyla, Bizimyol.info