Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İtaliya da Rusiya qazına görə rubl ödəməyəcək
İtaliya da Rusiya qazına görə rubl ödəməyəcək

İtaliyanın baş naziri Mario Draqi Roma şəhərində təşkil edilən mətbuat konfransında Rusiyanın Ukraynaya təcavüzünü və Türkiyənin sülh danışıqlarındakı rolunu dəyərləndirib.

Bizimyol.info xəbər verir ki, Mario Draqi əvvəlcə Rusiya prezidenti Vladimir Putinlə etdiyi telefon danışığına toxunub.

“Müharibə başlayandan bəri Putinlə görüşə bilməmişik. Mən müvəqqəti də olsa atəşkəsin nə vaxt olacağını soruşdum, amma prezident Putin dedi ki, şərait yetişməyib. Amma bu gün Mariupolda humanitar dəhliz xəbəri gəldi”.

Putinin Ukrayna prezidenti Vladimir Zelenski ilə görüşə hələ hazır olmadığını dilə gətirən Draqi, Putinin təbii qaz ödənişlərinin rublla edilməsi tələbi ilə bağlı fikirlərini səsləndirib.

“Razılaşmalar avro və dollarla edildiyi üçün rublla ödəniş qəbul edilmir. Təbii ki, biznesin bir valyutada aparılması həmin valyutanı gücləndirir, çünki ona daha çox tələbat var”.

Konfrans zamansı Türkiyənin Ukrayna və Rusiya münasibətlərindəki rolu ilə bağlı sualı cavablandıran Draqi bildirib ki, Türkiyə geostrateji mövqeyi və münaqişənin bütün tərəfləri ilə əlaqələri sayəsində sülhlə nəticələnə biləcək danışıqlar prosesinin başlanmasında çox mühüm rol oynayır.

“Burada bütün ölkələr bu istiqamətdə Türkiyə ilə əməkdaşlığa hazırdır. Bu çərçivədə İtaliya, Türkiyə və Fransanın görüşü ilə bağlı razılığa gəldik”.

Üç ölkənin nə vaxt görüşəcəyinin müəyyən edilmədiyini və tarixin önümüzdəki həftələrdə dəqiqləşdirilməsinin lazım olduğunu dilə gətirən Draqi Türkiyə ilə əlaqələrlə bağlı fikirlər səsləndirib.

“Ümumiyyətlə, atılan bəzi addımların təsiri ilə münasibətlər çox yaxşılaşdı, lakin hələ çox iş görülməlidir”,- deyə vurğulayıb.

Leyla, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »