Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Bakını "bombalayaq" deyən deputatın başı qaçıb?!
Bakını "bombalayaq" deyən deputatın başı qaçıb?!

Rusiya bombalarını atmağa yer axtarır deyəsən. Bomba atmaqdan başqa əllərindən bir şey gəlmir. Rusiya TV kanalları deyir ki, Azərbaycan sanksiyalara qoşulmamaqla bağlı bəyanat verməyib. Sanksiyalara qoşulacağı ilə bağlı bəyanat veribmi?! Yox! Sanksiyalara qoşulubmu?! Yenə də yox. Bəs onda Rusiya kanallarnda bu hay-küy nədir?!

Mixail Delyagin Dövlət Dumasında İqtisadi siyasət komitəsinin sədr müavinidir. News-1 kanalının efirindən Bakıya bomba atmazdan qabaq, bir zəhmət, açıb Moskva Bəyannaməsini oxusun. Xüsusilə, 22-ci bənddən sonrakı bəndlərin, demək olar ki, hamısı iqtisadi məsələlərlə bağlıdır.

Aparıcı deyir ki, Moldovanın, Gürcüstanın və sair ölkələrin Rusiyaya qarşı sanksiyalara qoşulmayacağını bəyan etməsi misal gətirilir və deyilir ki, Azərbaycana sual var. Nə sual var?! Hansı sualdan söhbət gedir? Sizin kanalınız nə kanalıdır, xanım?! Bir özünüzə yaxşı baxın: bəlkə heç televiziya kanalı deyilsiniz, bəlkə kiminsə ...kanalısınız.

Oxuyub başa düşməmisinizsə, öz prezidentinizin də imzaladığı bəyannamə var. Azərbaycan bu dediyiniz məsələyə dair mövqeyini rəsmən və yazılı şəkildə bildirəndə hələ heç tanklarınız Ukrayna sərhəddini keçməmişdi. Xarkovdakı, Kiyevdəki əhalinin (ki, böyük hissəsi ruslar idi) başına hələ bomba atmamışdınız. Hələ Baydenlə Conson, Makronla Şolz da sizə qarşı sanksiyalar qoymamışdı. Fevralın 22-də Moskva Bəyannaməsinə imza atdıq, 24-də siz Ukraynaya desant atdınız.

Nə danışırsınız?! Nədən danışırsınız?! Azərbaycan nəinki sanksiyaya qoşuldu, əksinə o Moskva Bəyannaməsində ifadə olunan mövqeyinə görə özü sanskiya təhlükəsi ilə üzləşdi. Əslində siz Azərbaycana sanksiya qoyursunuz; öz ərazi bütövlüyünü təmin etmək istəyən dövlətə qarşı qadağalarla gəlirsiniz. Ermənistan Ukrayna üzərinə 4 təyyarə tuşladı deyə, Azərbaycandan daha önəmlimi oldu?! Hə, Ermənistan Ukraynanı bombalamaq üçün sizə dörd təyyarə verib. Ancaq unutmayın ki, Ukraynalılar öz səmalarında günə orta hesabla 5 təyyarənizi vurub salır. Yəni Ermənistanın Rusiyaya bu dəstəyi Moskvanın Ukrayna avantürası üçün bir günlük uçuşdur. Bəs Azərbaycanın sizə verdiyi iqtisadi "uçuş zolağı" haqda düşündünüzmü?!

Həmin o Ermənistan sizə qarşı sanksiyalara qoşulmadı, bəli. Hətta müharibənizə qoşuldu. "Gürcüstan, Moldova da sanksiyalara qoşulmur" deyirsiniz. Azərbaycan isə sizin bu gün sanksiyadan çıxış yolunuzdur. Türkiyə sizin nəinki sanksiyadan, üstəgəl bütövlükdə Ukraynada batıb qaldığınız bataqlıqdan - bu avantürist müharibədən xilas kəmərinizdir.

Qazınızı hardan satırsınız? Bundan sonra da hardan satacaqsınız?! Azərbaycan və Türkiyə sanksiyalara qoşulmamaqları bir yana, sizi sanksiyalardan çıxaran dövlətlərdir. Bunu anlamayacaq qədər "fransız" qalmısınız?! Yenə aydın olmadısa, Moskva Bəyannaməsinin 22-32-ci bəndlərini təkrar-təkrar oxuyun. Ancaq əvvəlcə lap birinci bəndi oxuyun. Bir də məlum üçtərəfli bəyanatın 4-cü bəndini. Oxusanız (anlasanız) görəsəksiniz ki, Azərbaycan haqlıdır. Rusiyanın etməli olduqlarını öz gücünə edir.

Siz gücünüzü bu saat Ukraynanın işğalına qoymusunuz. Ukrayna boyda hədəfiniz varkən, Fərrux kəndinin dərdinəmi düşdünüz?! Bir Dünya dolusu düşməniniz var zatən, Azərbaycandan niyə özünüzə düşmən düzəltmək istəyirsiniz?!

Yoxsa 140 milyonluq ölkənizə hamılıqla intihar çağırışı edirsiniz?! Başınızımı qaçıb?!

P.S. Çiyninizdə baş əvəzinə bomba gəzdirirsinizsə, o başqa...

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »