Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
FIDE Qran-prisi: Məmmədyarov Rusiya şahmatçısı ilə heç-heçə edib
FIDE Qran-prisi: Məmmədyarov Rusiya şahmatçısı ilə heç-heçə edib

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Almaniyanın paytaxtı Berlindəki FIDE Qran-prisinin III mərhələsində növbəti görüşünü keçirib.

"Report"un məlumatına görə, reytinq favoritlərindən olan 37 yaşlı qrossmeyster VI turda rusiyalı Daniil Dubovla qarşılaşıb. Ağ fiqurlarla oynayan Məmmədyarov 13-cü gedişdə "sülh"ə razılaşıb.

Hazırda 3,5 xalla qrup lideri olan Məmmədyarovun yarımfinala vəsiqə qazanıb-qazanmayacağı almaniyalı Vinsent Kaymerlə ABŞ təmsilçisi Lenyer Domingesin görüşünün nəticəsindən asılı olacaq. 3 xalla ikinci sırada qərarlaşan Dominges qələbə sayəsində növbəti mərhələyə adlayacaq. Heç-heçə halında Məmmədyarovla xallar bərabərləşəcək ki, belədə qrup qalibini müəyyənləşdirmək üçün tay-breyk oynanılacaq. Domingesin məğlubiyyəti isə Azərbaycan şahmatçısını yarımfinala daşıyacaq.

Əsasnaməyə görə, yarımfinal və final da iki oyundan, ehtiyac yaranarsa, tay-breykdən ibarət olacaq.

Qran-pri iştirakçıları reytinq xalları da əldə edəcəklər. Qalib şahmatçı 13 xal, finalçı 10 xal, yarımfinalda uduzanlar 7 xal, qruplarda 2-ci yerin sahibləri 4 xal, 3-cü pilləni tutanlar 2 xal alacaqlar. Qrup sonuncularına isə xal verilməyəcək.

Qeyd edək ki, FIDE Qran-prisinin III mərhələsinə aprelin 4-də yekun vurulacaq. Turnirin ümumi mükafat fondu 150 000 avrodur. Şəhriyar Məmmədyarov Serbiyanın paytaxtı Belqraddakı II mərhələdə D qrupunda bütün görüşlərini heç-heçə ilə başa vurub və yarımfinala yüksələ bilməyib.

Hər şahmatçı Qran-prinin yalnız iki mərhələsinə qatıla bilər. Ümumi hesabda ən yaxşı iki qrossmeyster İddiaçılar Turnirində iştirak hüququ əldə edəcək.

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »