Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Bəzi şirkətlər və sahibkarlar işçini həftədə 6 gün işləməyə məcbur edir"
"Bəzi şirkətlər və sahibkarlar işçini həftədə 6 gün işləməyə məcbur edir"

Belçikada “4 günlük iş rejimi” tətbiq olunması, bu mövzunu bir çox dünya ölkələrinin gündəminə gətirdi. İspaniya, İslandiya, BƏƏ və s. digər ölkələr də, bu məsələni müzakirə etməyə başladı. Həftədə 38 saat-4 günlük iş rejimi bir çox ölkələrdə yaşayan vətəndaşların arzusudur. Belçikada isə, iş saatlarından sonra zənglərə, mesajlara cavab vermək məcburiyyəti də ortadan qaldırıldı. Bu ilin yanvarın 1-dən BƏƏ 4,5 günlük iş rejiminə keçdi. Artıq bir çox ölkələrdə 4-4,5 günlük iş rejimi pilot olaraq şirkətlərdə yoxlanılır. İşçilərin əmək haqqının miqdarına toxunmadan iş gününü azaltmaq, işə olan məsuliyyəti artırmaqla yanaşı işçinin özü üçün sərf edə biləcək zamanını artırır.

Mütəxəssislərin fikirncə 4 günlük iş rejimi işçilərin zehni sağlamlığını yaxşılaşdırır, xəstəlik icazələrinin sayını azaldır və istehsalı artırır. Həftədə 5-6 gün işləyən işçinin şəxsi həyatı üçün zamanı qalmadığına görə, işə olan maraq, məsuliyyət və həvəs itir. Azərbaycanda isə, Əmək Məcəlləsinə görə, həftədə iki istirahət günü olan 5 günlük iş günü müəyyən edilir. Yəni gündəlik iş saatı 8 saatdan artıq ola bilməz. Yəni bir işçi həftədə 40 saatdan artıq işləməyə məcbur edilməməlidir. Qeyd edək ki, bu qərar özəl sektor üçün də keçərlidir. Çünki Əmək Məcəlləsi iş yerindən, vəzifəsindən və kimliyindən asılı olmayaraq hamını əhatə edir. Amma bir nüans da var ki, işə götürən də işin xarakterinə görə həftəlik tam iş günü müddəti daxilində 6 günlük iş günü tətbiq edə bilər. Yəni həftəlik norma 40 saatdırsa, bu müddət 6 günə bölünə bilər. Yenə də işçi 40 saatdan artıq işləməyə məcbur edilə bilməz.

Nərminə Abdullayeva Nərminə Abdullayeva

Psixoloq Nərmin Abdullayeva Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, əslində 2 günlük həftə sonu istirahəti işçinin şəxsi məsələlərini həll etmək və şəxsi həyatını yaşaya bilmək üçün yetərli bir zaman deyil.

"Bəzi şirkətlər və sahibkarlar işçini həftədə 6 gün işləməyə məcbur edir. İşçi isə, işini itirmək qorxusu ilə bu tələbin qarşısında susmalı olur. Həftədə 6 gün işləyən işçi yorulur və iş sevgisi olmur. Gördüyü iş də yüksək keyfiyyətli alınmır. Yəni işçini həftədə 6 gün işləməyə məcbur edən sahibkar yüksək keyfiyyət tələb edə bilməz" - deyə psixoloq qeyd edib.

Sahib Məmmədov Sahib Məmmədov

Vətəndaşların Əmək Hüquqlarının Müdafiə Liqasının rəhbəri Sahib Məmmədov Bizimyol.info xəbər portalına açıqlamasında bildirib ki, Azərbaycanda 4 günlük iş rejimi məsələsi aktual məsələ deyil: “Bizim ölkədə işləyənlərin az qala 70% qeyri-formal əmək bazarındadır. Biz hələ normal 8 saatlıq iş gününə və 5 günlük iş həftəsinə keçib qurtarmışıq ki, indi 4 saatlıq iş günü və ya 4 günlük iş həftəsindən danışaq? O ki qaldı dünyaya, 4 günlük iş həftəsi təcrübə prosesi səviyyəsindədir. Hansısa şirkət bunu tətbiq edirsə, yenə öz maddi maraqlarına uyğundur. Az iş saatında və ya günündə daha çox hasilat əldə edir, əvəzində isə enerjiyə və digər resurslara qənaət edir”.

Sahib Məmmədovun sözlərinə görə, Azərbaycanda iş rejimini kommersiya qurumlarında işəgötürən (sahibkar) özü müəyyən edir. Yəni həftədə 40 saatı keçməməklə necə istəsə elə də iş rejimi müəyyən edə bilər. Bunun üçün qanun dəyişməyə ehtiyac yoxdur.

“Dövlət sektoru isə belə rejimə keçə bilməz. Dünyanın heç bir ölkəsində də belə nümunə yoxdur” - deyə Sahib Məmmədov bildirib.

Qeyd edək ki, Əmək Məcəlləsinin 107-ci maddəsinə görə, nəzərdə tutulmuş müstəsna hallar, habelə fasiləsiz istehsalatlar, ticarət, ictimai iaşə, rabitə, nəqliyyat və digər xidmət müəssisələri istisna olunmaqla istirahət, səsvermə, iş günü hesab edilməyən bayram günlərində və ümumxalq hüzn günündə işçilərin işə cəlb olunması yolverilməzdir.

Bütün bunlar nəzərə alınaraq, Azərbaycanda 4 günlük iş rejimi mövzusunda müzakirə aparılmır.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »