Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bizə qarşı törədilən soyqırımlara beynəlxalq aləmdə ədalətli siyasi və hüquqi qiymət verilməyib"
"Bizə qarşı törədilən soyqırımlara beynəlxalq aləmdə ədalətli siyasi və hüquqi qiymət verilməyib"

1918-ci ildə erməni-bolşevik alyansı tərəfindən Azərbaycan xalqına qarşı tarixin ən böyük soyqırım cinayətlərindən biri həyata keçirildi. Bu soyqırım cinayətinin törədilməsində əsas məqsəd, Azərbaycanın müstəqilliyi uğrunda mübarizə aparan “Müsavat” partiyasının sosial bazasını məhv etmək, bu prosesin qarşısını almaq və Azərbaycanın torpaqlarına yiyələnməkdən ibarət idi. Mart soyqırımı zamanı ermənilər bir çox qədim binaları, tarixi abidələri, o cümlədən ziyarətgahları, dünya memarlığının incilərindən sayılan İsmailiyyə binasını top atəşinə tutaraq dağıtmışdılar. Hətta Xəzər dənizində yerləşdirilmiş hərbi donanmanın açdığı atəş nəticəsində Cümə və Təzəpir məscidlərinin minarələri ağır zədə almışdı. Bolşevik-erməni silahlı dəstələri karvansarayda vəhşicəsinə öldürdükləri insanların meyitlərini elə oradaca yandırırdılar.

Bizimyol.info xəbər portalına danışan tarix üzrə fəlsəfə doktoru Vasif Qafarov bildirib ki, həmin dövrdə “Müsavat” partiyasının Azərbaycanın müstəqilliyi və muxtariyyəti uğrunda inadlı mübarizə aparması və Azərbaycan xalqı tərəfindən bu mübarizənin dəstəklənməsi, bolşevik-erməni alyansının Azərbaycanla bağlı planlarına cavab vermirdi. Buna görə də onlar Azərbaycana qarşı Şaumyanın rəhbərliyi altında vahid cəbhədə birləşdilər. 1918-ci ilin martında Bakıda Azərbaycan xalqına qarşı soyqırım cinayəti həyata keçirildi. 3 gün ərzində irqi, milli, dini əlamətlərinə görə, Bakıda 12 mindən artıq azərbaycanlı qətlə yetirildi. Bakıda başladılan soyqırım cinayətləri, aprel ayının əvvəllərindən başlayaraq bütün Bakı quberniyası ərazisinə, digər qəzalara da yayıldı. Eyni hadisələr Şamaxıda, Qubada, Lənkəranda, Salyanda, Qarabağda, Zəngəzurda, Naxçıvanda və İrəvan quberniyası ərazisində də həyata keçirildi. Təkcə, Bakı Quberniyası ərazisində 50 mindən çox azərbaycanlı soyqırım qurbanı oldu.

Tarixçi bildirir ki, İrəvan quberniyası ərazisində bu hadisələr daha əvvəldən başlanmışdı. Belə ki, 1917-ci ilin dekabrından 18-ci ilin martına qədər İrəvan Quberniyası ərazisində 198 Azərbaycan kəndi erməni soyqrımının qurbanı olmuşdu. İrəvan Quberniyası ərazisində ümumilikdə 130 mindən artıq azərbaycanlı bu soyqırımın qurbanı olmuşdu.

Azərbaycan xalqına qarşı həyata keçirilən 1918-ci il soyqırımları zamanı, 100 mindən artıq azərbaycanlı soyqırım qurbanı oldu. Əhalinin əmlakına o dövrün qiymətləri ilə 10 milyard rubla yaxın maddi zərər vuruldu.

1918-ci ildə Azərbaycan xalqına qarşı həyata keçirilən bu soyqırım cinayətlərini araşdırmaq üçün Azərbaycan Cümhuriyyəti höküməti tərəfindən yaradılan Fövqəladə Təhqiqat Komissiyasının təhqiqat və istintaq materiallarından aydın olur ki, Azərbaycan xalqına qarşı həyata keçirilən bu soyqırımın planı hələ 1917-ci ilin sonlarından hazırlanmışdı. Fövqəladə Təhqiqat komissiyasının sənədlərində o da sübuta yetirilir ki, Azərbaycan xalqına qarşı törədilən bu soyqırıma erməni ziyalıları və erməni kilsə xadimləri qərar verməkdən əlavə rəhbərlik də etmişlər.

1918-20-ci illərdə mövcud olmuş Ermənistan Respublikası özünün bütün mövcudluğu dövründə azərbaycanlılara qarşı, təqib, təcavüz, diskriminasiya və soyqırımdan əl çəkmədi. Yəni bütün mövcudluğu dövründə Azərbaycana qarşı bu siyasəti həyata keçirdi.

“SSRİ dağıldıqdan sonra 1991-ci ildə yaradılan Ermənistan Respublikası da, 1918-20-ci illərdə mövcud olmuş Ermənistanın azərbaycanlılara qarşı həyata keçirdiyi soyqırım, təqib və təcavüz siyasətini davam etdirdi.

Son 30 ildə azərbaycanlılara qarşı minlərlə bu cür insanlıq əleyhinə olan cinayətlər törədilib. Dünyanın gözü qaşrısında 1992-ci ildə Xocalı soyqırımı törədilib. Xocalı soyqırımın törədilməsində də məqsəd azərbaycanlıları qorxutmaq, onları torpaqlarının itirilməsi faktı ilə barışmağa məcbur etməkdən ibarət idi. Amma buna nail ola bilmədilər” - deyən Vasif Qafarov bildirir ki, bu soyqırım cinayətlərinə indiyə qədər beynəlxalq aləmdə doğru-düzgün, siyasi və hüquqi qiymət verilməyib. Bu gün heç bir real fakta söykənməyən, mücərrəd bir xarakter daşıyan “erməni soyqırımı” dünya dövlətləri tərəfindən tanınsa da, azərbaycanlıların soyqırımı konkret faktlarla, təhqiqat və istintaq sənədləri ilə hələ 1918-ci ildə sübuta yetirilməsinə baxmayaraq, indiyə qədər dünya dövlətlərinin xüsusilə də, Avropa beynəlxalq təşkilatlarının yeritdiyi ikili siyasət nəticəsində bu soyqırımlar öz layiqli siyasi və hüquqi qiymətini indiyə qədər almamışdır.

Xatırladaq ki, 1919 və 1920-ci ilin mart ayının 31-i iki dəfə Azərbaycan Xalq Cümhuriyyəti tərəfindən ümummilli matəm günü kimi qeyd edilib. 1998-ci il martın 26-da prezident Heydər Əliyev “Azərbaycanlıların soyqırımı haqqında" fərman imzaladıqdan sonra 31 Mart tarixi Azərbaycanlıların Soyqırımı günü kimi qeyd olunur.

İlahin, Bizimyol.info

Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi

Məqalə Medianın İnkişafı Agentliyinin onlayn media subyektlərinə (veb-saytlara) maliyyə dəstəyi əsasında hazırlanıb.

İstiqamət: 6.3.8. Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

Son xəbərlər
Bütün xəbərlər »