Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
İmtahanlar ərəfəsində artan intihar dalğası – Günahkar kimdir?
İmtahanlar ərəfəsində artan intihar dalğası – Günahkar kimdir?

30 mart axşam saatlarında paytaxtın Yasamal rayonunda intihar hadisəsi baş verib. Məlumata görə, intihar edən şəxsin 15 yaşı olub. O, qonşuluqdakı binanın doqquzuncu mərtəbəsinə çıxaraq blokun pəncərəsindən özünü yerə atıb və hadisə yerində vəfat edib.

İlkin məlumata görə, Z.C (şərti ad və soyad) qarşıda gözlənilən imtahandan az bal yığacağını, zəif nəticə göstərəcəyini ehtimal edərək stress keçirib. Bundan öncə də sınaq imtahanlarında istədiyi qədər bal toplaya bilməyən şagird imtahandan da keçə bilməyəcəyini düşünürmüş. 15 yaşlı gənc qızın psixoloji gərginlik altında intihar etdiyi bildirilir.

Qeyd edək ki, bu cür intihar halı ilə ilk dəfə rastlaşmırıq. Demək olar ki, hər il buraxılış və qəbul imtahanları zamanı bu cür intiharlara rast gəlinir.

Şagirdlərin, abituriyentlərin imtahan ərəfəsində bu cür psixoloji gərginlik keçirmələrinə səbəb nədir və ya kimlərdir?

Psixoloq Fərqanə Mehmanqızı Bizimyol.info-nun suallarını cavablandıran zaman bildirib ki, buna əsas səbəblərdən biri odur ki, cəmiyyətin basqısı ailə üzərində, ailənin basqısı isə övladları üzərində olur.

“Unuduruq ki, biz həyata necə baxsaq, ətrafımızdakılar da o şeyə eyni baxır. Biz övladımızı “universitet sənin üçün çox önəmlidir”, “bu sənin həyatında bir mərhələrdir”, “ o sənin həyatının açar nöqtəsidir” kimi fikirlərlə yükləməsək, övladımız da məsələyə səthi yanaşacaq. Ətrafın basqısına qarşı bir immuniteti olacaq.

Ailələr övladı üçün nə yaxşıdı onu düşünsə, övladı ilə arasında olan münasibətə daha olqun yanaşsa, o zaman övladını cəmiyyətdən qoruyacaq. İlk əvvəl ailə özü anlamalıdır ki, universitet uşağa nə dərəcədə faydalıdır. Heç kim özünü aldatmasın. Bu gün hamımız yaxşı bilirik ki, ali təhsilli olan necə faiz insan işsizdir, necə faiz insan öz ixtisası üzrə çalışır və s”.

Psixoloqun sözlərinə görə, digər tərəfdən isə empati, psixoloji alyans olmadığı üçün gənclərdə mənəvi aclıq yaranır.

“Bu mənəvi aclıq gənclərdə “universitetə girim ailəm tərəfindən sevilim” şəklində ortaya çıxır. Universitetə daxil olma şansının da düşük olduğunu gördükdə isə belə gənclər intihara meyl edirlər.

Valideynlərdən soruşsaq, deyəcəklər ki, “biz övladımızı sevirik”, “onun yaxşılığı üçün edirik”. Amma bu belə deyil. Biz düşünürük ki, uşağa lazımdır. Amma gəlin uşaqdan öyrənək görək uşaq nə istəyir? Bəli, hər bir uşaq öz üzərinə düşən vəzifələri yerinə yetirməli, dərslərini oxumalı, sağlam şəxsiyyət kimi yetişməlidir. Amma bu, onun həyatı hesabına olmalı deyil.

Biz uşaqlarımıza körpəliyindən kitab oxumağı adət halına gətirsək, inanın ki, uşaqlarınıza “dərs oxu” deməyəcəksiniz. Artıq övladınızda kitab oxumaq vərdiş hal alacaq”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »