Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
10 yaşlı Nərminlə bağlı cinayət işi: “Meyiti başqa yerdə yandırıb, əyninə paltar geyindirib gətirib ora atıblar”
10 yaşlı Nərminlə bağlı cinayət işi: “Meyiti başqa yerdə yandırıb, əyninə paltar geyindirib gətirib ora atıblar”

Tovuz rayonunun Dondar Quşçu kəndində 2019-cu ilin noyabrında 10 yaşlı Nərmin Quliyevanın itkin düşməsi, 47 gün sonra kənddə yandırılmış meyitin tapılmasıyla bağlı məhkəmə araşdırmaları bir ilə yaxındır ki, davam edir. Bu iş Gəncə Ağır Cinayətlər Məhkəməsində araşdırılır.

Bizimyol.info xəbər verir ki, budəfəki məhkəmə iclasında azyaşlını oğurlayıb öldürməkdə ittiham olunan İlkin Süleymanovun əmisi oğlu Murad Süleymanov ifadə verib. O, keçmiş polis əməkdaşıdır, əvvəllər Tovuz rayon Polis Şöbəsinin Post-Patrul bölüyünün polis nəfəri olub.

Dondar Quşçu kəndində meyitin yandığını görənlərdən biri də Murad Süleymanov olub. Yanğın onların evinin yaxınlığında, kənd sakini Nazim Vəliyevin hasarının çöl tərəfində baş verib. Nazim Vəliyev eyni zamanda, Muradın dayısıdır.

Yanğını ilk görən İlkin Süleymanov dərhal Nazim Vəliyevə xəbər verib, polis əməkdaşı olduğuna görə onlar daha sonra Murad Süleymanovu çağırıblar. Bu, 2020-ci il yanvarın 6-da, axşam saat 20.00 radələrində baş verib.

Murad Süleymanov deyir ki, həmin gün övladının ad günü idi, qohumlar onlara gəlmişdi: “İlkinin telefonundan zəng gəldi, səhv eləmirəmsə, dedi ki, yanğın var. Çıxdım, gedib baxanda ayaqlarından başa düşdüm ki, insan meyitidir. Əsasən meyitin qarın nahiyəsi yanırdı. Bir az da qol nahiyələrində alov vardı. Dərhal bölük komandirimə zəng elədim. O bildirdi ki, Bakıya gedir, rəisə xəbər verim. Sonra Tovuz rayon Polis Şöbəsinin rəisi Şirzad Əsgərova zəng elədim. Şirzad Əsgərov soruşdu ki, meyitin üstündə qırmızı kurtka var? Yaxınlaşıb diqqətlə baxanda gördüm ki, meyitin yanında qırmızı kurtka var”.

Murad Süleymanov bildirib ki, az sonra Post-Patrul bölüyünün əməkdaşları, daha sonra Şirzad Əsgərov və Şahlar Cəfərov gəlib. Şirzad Əsgərovun göstərişiylə İlkin Süleymanovu polis şöbəsinə aparıblar.

Meyiti üstünə torpaq tökərək tez söndürdüklərini deyən Murad Süleymanov əlavə edib ki, hadisə yerində qətiyyən iy yox idi. Ötən məhkəmə iclasında dindirilən Nazim Vəliyev də yanğın iyi olmadığını demişdi.

İlkin Süleymanova qarşı əsas arqumentlərdən biri budur ki. o, yanğını telefonla videoya çəkib. Murad Süleymanov bildirib ki, İlkinə görüntüləri lentə almasını onlar deyib. Məqsəd də istintaqa kömək etmək olub: “Bizə iş yerində də demişdilər ki, hansısa hadisə olanda çəkin. Fikirləşdik ki, hadisənin necə baş verdiyini bilmək baxımından istintaqa lazım olar. Ona görə İlkinə dedik, o da çəkdi...”

Murad Süleymanovun dindirməsi aprelin 6-da davam edəcək.

Əlibaba Rzayev Əlibaba Rzayev

İlkin Süleymanovun vəkili Əlibaba Rzayev meyit yandığı yerdə iy olmamasının səbəblərilə bağlı müəyyən şübhələr olduğunu deyir. Vəkil Bizimyol.info-ya bildirib ki, həmin meyitin başqa yerdə yandırılıb, sonradan gətirilib ora atıldığını düşünmək üçün yetərincə başqa əsaslar da var. Müdafiəçinin fikrincə, yandırılmış meyitin yanına geyimlərin atılması da təsadüf deyil. Məqsəd bu olub ki, tanınmaz halda olan meyitin Nərmin Quliyeva olduğu anlaşılsın: “İnsan meyiti, hətta heyvan cəsədi yanırsa, iy gəlməlidir. İy gəlmirsə, deməli, başqa səbəblər var. Biz ehtimal edirik ki, o meyit əvvəl başqa yerdə yandırılıb, sonradan əyninə paltar geyindirilib ora gətirilib və orada təkrar yandırılıb. İddia olunur ki, meyit 5 dəqiqə 40 saniyə yanıb. Bu müddətdə meyitin o cür kömürləşmə həddində yanması mümkün deyildi. O həddə yanma üçün ən azı, yarım saata qədər vaxt lazım idi. Necə ola bilər ki, meyitin arxası torpağın üstündə olub, amma həm ön, həm də arxa tərəfdən eyni dərəcədə yanıb? Yaxud da meyitin bədəni kömürləşib, amma əyində olan paltar yanmayıb?”

İlkin Süleymanovun yaxınları vurğulayıb ki, meyitin cinsiyyət orqanı olan nahiyəsi tam yandırılıb.

“Bu da səbəbsiz deyildi. Əvvəl plan belə olub ki, İlkini uşağa təcavüz edib, sonra onu öldürüb yandıran manyak kimi təqdim eləsinlər. Sonradan təcavüz versiyası istisna olunanda çıxılmaz vəziyyətdə qaldılar. Əgər meyiti yandırmaqda İlkinin məqsədi onu tanınmaz hala salmaq idisə, niyə paltarları meyitin yanına aparıb atırdı? Deməli, o meyiti ora atanlar həmin paltarlar vasitəsilə “bu Nərmindir” mesajını vermək istəyiblər. Təsadüf deyil ki, Nərmin Quliyevanın qohumları gəlib məhkəmədə itkin düşən gün uşağın əynində olan paltarları sadalayırlar. Onlar hardan bilirdilər ki, Nərmin itkin düşəcək, həmin gün onun əynində olan köynəkdən tutmuş, ayaqqabı naxışına qədər hamısına diqqətlə baxıb yadda saxlayırdılar? Əmisi arvadı Nailə Quliyeva istintaqa ifadələrində deyir ki, qızının toyunun səhəri başı yır-yığışa qarışıq olduğuna görə Nərmin onun ərinin gödəkçəsini gətirib qaytaranda uşağı görməyib. Amma məhkəmədə gəlib paltarları sadalayır. Hələ onu demirəm ki, bu qadın ya məhkəmədə, ya da istintaqda yalan danışıb. Görməyibsə, paltarlar necə yadındadır? Görübsə, niyə istintaqdakı ifadələrində onu görmədiyini deyib? Deməli, bunları öyrədirlər ki, gedin, məhkəmədə belə danışın...”, - İlkin Süleymanovun qardaşı Adil Süleymanov bildirib.

1973-cü il təvəllüdlü İlkin Süleymanov Nərminin atası Şərif Quliyevlə sinif yoldaşı olub. İttihama əsasən, o, keçmiş məktəb yoldaşının ailəsi, uşaqları olduğuna görə onu qısqanıb və bu səbəbdən qızını oğurlayaraq öldürüb.

İlkin Süleymanova qarşı Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla qəsdən adam öldürmə), 120.2.9 (təqsirkar şəxs üçün aşkar surətdə köməksiz vəziyyətdə olan adamı qəsdən öldürmə), 144.3 (adam oğurluğu) və başqa maddələrilə ittiham olunur. Lakin o, azyaşlının ölümünə aidiyyəti olmadığını deyir. İlkin ifadəsindəki etirafa gəlincə, o bildirib ki, 2020-ci il yanvarın 6-dan 10-na qədər Tovuz rayon Polis Şöbəsində işgəncəyə məruz qalıb. Dörd gün sonra işgəncələrə dözməyərək, etiraf ifadəsinə imza atmağa məcbur olub.

Baş Prokurorluq isə onun işgəncə iddialarını təkzib edib. Vəkillərin bu barədə şikayətlərinə cavab olaraq, işgəncə faktının təsdiqini tapmadığı bildirilib və işgəncə ilə bağlı cinayət işi başlanması rədd edilib.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »