Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"İlişib qalan" özəlləşdirmə çeklərinin taleyi necə olacaq?
"İlişib qalan" özəlləşdirmə çeklərinin taleyi necə olacaq?

90-cı illərin ikinci yarısında Azərbaycanda “özəlləşdirmə çekləri” dövriyyəyə buraxıldı. Həmin dövrdə bu çeklərin vətəndaşların haqqı olduğu qeyd edilir və hər bir vətəndaşın bu çeklərlə minimum da olsa, özəlləşdirmədə iştirakı nəzərdə tutulurdu. Bu çeklərin ailə üzvlərinə görə verilirdi.

Bəzi ailələr aldıqları çekləri yatırımlar üçün istifadə edə bildi. Bəziləri isə, əvvəllər “28 may” stansiyaı ərazisində “qara bazar” deyilən yerdə dəyər dəyməzinə sataraq müəyyən qədər vəsait əldə etdi. Bəzi vətəndaşlar isə, bu çeklərin nə zamansa dəyərə minəcəyi ümidi ilə çekləri saxlamağa davam etdi. Bu səbəbdən də bu gün “özəlləşdirmə çekləri” əlində qalmış minlərlə vətəndaş var.

Bəs özəlləşdirmə çeklərinin taleyi necə olacaq?

İqtisadçı Pərviz Heydərov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, “özəlləşdirmə çekləri” artıq dövriyyədən çıxarılıb. Həmin çeklərin yenidən dövriyyə cəlb ediləcəyi, bərpa ediləcəyi gözlənilmir. Bu, ümumiyyətlə mənasız bir addım hesab edilir. Çünki “özəlləşdirmə çekləri” özəlləşdirmə prosesinin birinci mərhələsində dövriyyəyə buraxılmışdı. Onun əhəmiyyəti, oynayacağı rol birinci mərhələyə uyğun idi. Özəlləşdirmənin birinci mərhələsi isə, xırda, kiçik və orta xarakterli obyektlərin dövlətsizləşdirilməsi prosesi ilə əlaqəli idi. Həmin proses ilə bağlı əhalinin həmin prosesdə, yəni özəlləşdirmədə iştirakı nəzərdə tutulurdu.

İqtisadçı qeyd edir ki, “özəlləşdirmə çeklərinin” dövriyyəyə buraxılmasında əsas məqsəd vətəndaşların özəlləşdirmə prosesinin birinci mərhələsində yaxından,əyani iştirakını təmin etmək idi. Bu dövrün artıq arxada qaldığını bildirən ekspert əlavə edib ki, bundan sonra ölkədə iri özəlləşdirmə həyata keçirilib. Hazırda dövlətsizləşdirilmənin növbəti, 3-cü mərhələsi gözlənilir ki, bu istiqamətdə hələ ki, iri addımlar atılmır. Çünki, mübahisəli və müzakirəyə ehtiyacı olan məsələlər var.

“Birinci mərhələni yada salsaq, bu proses 90-cı illərin ikinci yarısını əhatə edir. Məqsəd vətəndaşların bu prosesdə iştirakını təmin etmək idi. Lakin müvafiq təbliğat və təşviqat işlərinin zəif həyata keçirilməsi ucbatından, o cümlədən vətəndaşların özünün iqtisadi savadının aşağı səviyyədə olamsı ilə əlaqədar olaraq, həyata keçirilən özəlləşdirmənin özünün müvafiq mexanizmindəki çatışmazlıqlar səbəbindən və s. vətəndaşların özəlləşdirmənin birinci mərhələsində yaxından iştirakı yüksək səviyyədə təşkil edilmədi. Nəticədə praktiki olaraq, əhalinin, vətəndaşların böyük qismi, əksəriyyəti özəlləşdirmə prosesindən kənarda qaldı. Beləliklə də, xırda, kiçik və orta özəlləşdirmə prosesi ölkədə əhalinin yaxından iştirakının təmin edilməməsi şəraitində həyata keçdi və proses başa çatdı” - deyə Heydərov vurğulayıb. Ekspert bildirir ki, o dövrü geri qaytarmaq mümün deyildi. Bu səbəbdən də özəlləşdirmə çeklərinin yenidən dövriyyəyə buraxılması mövzusu aktual deyil. Mənasız bir müzakirə xarakteri daşıyır.

Qarşıda yeni bir dövr, yeni çağırışlar, yeni tərəflər meydana gəlib. İndi o sahələrin özəlləşdirilməsindən söhbət gedə bilər ki, bu sahələrdə vətəndaşalırn iştirakı deyil, iri miqyaslı xarici investorların və yerli sahibkarların iştirakının yüksək səviyyədə təmin olunması təşkil edilməlidir.

“Dövlətsizləşdirmə prosesi daimi xarakter daşıyan bir prosesdir. Bu mənada Azərbaycan iqtisadiyyatında özəlləşdirilməsi zəruri sayılan çoxlu sayda sahələr var. Bu proses də gec tez həllini tapmalıdır. Amma burada vətəndaşların və əhalinin iştirakı mərhələsi lüzumsuz xarakter daşıyır. Və bu özəlləşdirmənin birinci mərhələsinin həyata keçrildiyi tarixdə qalmış bir mövzu sayılır” - deyə iqtisadçı bildirib.

Əmlak Məsələləri Dövlət Xidməti (ƏMDX)-nin məlumatına görə isə, dövlət özəlləşdirmə payları (çekləri) "Azərbaycan Respublikasında dövlət özəlləşdirmə paylarının (çeklərinin) dövriyyəyə buraxılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 25.03.1996-cı il tarixli Fərmanına əsasən dövriyyəyə buraxılmışdı. Və Azərbaycan Respublikası Prezidentinin 23.12.2009-cu il tarixli Fərmanına uyğun olaraq, dövlət özəlləşdirmə çeklərinin son istifadə müddəti 01.01.2011-ci il tarixində başa çatıb və həmin çeklər tədavüldən çıxarılıb. Beləliklə, dövlət özəlləşdirmə çekləri qiymətli kağız kimi öz əhəmiyyətini itirmiş və vətəndaşların həmin çeklərdən istifadə edərək hər hansı hüquq və ya gəlir əldə etməsi mümkün deyil. O ki, qaldı bu çeklıərin yenidən dövriyəyə buraxılacağına məsələsinə ƏMDX-dən bildirilib ki, bu xəbərlər şaiyə xarakteri daşıyır və bu xəbərlər insanların aldadılmasına və onların etibarından sui-istifadəyə yönəlmiş bir addım kimi dəyərləndirir. Qurum, vətəndaşları bu cür şaiyələrə inanmamağa çağırır: “Belə şaiyələri yayan insanların hüquqi məsuliyyət daşıdığını onlara bir daha xatırladırıq".

Belə… Qısacası, 90-cı illərdə vətəndaşlara paylanılmış özəlləşdirmə çekləri bu gün sadə bir kağız parçasından başqa bir şey deyil. Yəni bu çeklər yenidən dövriyyəyə salınmayacaq. Aradan 25 ildən çox bir zaman keçib. Bu dövrdə müəyyən islahatlar aparılıb. Müxtəlif sahələrdə özəlləşdirmə həyata keçirilib. Yəni əlində çekləri qalmış vətəndaşlar proseslərə gec qalmış və yaxud “bir gün daha baha satılacaq” şaiyələrinə inanmış vətəndaşlardır ki, artıq onları həmin dövr üçün “itirənlər” hesab etmək olar.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »