Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Qərblə tərəfdaşlıq, yoxsa Qərbə tərəfkeşlik
Qərblə tərəfdaşlıq, yoxsa Qərbə tərəfkeşlik

Tənqidçi mediada və müxalif bloqosferada Fərrux olayları haqda iki fikir dolaşır. Birinci fikrə görə, Azərbaycan ordusu Fərrux dağına yerləşib, Fərrux kəndinə daxil olub. Sonra Rusiya acıqlı bəyanat verib, yəni Azərbaycanı "başa salıb", bundan sonra Azərbaycan əsgərləri geri çəkilib. İkinci fikir isə bu idi ki, Rusiya generalı Bakıya gəlib, Azərbaycana deyib ki, irəli getsin, Moskva göz yumacaq. Ordumuz Fərruxa yüksələn kimi Rusiya gözünü vaxtından tez açıb. Yəni həmin fikrin müəllifinin dediyi kimi, guya aldadıb.

Maraqlıdır ki, bir-birinə zidd olan bu versiyaların ikisinin də mənbəyi eyni müxalifət təşkilatıdır. Çox qısa müddətdən sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama və görüntülər yaydı, ordunun yerləşdiyi mövqelərdən geri çəkilmədiyini dedi. Beləliklə, həmin iki versiya eyni vaxtda yalanlandı.

Ancaq o versiyalar hər nə qədər təkzib olunmuş olsa da, zərərsiz ötüşmədi. İctimai fikir platformalarında hələ də müzakirə olunur. Gördüyünüz kimi, biz də o haqda yazırıq. Yəni "yapışmasa da, izi qalsın" prinsipi ilə deyilmiş fikirlərdən söhbət gedir. İstənilən halda Azərbaycan dövlətinin, ordusunun ünvanına "başa salıblar", "aldadıblar" kimi ifadələrlə təhqiramiz göndərmələr var. Eyni zamanda Azərbaycanı "sözünün üstündə axıra qədər dura bilməyən", Moskvadan "acıqlı bəyanat" gələn kimi qorxub geri çəkilən bir dövlət kimi, əsgərimizi qorxaq obrazında təqdim etmək cəhdləri vardı. Həm də Rusiya Müdafiə Nazirliyinə istinadla. Yəni Rusiyanın adından. Bunlar, təbii ki, qəbuledilməzdir.

Ancaq hər iki versiyaya başqa tərəfdən də yanaşmaq lazımdır. Fərz edək ki, birinci versiyadakı kimi Azərbaycan ordusu orda öz iradəsi ilə hərəkət edib. Öz əmri ilə. Bu versiyanın birinci hissəsidir və doğrudur (Rusiyanın bəyanatından sonra geri çəkilmiş olsaydılar, ikinci yarı da doğru olardı ki, elə olmayıb). Burda nə qəbahət var ki?! Azərbaycan ordusu öz ölkəsinin ərazisində hərəkət edir, öz torpağında yeni dislokasiya yerləri seçir, postlar qurur. Bu, təbii və qanuni haqqıdır. İkinci versiyaya baxaq. Deyir, Rusiya Azərbaycana deyib: "İrəli get, qarışmayacam". Burda da qeyri-adi bir şey yoxdur. Azərbaycan məlum üçtərəfli bəyanatın, o cümlədən, konkret halda 4-cü bəndin icrasını tələb edir, Qarabağda qalmış Ermənistan hərbi qulluqçularının və yerli erməni silahlı qrupların tərksilah edilməsini, ordan çıxmasını istəyir. Rusiya da, tutaq ki, deyir: "Gedin, özünüz edin". Azərbaycan da gedir, bəyanatı özü icra edir. Lap tutaq ki, sonra Rusiya fikrini dəyişib, ordumuzun geri çəkilməsini istəyirsə, bu da niyə bizim qəbahətimiz olur?! Əgər Rusiyanın "sonrakı ağlı" ilə hərəkət etmiriksə, əsgərimizi geri çəkmiriksə, hansı aldanmaqdan söhbət gedir?! Qəribə məntiqdir: bizi aldatmağa çalışan Rusiya deyil, onun aldatmağa çalışdığı, nəticədə aldada bilmədiyi Azərbaycan günahkardır?!

Əslində isə burda heç aldatmaqdan-aldanmaqdan da söhbət getmir. Əgər Rusiya tərəfi Azərbaycana: "Fərrux kəndinə get" deyibsə də, "getmə" deyibsə də, nəticə eynidir: Rusiya məlum üçtərəfli birgə bəyanatın həmin o 4-cü bəndini icra etmək istəmir (ya da məlum səbəbdən, icra edə bilmir). Yaxud da özü icra etmək istəmir. Öz torpağından Ermənistan qoşunlarının qalıqlarını çıxarmaq və separatçı silahlı qrupları ləğv etmək istənilən halda Azərbaycanın öz işidir. BMT Təhlükəsizlik Şurasının qətnamələrini özü necə icra edibsə, bunu da elə edər.

Burda daha bir nüans var: bəli, Rusiya Azərbaycanın Qarabağda atdığı addımlara göz yummuş olsa da, mane olmaq istəsə də, məqsəd Ermənistanı sıxışdırıb, Ukrayna kampaniyasına qoşmaq ola bilərdi. O ərəfədə Vladimir Putin Nikol Paşinyanla telefonda heç də havadan, sudan danışmırdı. Nəticədə Ermənistan 4 təyyarəsini və pilotlarını Rusiya aviasiya generallarının komandanlığı altında Ukrayna cəbhəsinə göndərdimi?! Göndərdi. ABŞ, Fransa və Rusiyanın Fərrux əməliyatına eyni vaxtda, ancaq fərqli məqsədlərlə sərt çıxmaları həm də bununla bağlı olub. Üstəlik Azərbaycanın bir dronunun Qarabağdakı hansısa erməni hərbi obyektinə qıyqacı baxışlarını "həmsəfir"lər Minsk Qrupunu diriltmək üçün göydəndüşmə bəhanə hesab edirlər. Azərbaycana isə bəhanə lazım deyil, çünki tutarlı səbəbləri bəs deyincədir. Rusiya və Ermənistan üzərinə öhdəliklər götürüb, onlardan da biri məlum 4-cü bənddir. Özünü hələ də "həmsədr" adlandırıb guya Qarabağda sülh əkəcəklərini vəd edənlər, hazırda Ukrayna çöllərində müharibə biçirlər. Özləri bir-biri ilə ölümünə savaşanların yadına Cənubi Qafqazın sülhümü düşəcək?! Azərbaycanın mövqeyi haqlıdır; bir-birini Avropada nüvə zərbəsi ilə hədələyənlərdən Qarabağa barış gözləmək əbəsdir. Eyni zamanda Azərbaycanın daha bir həqiqəti var: Necə olur ki, Rusiya 603,5 min kvadrat kilometrlik ərazidə - Ukrayna boyda ölkədə tərksilah qovğasındadır, ancaq Qarabağın 3 kvadratkilometrlik bir sahəsində bunu edə bilmir?! Ukraynanı tərksilah etməyə yüyürən oğlanlar istəmiş olsaydı, Xankəndini çoxdan silahsızlıq gülüstanına çevirmişdi. Rusiya bunu etmək istəməyibsə, deməli, öhdəliyini -üçtərəfli bəyanatı pozan onun özüdür. Ancaq Azərbaycanın maraqlarını "pozmaq" göründüyü qədər asan olmayacaq; Şuşa kimi qalanı əlbəyaxa döyüşlə azad edən Azərbaycan əsgəri üçün Fərruxa qalxmaq nə idi ki?! Hələ Xankəndinə də enəcək. Rusiya və Ermənistana öz öhdəliklərini xatırlatmaq üçün.

Bu arada Ermənistan Ukraynaya qarşı müharibədə Rusiyanın tərəfində durdu, Qərbin qarşısında tərəf oldu. Sual yaranır: ABŞ, Fransa bundan sonra da Ukraynada qarşısında duran tərəfin... tərəfində dayanacaqmı?! Biz Ermənistana "Qərbi Azərbaycan" deyirik. Ancaq kimsə də bizi "Qərbin Azərbaycanı" hesab edirsə, yanılır. Müxalifət də Qərblə tərəfdaşlıq istəyə bilər, ancaq Qərb üçün tərəfkeşlik istəməsin. Elə Şərq üçün də, Şimalla Cənub üçün də. Tərəfdaşlıqla tərəfkeşlik fərqli şeylərdir; biri qarşılıqlı dəyərlər, maraqlar, münasibətlər deməkdir. O biri qarşılıqsız...

Bahəddin Həzi Bahəddin Həzi

Bahəddin Həzi, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »