Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Novruz Əzimov: "Malta və Latviyaya uduzmaq biabırçılıqdır"
Novruz Əzimov: "Malta və Latviyaya uduzmaq biabırçılıqdır"

"Malta və Latviya kimi yığma komandalara uduzmaq biabırçılıqdır".

Bunu "Report"a açıqlamasında futbol veteranı Novruz Əzimov Azərbaycan millisinin yoldaşlıq oyunlarındakı 0:1 hesablı son məğlubiyyətləri barədə danışarkən deyib.

62 yaşlı mütəxəssisin fikrincə, bu iki yığmaya uduzmaq üçün əcnəbi baş məşqçi gətirmək lazım deyil: "Bunu daha əvvəl də demişəm. Nikola Yurçeviç millidə olanda söyləmişdim ki, komandanın yerli mütəxəssisə tapşırılması daha məqsədəuyğundur. Amma bu məsələ daha yuxarı səviyyədə həll olunur. Sözsüz ki, belə məğlubiyyətlərin səbəbləri var. Bütün bunlar onların özlərinə məlumdur. Analiz etsələr, harada səhvlər buraxdıqlarını görəcəklər. Ondan sonra nələrisə dəyişmək olar".

Əzimov bildirib ki, Canni De Byazi baş məşqçi postundan indi getsə, daha "urvatlı" olar: "Öz xoşu ilə getməsə təzminat tələb edəcək. İstefaya göndərilsə, ona müəyyən məbləğ ödənilməlidir. Hazırda onu işindən azad etmək mümkün deyil, gərək kompensasiyasını ödəyəsən. De Byazini gətirməklə də səhvə yol veriblər".

Əzimov millidə müəyyən problemlərin olduğunu söyləyib: "Gördüklərimə əsasən deyə bilərəm ki, bizim ölkənin yığması komanda deyil. Biri var milli komanda, biri də var ki, yığma komanda. Bu, bizim istədiyimiz komanda deyil".

Keçmiş müdafiəçi millidə yerli baş məşqçinin işləməli olduğunu diqqətə çatdırıb: "Komandanın daxilində futbol mühiti yoxdur. Uğursuz çıxışın əsas səbəblərindən biri də məhz elə budur. Buna görə nəticə qazana bilmirik. Kollektivdə komanda ruhu mövcud deyil. Yaxşı futbolçular var, amma komanda yoxdur. Burada isə müxtəlif amillər var. Mən komandanın daxilində olmadığım üçün bunu deyə bilməyəcəyəm. Amma görürəm ki, bu, komanda deyil və Azərbaycan yığması komanda şəklində oyun göstərə bilmir".

Veteran futbolçunun sözlərinə görə, uğursuzluğun səbəbləri araşdırmalı və bir nəticəyə gəlməlidirlər: "Oyunçuların istəksiz olmalarının səbəbini bilmirəm. Komandaya can yandırılmır. Amma mən orada olmaya-olmaya onların daxili işlərindən danışa bilmərəm. Yenə də deyirəm: İstənilən atmosfer yoxdur və komanda şəklində fəaliyyət göstərə bilmirlər. Belə davam etsə, nəticə də olmayacaq. Bəlkə də daxildə nələrsə baş verir, amma bundan məlumatsızam. Baş məşqçi ilə futbolçuların fikirləri də üst-üstə düşməyə bilər".

Əzimov yığmada köklü dəyişikliyin tərəfdarı olduğunu söyləyib: "Bunu siz və ya mən etməliyəm? Köklü dəyişikliyi yalnız AFFA rəhbərliyi edə bilər. Hazırda yığmanın sükanı arxasında azərbaycanlı baş məşqçi olsaydı, bu nəticələrdən sonra hamı qışqırardı ki, postunu tərk etsin. İndi sual verirəm: Nəyə görə Qurban Qurbanovu o vaxt işdən çıxartdılar? Qurban Qurbanov işləyəndə ona heç kim kömək etmədi. Elə hay-həşir saydılar ki... Deməli, indi də Canni De Byazi getməlidir. Düzgün və ədalətli baş məşqçi seçimi olmalıdır".

"Bakı" klubunun sabiq baş məşqçisi "Qarabağ"ın yarımmüdafiəçisi Qara Qarayevin Latviya ilə matçda qırmızı vərəqə almasına da toxunub: "Məncə, baş hakim orada qırmızı vərəqə verməməli idi. Rəqib oyunçu kənara gedirdi. Hakimlər daha yaxşı bilər, amma düşünürəm ki, "qırmızı"lıq epizod yox idi. Qaranın orada hansısa aqressiv hərəkətini də görmədim".

Mütəxəssis son olaraq yığmanın kapitanı Maksim Medvedevin Lativiya ilə görüşdən əvvəl mətbuat konfransında "Psixoloji və media tərəfdən üstümüzə hücumlar gəlir" ifadəsinə də münasibət bildirib: "Onda gərək Türkiyədə futbol olmasın? Orada jurnalistlər məşqçiləri, futbolçuları hər oyundan sonra "yıxıb-sürüyür". Jurnalistlərin də işi sağlam tənqid etməkdir. Futbolçuların hər biri isə bundan düzgün nəticə çıxartmalıdır. Təbii ki, təhqir olmamalıdır. Ola bilər ki, tənqidlərin bəziləri yalnış olsun, amma idmançı buna da əhəmiyyət verməməli və idmançı xarakteri varsa, öz oyununu fikirləşməlidir. Bu tənqidlər nisbətən cavanlara təsir edə bilər. Amma peşəkar futbolçuya təsir etməməlidir".

Son xəbərlər
Bütün xəbərlər »