Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"MİDA qara bazara çevrilib" - 5 saniyədə satılan evlərin sirri
"MİDA qara bazara çevrilib" - 5 saniyədə satılan evlərin sirri

Mənzil İnşaatı Dövlət Agentliyi (MİDA) tərəfindən inşa edilən güzəştli evlərin satışının ikinci mərhələsi başa çatdı. Agentliyin məlumatına görə, 442 mənzilin seçimində 8939 nəfərin iştirak etdiyini açıqlayıb. Amma mənzillərin satışı çıxarıldıqdan sonra bir neçə saniyə ərzində satılması kütləvi narazılıqlara səbəb olub. Bu barədə sosial şəbəkələrdə kütləvi narazılıqlar öz əksini tapıb, müzakirələr aparılıb.

Mütxəlif ekspertlər, proqramçılar sistemin düzgün qurulmadığını və mənzillərin bu qədər tez, yəni 5 saniyədə satışın imkansız olduğunu iddia edir.

Azərbaycan İnternet forumunun prezidenti Osman Gündüz Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, MİDA istifadəçilərin onlayn satış prosesini test etməsi üçün bir ay əvvəl demo versiya aktiləşdirmişdi. Daha əvvəlki satışlara Osman Gündüz nəzarətçi kimi dəvət edilmiş olsa da, maraqlısı budur ki, bu dəfə dəvət edilməyib. Onu da qeyd edək ki, mənzillərin satış prosesini bir neçə dövlət qurumu izləyir. Belə olan halda, iddia edilən 5 saniyəlik satış hardan meydana gəldi?

MİDA-nın açıqladığı statistikaya gəldikdə isə, Osman Gündüz qeyd edir ki, sosial mediada olan narazılıq və qeyd edilən 3-5 saniyə söhbəti arasında fərqlər var. Belə ki, statistikaya görə, mənzil seçimi 6 saniyədən sonra başlayıb və daha çox mənzil seçimi 10-12 saniyələrdə olub. Statistikaya görə 11-ci dəqiqədə də mənzil seçimi olub. Ekspert qeyd edib ki, ola bilər ki, MİDA-da güzəştli mənzil sisteminin təhlükəsizliyinə cavabdeh olanlar demo versiyanın statistikasından da istifadə ediblər. Yəni demo test edənlərin zəif nöqtələrini incələyərək, süni üsullarla 2-5 saniyədə mənzil seçmə metodlarını analiz edərək, real tədbirlər görüblər.

“Belə çıxır ki, MİDA demo verisyanı həm də sistemin zəif nöqtələrini müəyyən etmək üçün yayımlayıbmış”.

Ekspert MİDA-nın qeyd edilən narazılqlarla bağlı açıqlama verəcəyinə ümid edib. Ancaq belə olmadı. Bizimyol.info xəbər portalının mövzu ilə bağlı sorğusu da daxil olmaqla bir çox sorğulara cavab olaraq eyni şablon mətin göndərildi:

“Mənzil İnşaatı Dövlət Agentliyinin növbəti layihəsi – Yasamal Yaşayış Kompleksinin ikinci mərhələsində yerləşən 442 mənzilin ipoteka kreditindən istifadə etməklə, həm də öz vəsaiti hesabına ödəniş üsulu ilə güzəştlə satışı prosesinə 30.03.2022-ci il tarixində saat 11:00-da başlanılmış və mənzillərin seçimi qısa müddətdə uğurla başa çatdırılmışdır”.

Xatırladaq ki, bir neçə il öncə də, MİDA-nın mənzil seçimi prosesi zamanı sistemində texniki problemlər yaranmış və bu cəmiyyət arasında böyük narazılıqlara səbəb olmuşdu. Əksər insanlar MİDA-da mənzil seçimi və ya mənzil almağı xüsusi yollarla aparıldığını düşünür. Hətta MİDA-nın da qara bazara çevrildiyini iddia edirlər.

Osman Gündüzün fikrincə, MİDA öncədən sistemin təkmilləşdirilməsi, şəffaflığın gücləndirilməsi, ağlabatan nəzarət mexanizmlərinin tətbiqi və alternativ satışla bağlı açıqlamaları cəmiyyətə təqdim etməlidir. Agentlik isə, hansı şəraitdə hazırlandığı cəmiyyətə müəyyən olmayan statistikanı təqdim etməklə işi bitmiş hesab edir.

Qeyd etdiyimiz kimi bu MİDA-nın fəaliyyətində ilk qaranlıq məqam deyil. Bu kimi məqamlar dövlət agentliyinin fəaliyyətinə kölgə salır, vətəndaşlarda dövlət qurumlarına qarşı inamsızlığı daha da gücləndirir.

  • Vətəndaşların ümid yeri hesab edilən MİDA, vətəndaşın gözündə niyə qara bazara çevrilməlidir?
  • Niyə agentlik bütün məlumatları şəffaf şəkildə təqdim etmir?

Qeyd edilir ki, mənzillərin satışı prosesi xüsusi dövlət qurumları tərəfindən izlənilir. Belə olan halda agentlik öz fəaliyyətindən şübhə etməyərək, bütün statistikanı və bütün məlumatları şəffaf şəkildə təqdim etməlidir. Sorğuya verilən cavab isə çox gülüncdür. Standart cavab... Yəqin bu cavabı hələ mənzillər satılmamışdan öncə hazırlayıblar ki, jurnalistləri hansısa bir şəkildə "susdura" bilsinlər.

İKT mütəxəsisi Elman Mütəllim Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, o yaxını üçün mənzil almaq istəsə də, saytda öncədən planlaşdırılmış texniki problemlər əngəl yaradıb:

“Fiziki olaraq bəllidir ki, bir insanın 3-5 saniyə ərzində mənzil seçməsi mümkün deyil. Maksimal müddət 8-9 saniyədir ki, bu periodda mənzillər götürülə bilir. Ancaq biz 5-ci saniyədən sonra sistemin bloklandığının fərqinə vardıq”.

Bir dövlət qurumu dövlətin fəaliyyətinə bu şəkildə kölgə salıb, vətəndaşlarda inamsızlıq, narazılıq yarada bilirsə, hesab edirəm ki, dövlət başçısı şəxsən bu məsələyə nəzarət etməlidir. Çünki bu MİDA-nın ilk qüsuru deyil. Daha əvvəl də buna bənzər problemlər yaşanıb. Bu gün MİDA-nın satışa çıxardığı mənzilləri alan şəxslər araşdırılmalıdır. MİDA-nın satdığı evlər xüsusi kateqoriyalar üçün nəzərədə tutulubsa, mənzillər alan şəxslərin kimliyini müəyyən etməklə, cəmiyyətə düzgün məlumatlar çatdırmaqla MİDA öz üzərində olan bu güvənsizlik damğasını aradan qaldırıla bilər. Bu prosesə, Əmlak Komitəsi və İpoteka prosesinə cəlb edilmiş banklar da qoşulmalıdır. Və ən əsası, MİDA-nın mənzil seçimi sisteminə cəmiyyətin inandığı şəxslər nəzarət etməlidir və ya bu sistem cəmiyyətə açıq olmalıdıri. İndiki durumda MİDA-nın mənzil satışı "Qaynana" filmində “piştaxta altından qalstuk satmağa” bənzəyir.

“Məsələ ilə bağlı agentliyə sorğu göndərdik, cavab verilərsə sizə çatdıracağıq” - cümləsini bu dəfə başqa şəkildə yazıram. Çünki verilən cavab o qədər şablondur ki, cavaba baxıb başını bulamaqdan başqa çarən qalmır. Məncə, ən azı fəaliyyəti şəffaf olan qurum iddialar cavab vermək üçün hazır olmalı idi. Yoxsa verilən cavab, lətifəsi bizdən uzaq “yesən də budur, yeməsən də” fikrinə bənzəyir. MİDA bir sorğuya şəffaf şəkildə cavab verə bilmirsə, siz bir də mənzil satışını düşünün...

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »