Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
9 uşaqlı Azərbaycan ailəsi Avropadan vətənə qayıtmaq istəmir
9 uşaqlı Azərbaycan ailəsi Avropadan vətənə qayıtmaq istəmir

Ukrayna müharibəsi Avropada siyasi mühacirət məsələsinə münasibəti dəyişib. Köhnə qitənin yükü birdən-birə çox artıb. Düzdür, buna qədər də proses mürəkkəbləşmişdi. Xüsusilə pandemiya dövründə Almaniya hökuməti dözümsüz yanaşmağa başladı. Xeyli azərbaycanlı miqrant vətəninə qaytarıldı. Qayıtmaq istəməyənlərin arasında özünü öldürməyə cəhd edənlər də oldu. Həmin şəxslərdən biri üç il əvvəlki intihardan sonra hələ də Avropada qalmağa ümid edir.

Bizimyol.info xəbər verir ki, Fransanın Mon-de-Marsan şəhərində yaşayan Səbuhi Hüseynov 2019-cu ilin fevralın 4-də Almaniya hökumətinin deportasıya qərarına etiraz olaraq damarını kəsmişdi. Buna görə mühacirin ailəsi ilə birlikdə dərhal yola salmaq qərarını təxirə salmışdılar.

Mühacirin həyat yoldaşı Könül Hüseynova həyat yoldaşının Azərbaycanda təzyiqlərlə üzləşdiyini bildirmişdi. Səbuhi Hüseynov “KamAZ” sürücüsü olub, işsiz və pulsuz qalandan sonra ailəsi ilə Almaniyaya üz tutub. Bir müddət Kassel şəhərində yaşayıblar. Amma üç il əvvəl məhkəmə Hüseynovlar ailəsi ilə bağlı deportasiya qərarı çıxarıb. Səbuhi Hüseynov damarını doğramaqla prosesi dayandırıb. Yubanmadan istifadə edən ailə Fransaya getməyə imkan tapıb. Mon-de-Marsan şəhərindəki macəra da uğursuz nəticələnib. Fransa hökuməti ailəyə daimi yaşayış hüququ vermək istəmir. Ailə isə Azərbaycana qayıtmağı arzulamır.

Fransa hökuməti daha Hüseynovlara heç bir yardım etmir. Onlar kirayədə yaşamaq məcburiyyətində qalıb. Ailənin başçısı əmək müqaviləsi olmadan işləyir. Qazancın böyük hissəsi kirayə haqqının ödənilməsinə gedir. Azərbaycanlılar çox çətin şərtlərlə yaşamalı olur.

Hüseynovlar Avropaya yollananda ailədə 7 uşaq böyüyürdü. 2020-ci ilin avqustunda 8-ci övlad dünyaya gəlmişdi. Bir neçə gün əvvəl 9-cu uşaq doğulub. Qayğılar bir az da artıb. Ailə ümidini itirmək istəmir. Hüseynovlar inanır ki, Fransa hökuməti burada iki uşağın doğulmasını nəzərə alaraq, daimi yaşayış hüququ məsələsində güzəştə gedəcək.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »