Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Tikinti şirkəti tələbləri hesablayanda başa düşür ki, gəlir sərfəli deyil"
"Tikinti şirkəti tələbləri hesablayanda başa düşür ki, gəlir sərfəli deyil"

Nazirlər Kabinetinin 86 saylı qərarından sonra Bakıda bir söküntü bumu yaşanmağa başlanmışdı. Sonra bu vətəndaşların həyatının kabusuna çevrilmiş qərar ləğv edildi. Bir ara tikinti bazarında durğunluq da müşahidə edildi. Amma başıbəlalı qanunun verdiyi zərərlər uzun illər öz həllini tapmamış olaraq qalır. Vətəndaşlar tikinti şirkətlərinin özbaşınalığı ilə bağlı məhkəmələrə, ölkə başçısına bu gün də müraciətlər ünvanlayır.

Bu günlərdə, Sabunçu rayonu, Nazim İsmayılov küçəsində yerləşən bina sakinləri eyni problemi yaşamağa başlayıb. Yəni onların yaşadığı bina, sakinlərin hamısı ilə razılaşdırılmamış sökülə bilər. Burada yaşayan bəzi sakinlər eyni şəxslərin 3 fərqli şirkət – “Olympus Park”, “Almond Park”, “Qafqaz Construction” adı ilə onları köçürməyə gəldiyini deyir. Artıq bina hasarlanıb. Yəni bu o deməkdir ki, “razı olsanız da olmasanız da sökəcəyik”…

Xüsusilə qeyd edək ki, bina qəzalıdır və sökülməlidir. Amma vətəndaşa kim zəmanət verə bilər ki, mənzili artıqlaması ilə yəni 20 kv əlavə ilə geri qaytarılacaq? Heç kim… Biz bu kimi halları uzun illərdir ki, müşahidə edirik.

Elnur Fərzəliyev Elnur Fərzəliyev

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, bu gün təkcə Bakı şəhərində minlərlə istismar müddətini bitirmiş qəzalı vəziyyətdə olan 2-3 mərtəbəli binalar var. Bu binalardan 100-dən çoxu Fövqəladə Hallar Nazirliyi tərəfindən qəzalı kimi qeydə alınıb. Qəzalı binalar zamanla mərhələli şəkildə sökülərək, yeni binalar tikilir.

Ekspert vurğulayıb ki, 2016-cı ildə məhz 86 saylı qərardan sonra yeni binaların tikilməsinə start verilib: “Ancaq son zamanlar pilot layihələr üzərindən yeni binaların tikilməsi ləng gedir. Bunun isə səbəbləri müxtəlifdir. Bazarda qiymətlərin tənzimlənməməsi, tikinti materialları bazraında qiymətlərin artması və s. səbəblər var. Bir binanın qəzalı olması ilə bağlı aidiyyatı dövlət qurumu rəy verir. Digər tərəfdən həmin binanın yerində yeni binanın tikilməsi üçün bütün dövlət qurumlarında sənədləşdirmə işləri aparılır. Sərəncamlar, icazələr alınır və təsdiqlənir. Lakin vətəndaşla MTK arasında problemlər yaşanır. MTK sakinlərlə görüş keçirəndə bəziləri çıxmaq istəmir, bəziləri daha böyük pullar, daha böyük kvadrat istəyir. Tikinti şirkəti tələbləri hesablayanda başa düşür ki, görülən işdən əldə edilən gəlir sərfəli deyil. Buna görə də çox hallarda tikməkdən imtina edir ki, zərərlə çıxmasın”.

Ekspertin sözlərinə görə, vətəndaşlar da bəzən öz tələblərində haqqlı ola bilirlər. Onlara məxsus mənzil sökülərək, yerinə bina tikilir və kimsə ona zəmanət vermir ki, bina sökülüb tikiləcək. Bəlkə söküləndən sonra yeni bina tikilmədi və yaxud bəlkə hansısa fors-major hadisə baş verdiyindən vətəndaş evsiz qaldı. Vətəndaşı kim evlə təmin edəcək? Bu və buna oxşar suallar ortaya çıxır.

E.Fərzəliyev deyir ki, bu tip halların yaşanmaması üçün binanın qəzalı olduğunu qeydə alan qurumlar, yerli icra hakimiyyətləri və yaxud aidiyyatı qurumların nümayəndələri vətəndaşlarla görüş keçirib onlara zəmanət verməlidir ki, bina bu tarixdə sökülüb, bu tarixdə tikiləndən sonra təhvil veriləcək. Yəni vətəndaş bilməlidir ki, hərhansı hadisə baş verdiyi zaman bu qurumlar binanın yarım qalan işlərini tamamlayıb vətəndaşlara təhvil verəcək və ya vətəndaşları mənzilə təmin edəcək. Amma indiki halda ortada zəmanət olmadığına görə, həm MTK-lar, həm də sakinlər əziyyət çəkir.

“Tikinti şirkətləri sakinlərlə görüş keçirdiyi zaman bəzi sakinlər bütün problemlərini şirkətə yükələmək istəyir. Böyük pullar tələb edirlər. Bu kimi halların yaşanmaması üçün dövlət qurumları məsuliyyəti öz üzərinə götürməli, qanuna əsasən müqavilə imzalanmalıdır. Belə olarsa bu kimi problemlər yaşanmaz” - deyə ekspert bildirib.

Qeyd edək ki, mövzu ilə bağlı adı çəkilən tikinti şirkətlərinə sorğu göndərilib. Cavablandırıldığı təqdirdə, mövqeyi dərc olunacaq.

İlahin, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »