Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya Ukraynaya "silahsızlaşdırma" adı ilə girdi, bəs Azərbaycandan nə istəyir?
Rusiya Ukraynaya "silahsızlaşdırma" adı ilə girdi, bəs Azərbaycandan nə istəyir?

Son günlər Qarabağda Azərbaycan və işğalçı Ermənistan qüvvələri arasında yenidən gərginlik yaranıb. Türkiyə ilə Ermənistan arasında normallaşmanın danışıldığı günlərdə əks olunan bu mənzərəni araşdırmağa dəyər. Rusiya Müdafiə Nazirliyi bəyan edib ki, Azərbaycan Ordusu “Rusiya sülhməramlılarının məsuliyyət zonasına daxil olub, orada müşahidə məntəqəsi yaradıb və onlar əvvəlki mövqeyinə qaytarılmalıdır”. Azərbaycan Müdafiə Nazirliyi isə bu açıqlamaya sərt reaksiya verib.

Əslində, bu hadisələr heç də təəccüblü deyil. Çünki noyabrın 10-da imzalanan atəşkəs sazişindən sonra ya həll olunmayan, ya da həlli çətin olan problemlər var ki, onlardan biri və bəlkə də ən mühümü Dağlıq Qarabağ ərazisi ilə bağlı yaranmış qeyri-müəyyənlik idi.

Unutmaq lazım deyil ki, 44 günlük  Vətən müharibəsi zamanı Azərbaycan Ordusu bu yerə və Xocalı şəhərinə çox yaxınlaşıb. Elə o vaxt atəşkəs razılaşması imzalandı. Razılaşmaya görə, bu xətt arasında yerləşdirilən Rusiya Sülhməramlı Qüvvələrinin vəzifəsi münaqişələrin qarşısını almaq və sülhü qorumaq idi. Bir neçə gündür qarşıdurmaların mərkəzində olan Xocalı şəhəri tarixin ən qanlı qırğınlarından birinin baş verdiyi şəhər və Azərbaycan torpağıdır. Prezident İlham Əliyev təxminən 1 il əvvəl “Artıq “Dağlıq Qarabağ” deyil, “Qarabağ” adından istifadə edək” deyə, açıqlama da və göstəriş də vermişdi.

Atəşkəs razılaşması ilə Qarabağın bir çox rayonları yenidən Azərbaycanın nəzarətinə keçərkən, bir bölgənin işğalı hələ də davam edirdi - “Dağlıq Qarabağ”ın. Prezident İlham Əliyevin diqqət çəkmək istədiyi yer də buradır.

“Dağlıq Qarabağ” Qarabağda daha kiçik bir ərazidir və coğrafi baxımdan bu yerin adını Ermənstanda Qarabağın tamamı üçün istifadə edirlər. Bu bölgənin isə mərkəzi Xankəndi şəhəri olsa da, burada yaşayanlar onu “Stepanakert” adlandırırlar. Həmin bölgə İkinci Qarabağ müharibəsindən sonra hələ də Ermənistan rəhbərliyi tərəfindən Ermənistan dövləti tərkibində beynəlxalq çərçivədə tanınmış muxtar vilayət kimi idarə edilmək istənilir. Əslində hər fürsətdə buranın müstəqil dövlət kimi tanınması üçün beynəlxalq cəhdlər də edilir. Məsələn, xüsusilə Fransada nə qədər gülünc olsa da, bu istəyə, xəyala uyğun hətta siyasi kabinə belə yaradılıb.

Azərbaycan isə tarixdə “Dağlıq Qarabağ” adlı yerin olmadığını bildirir və ona yeni status verilməsinə imkan verməyəcəyini vurğulayır.

Gəlin, bir anlıq Ukraynada baş verənlərə də nəzər salaq. Rusiya suveren dövlətin ərazisinə “silahsızlaşdırma” üçün daxil olur. Amma mövzu Azərbaycanın öz suveren ərazisi olduqda, bu dəfə o hüququ görməzdən gəlir, özünü korluğa vurur. Bu yanaşma isə ümumiyyətlə, siyasi tərbiyəsizlikdən də ötə bir yanaşma tərzidir.

Son münaqişələr Azərbaycanın ərazi bütövlüyü prinsipi və əldə edilmiş razılaşmalarla, əldə etdiyi hüquqlarla xarici silahlı qüvvələrin öz ərazisindən çıxarılmasına yönəlmiş addımlar çərçivəsində baş verir. Əslində bəzi sərhəd yaşayış məntəqələrində və işğala son qoyulmalı olan yüksək və strateji mövqelərdə hələ də bəzi qanunsuz silahlı birləşmələrin olduğu bir faktdır.

Bu vəziyyət 10 noyabr razılaşmasına uyğun deyil, həm də Azərbaycanla Rusiya arasında fevralın 22-də imzalanmış “Müttəfiqlik sazişi”nə ziddir.

Azərbaycan Silahlı Qüvvələri və onun hərbi-siyasi rəhbərliyi göstərdiyi iradə ilə öz torpaqlarında daha bir işğala yol verməyəcəyini və “Dağlıq Qarabağ” adlı bölgənin Qarabağ coğrafiyasında qəbul edilməyəcəyini açıq şəkildə ortaya qoyur. Ermənistan bu reallığı görməli və uzun müddətdən sonra regionda yavaş-yavaş formalaşdırılmağa çalışılan sülh, sabitlik və əməkdaşlıq imkanlarına xələl gətirəcək təşəbbüslərdən uzaq durmalıdır.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »