Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Modul tipli xəstəxanalar bağlanır: "Maska və sertifikat bazarı" nə vaxt bağlanacaq?
Modul tipli xəstəxanalar bağlanır: "Maska və sertifikat bazarı" nə vaxt bağlanacaq?

Yoluxma sayında müşahidə edilən azalma ilə əlaqədar olaraq Azərbaycanda bəzi pandemiya müəssisələri və modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib. Məlumatda qeyd olunub ki, pandemiyaya qarşı mübarizə tədbirləri çərçivəsində TƏBİB-in tabeliyində olan Modul tipli xəstəxanaların fəaliyyət istiqaməti aktiv yoluxma sayının artması və azalmasına uyğun olaraq tənzimlənir:

“Respublika üzrə fəaliyyətdə olan pandemiya tibb müəssisələrində müalicə olunan xəstə sayı nəzərdən keçirilib və təhlil aparılıb. Yoluxanların sayında kəskin azalma müşahidə olunduğu üçün bütün növ resursların optimallaşdırılması və səmərəli tətbiqi məqsədilə bəzi pandemiya müəssisələrinin, o cümlədən modul tipli xəstəxanaların fəaliyyəti dayandırılıb.

Bölgələrdə və Bakıda bəzi xəstəxanalarda ənənəvi xidmət bərpa edilib”,– TƏBİB-dən bildirilib.

Modul tipli xüsusi xəstəxanalarda çalışan tibb işçilərinin sonrakı taleyinə gəlincə, qurumdan qeyd olunub ki, bu tibb personalı postpandemiya dövründə fəaliyyətlərini ənənəvi tibbi xidmətlərin göstərilməsi üzrə davam etdirəcəklər: “Burada fəaliyyət göstərənlər xəstəxanalarda çalışan həkimlər idi. Yəni heç bir həkim çalışdığı yerdən çıxarılmamışdı. Sadəcə, onlar pandemiyaya qarşı mübarizəyə cəlb olunmuşdular. Bundan sonra da ənənəvi xidmətlərin göstərilməsi üzrə fəaliyyətlərini davam etdirəcəklər”.

İnfeksionist Mərdan Əliyev məsələyə münasibət bildirən zaman söyləyib ki, pandemiyanın yaz və yay aylarında sönəcəyi ilə bağlı proqnozlar əvvəldən verilmişdi.

İnfeksionist Mərdan Əliyev Mərdan Əliyev

“Xəstəxanalarda reanimasiyalar, palatalar boşalıb. Ona görə də indiki halda modul tipli xəstəxanaların heç birinə ehtiyac yoxdur. Lakin pandemiyanın bitməsi o demək deyil ki, virus tamamilə bizim həyatımızdan çıxır. Virus var və payız aylarında müəyyən alovlanmalar olacaq. Alovlanmalar isə daha qrip şəklində olacaq. Pandemiya səviyyəsində olacağını düşünmürəm.

Gələcəkdə modul tipli xəstəxanalara ehtiyacın olub-olmaması ilə bağlı indidən fikir söyləmək çətindir. Ola bilsin ki, bir-iki modul tipli xəstəxana gələcək aylar üçün saxlanılsın”,- deə mütəxəssis bildirib.

Həkim maska və peyvənd sertifitakı məsələsinə də toxunub və bildirib ki, indiki mərhələdə bu qaydalar da aradan qaldırılmalıdır. “Maska tövsiyə xarakterli olmalıdır. Üzü yaz və yay aylarına doğru gedirik. Düşünürəm ki, indiki mərhələdə maskadan istifadəyə ehtiyac yoxdur”.

Leyla Mirzə, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »