Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Belarus əhalisi sürətlə azalır
Belarus əhalisi sürətlə azalır

Rusiyanın Ukraynadakı hərbi əməliyyatlarına ən böyük dəstəyi Belarus hökuməti nümayiş etdirir. Aleksandr Lukaşenko həmkarı Vladimir Putinlə görüşdə hücum qərarının düzgün verildiyini açıq mətnlə dilə gətirmişdi. Belarus Ukrayna şəhərlərinin uzaqmənzilli raketlərlə vurulmasını təmin edir. Hərçənd, ölkədə əhalinin nəzərəçarpan hissəsi Minskin Moskvaya dəstəyini doğru saymır.

Bizimyol.info xəbər verir ki, Belarus əhalisi sürətlə azalır. Son bir ildə 94.1 min nəfər azalma qeydə alınıb. İndi postsovet ölkəsində 9 milyon 255 min 524 nəfərin yaşadığı bildirilir. Təkcə paytaxt Minskin əhalisi 13 min nəfər azalıb. Ölkənin əsas şəhərində yaşayanların sayı 2 milyon nəfəri keçmir.

Belarusun əhalisi niyə sürətlə azalır? Burada bir neçə amil xüsusi fərqləndirilməlidir. Birincisi, ölkədə sərt diktatura hökm sürür. 2020-ci il prezident seçkilərindən sonra Belarusda baş verənlər burada bir çoxunun xoş gələcəyə ümidlərini puç edib. Avqust seçkilərində Lukaşenko Svetlana Tixanovskayaya açıq-aşkar məğlub olmuşdu. Amma seçkilərin nəticəsi saxtalaşdırıldı. Etiraz aksiyaları isə amansızlıqla yatırıldı. Lukaşenko özünü qalib elan etdi. Hətta Tixanovskayanın oğurlanmasına qədər qəddarlıq nümayiş olundu. İndi seçkilərin əsl qalibi Litvada yaşayır.

İkincisi, müharibə insanlarda böyük narahatlıq yaradıb. Belarusda əhalinin nəzərəçarpan hissəsinin Ukraynaya qarşı vuruşmaq istəmədiyini yuxarıda qeyd etmişik. Ölkəni xeyli kişi tərk edib.

Üçüncüsü, Avropaya axın çoxdur. Həm insanların müharibədə iştirak etmək istəməməsi, həm də köhnə qitəyə can atmaq Brest vilayətinin boşalmasına gətirib çıxarır. Minskdən sonra ən çox azalma burada qeydə alınıb. Vilayət həm Ukrayna, həm də Polşa ilə sərhəddə yerləşir. Hər iki amil brestliləri getməyə sövq edir.

Belarus əhalisi getdikcə daha çox azalacaq. İndiki meyllər də bundan xəbər verir. Təsəvvür edin, 2019-cu ildə azalma təxminən 19 min nəfər olmuşdu. İndi beş dəfə çox azalmadan danışılır. Ölkədə amansız siyasi rejimin formalaşması, üstəlik, Rusiya ilə müttəfiqlik Belarusu yaşanmaz dövlətə çevirir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »