Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiya "B" planına keçib" - Ukraynanın BMT-dəki nümayəndəsi
"Rusiya "B" planına keçib" - Ukraynanın BMT-dəki nümayəndəsi

Fevralın 24-dən bəri Rusiya Ukrayna ərazisinə 1200-dən çox ballistik, qanadlı və səsdən sürətli raketlər atıb, onlardan 467-si yaşayış məntəqələrinə.

Bizimyol.info xəbər verir ki, UNİAN-ın verdiyi məlumata görə, bunu martın 29-da Rusiyanın Ukraynaya təcavüzü ilə bağlı BMT Təhlükəsizlik Şurasının iclasında Ukraynanın BMT-dəki daimi nümayəndəsi Serhiy Kislitsa bildirib.

"Ilkin "blitskrieg" planları uğursuz olduqdan sonra Rusiya qoşunları "B" planına keçdi. Bu plan Ukraynanın siyasi rəhbərliyini və xalqını təslim olmaq üçün qorxutmaq məqsədilə bütün Ukraynada humanitar fəlakət törətmək və ölkəmizin kənd təsərrüfatı potensialını məhv etməkdir",- deyə Kislitsa bildirib.

O qeyd edib ki, "menyu" geniş və son dərəcə qəddarlıq əməllərlə doludur: "Buraya yaşayış məntəqələrinin və mühüm infrastrukturun qəsdən dağıdılması, ölkənin hər yerində raket hücumları, şəhərlərin mühasirəsi, humanitar dəhlizlərlə bağlı razılaşmaların pozulması, işğal olunmuş ərazilərdə dinc əhaliyə qarşı terror, o cümlədən adam oğurluğu və qətllər daxildir. İndi işğalçılar 30-a yaxın yerli liderləri, fəalları və jurnalistləri oğurlayıblar".

Ümumilikdə Rusiya Ukraynada 1200-dən çox ballistik, qanadlı və səsdən sürətli raketlər atıb, onlardan 467-sinin hədəfi yaşayış məntəqələri olub.

"Mariupol Avropanın ürəyində qanayan yara olaraq qalır. Yerli hakimiyyət orqanlarının məlumatına görə, ən azı 5 min insan həlak olub. 150 minə yaxın sakin hər hansı elementar yaşayış şəraitindən məhrum olaraq mühasirədə qalır. Onlar təxliyə edilməlidir, lakin təcavüzkarların ərazisinə yox. Rusiyanın bunu etmək cəhdləri təkcə rüsvayçı riyakarlıq deyil, həm də müharibə qanunlarının, adətlərinin, beynəlxalq humanitar hüquq normalarının, xüsusən 1949-cu il Cenevrə Konvensiyasının və Cenevrə Konvensiyalarına 1-ci Əlavə Protokolun kobud şəkildə pozulmasıdır. 40 minə yaxın ukraynalı zorla Rusiya və Belarusa aparılıb”,- deyə o bildirib.

Eyni zamanda, Rusiya işğalçıları Mariupoldan Ukraynanın işğal olunmamış ərazisinə keçməyə çalışan təxliyə kolonlarını atəşə tutur.

UNICEF-in məlumatına görə, Ukraynada müharibə gedən bir ay ərzində 4,3 milyon uşaq köçürülməli olub (ölkədə 7,5 milyon uşaq var), onlardan 1,8 milyonu xaricə gedib. Ən azı 143 uşaq Rusiya işğalçıları tərəfindən öldürülüb, 216 uşaq yaralanıb.

"Humanitar fəaliyyətə təcili ehtiyac var. Eyni zamanda nəzərə almaq lazımdır ki, Ukraynadakı humanitar fəlakət Rusiyanın hərbi strategiyasının elementidir”,- Kislitsa bildirib.

Qadir, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »