Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Azərbaycanda kağız qıtlığı yaranır: Qiyməti kəskin artıb

Rusiya ilə Ukrayna arasındakı müharibə Azərbaycana təsirsiz ötüşə bilməz. Həmin ölkələrdən idxal olunan məhsullarla bağlı sıxıntı ortaya çıxır. Taxıl barədə vəziyyət hamımıza məlumdur. Unun qiyməti addım-addım artır. Çünki Rusiya və Ukraynadan xeyli taxıl idxal olunurdu. İndi isə Azərbaycanda kağız qıtlığı müşahidə edilir.

Bizimyol.info xəbər verir ki, A4 və A3 formatlı kağızların qiyməti çox artıb. A4 formatlı kağızların 500 vərəqəlik bağlaması Bakıda 6 manatdan baha satılmazdı. Hətta daha ucuz almaq mümkün idi. Qiymət artıq 10 manata çatıb. Daha A4 formatlı kağızı hər yerdə tapmaq da olmur.

Bu məsələdə Rusiyada iqtisadi vəziyyətin ağırlaşması, qiymətlərin yüksəlməsi Azərbaycana ayrı istiqamətdən təsir göstərir. İstehsalçılar şimal dövlətinə daha çox üz tutmağa başlayıb. Çünki ağlığından asılı olaraq A4 formatlı kağızların 500 dənəlik bağlamaları 20 dollara qədər bahalaşıb. Yəni Azərbaycandansa Rusiyada məhsul satmaq daha sərfəli görünür. İstehsalçılar fürsəti qiymətləndirmək qərarına gəlib. Rusiyadan idxal da, demək olar, dayanıb. Nəticədə Azərbaycanda kağız qıtlığı yaranıb.

Problem necə həllini tapacaq? Azərbaycan bazarı idxaldan çox asılıdır. Hər hansı məhsulun yerli istehsalı tamamilə xaricdən gətiriləcək xammala bağlı qalır. Vəziyyət bu sahədə heç ürəkaçan deyil.

Ümumiyyətlə, yerli istehsalın səviyyəsinin çox aşağı olması zamanla belə sıxıntılar ortaya çıxaracaq. Hələ bilmək olmur ki, problem nə qədər davam edəcək. Müharibə həm də Azərbaycan üçün ciddi çətinliklər yaradır. Uzunmüddətli iqtisadi konsepsiyanın olmaması, iqtisadiyyatın təbii sərvətlərdən asılılığı həmişə özünü pis mənada göstərəcək. Neftin qiyməti yüksələn kimi sevinmək böhran vəziyyətlərində böyük kədər gətirəcək. Məsələ təkcə kağız qıtlığında deyil. Başqa istiqamətlərdə də yetərincə problemlər qabarıb.

Yaxın vaxtlarda ölkəyə Türkiyədən kağız gətirilməsi gözlənilir. Amma bu da bizi çətinlikdən xilas etməyəcək. Yerli istehsalın yox səviyyəsində olması mütləq burulğan effekti yaratmalıdır.

Aytən, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »