Ramazan ayı müqəddəsliyi ilə digər aylardan seçilir. Ramazan ayını bu qədər müqəddəs, sevincli ay edən nədir?
Azərbaycan İlahiyyat İnstitutunun müəllimi, fəlsəfə doktoru İbrahim Quliyev Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Ramazan ayı Quran-i Kərimin nazil olduğu, insanların günahlardan təmizləndiyi, şeytanların zəncirləndiyi, Cəhənnəmin qapılarının bağlandığı və nəhayət, İlahi rəhmət ayıdır. Ramazan ayının gəlişi müsəlmanların sevincinə səbəb olan bir aydır. Bəlkə də bu səbəbdəndir ki, Ramazanın gəlişini həsrət və sevinclə gözləyən həzrət Peyğəmbər buyurmuşdur: “İlahi, bizi Ramazan ayına çatdır.”

İ.Quliyev bildirir ki, Ramazan sözü “yandırıb məhv edən” və yaxud da “payızın ilk yağışı mənasındadır. Bu adın Ramazan ayına verilməsinin səbəbi, bəlkə o ayda insanların günahlarının silinməsi və ya yuyulub aradan aparılmasına görədir. Çünki od odunu necə yandırıb yox edirsə, payızın ilk günlərində yağan yağış yay boyu təbiətə qonmuş toz-torpağı necə yuyub aradan aparırsa, Ramazan ayında da insanların günahları eləcə silinib yox edilir. Öz günahlarının bağışlanmasını bilən şəxs özünü hamıdan xoşbəxt hiss edir, öz mənəviyyatında sanki “təmizlənmə işinin” aparıldığını görüb çox sevincək olur. Bunda görə də Allahın Peyğəmbəri, “Əgər bəndə Ramazan ayının qiymətini bilərsə, ilin başdan-başa Ramazan olmasını diləyər” - deyib.
Ramazan ayı həm də xeyir-bərəkət ayıdır. Bu ayda müsəlmanlar Uca Allahın qonağı hesab olunurlar. Ramazan yeganə aydır ki, insan hər halında – yatarkən, yeriyərkən, yeyib-içərkən belə ibadət etmiş kimidir: “İmam Əli, Ramazan öncəsi həzrət Peyğəmbərin bütün səhabələrini bir yerə toplayıb belə buyurduğunu nəql edir: “Ey insanlar! Həqiqətən bərəkət, rəhmət və bağışlanmaq ayı sizə doğru gəlməkdədir. Bu ay Allahın yanında ən üstün ay, günləri ən yaxşı günlər, saatları isə ən yaxşı saatlardır. Bu ayda siz, Allahın qonaqlığına dəvət olunmusunuz və Allahın kəramətindən bəhrələnənlərin cərgəsində dayanmısınız. Bu ayda sizin nəfəsləriniz Allaha təsbih, yuxunuz ibadətdir, əməlləriniz qəbul, dualarınız müstəcəbdır.”
Mən qalxıb dedim: “Bu ayda ən yaxşı əməl nədir?” Allahın Peyğəmbəri buyurdu: “Ey Əbəlhəsən! Bu ayda ən yaxşı əməl, özünü Allahın haram etdiklərindən çəkindirməkdir.”
Bu hədis həm də onu göstərir ki, “Hər bir şəxs, Ramazan ayında özünü daha çox qorumalı və Uca Allahın haram buyurduğu hər bir əməldən çəkinməlidir. Əks halda, onun günahları da ikiqat olacaqdır”.
İ.Quliyev Ramazan ayında ayrılan fitrə ilə bağlı da fikirlərini bildirib. O, qeyd edib ki, fitrə lüğətdə “orucu açma” və “yaradılış” mənasını verir. Fitrə zəkatı Ramazan bayramına çıxan və müəyyən miqdar mala sahib olan müsəlmanların özləri və öhdəliyində olan kəslər üçün icra etdikləri bir vergidir. Fitrə zəkatı Ramazan ayının bitməsi ilə vacib olur. Bu bir şəri vəzifə olduğundan onun tərk edilməsi günahdır. Fitrə zəkatı yalnız müsəlman, azad və fitrə verə biləcək mala sahib olan şəxsə vacibdir.
“Fitrə zəkatının verilmə vaxtı ramazan bayramı günü, yəni şəvval ayının biri, ramazan bayramı namazından qabaq verilməlidir. Fitrə zəkatının verilməsinin bir çox hikmətləri vardır. Bunların arasında ən mühimi isə bayram günü yoxsulları sevindirmək və orucun naqis olmasını bunun vasitəsilə aradan qaldırmaqdır. Hədis mənbələrində belə rəvayət edilir ki, Həzrəti Peyğəmbər fıtrə zəkatını oruc tutanı boş söz və hərəkətlərdən qorumaq və kasıbları doyurmaq üçün vacib etmişdir. Hər kim onu bayram namazından əvvəl əda etsə, məqbul bir zəkat olar. Əgər namazdan sonra əda etsə, sədəqələrdən bir sədəqə olmuş olar.”
İlahiyyatçının sözlərinə görə, fitrə zəkatının miqdarı buğda, arpa və ya kişmişdən 3 kiloqramdır. Fitrə zəkatını verən şəxs istəsə bunların pulunu hesablayaraq da verə bilər. Özünün və ailəsinin illik xərclərinə sahib olmayan, onun və ailəsinin xərclərini təmin edəcək bir qazancı da olmayan şəxs fağır sayılır və onun fitrə zəkatı verməsi vacib deyildir.
İlahin, Bizimyol.info

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.
İstiqamət: 6.3.15. dini və milli tolerantlıq, millətlərarası münasibətlərin inkişaf etdirilməsi.