Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Rusiyanın Azərbaycana qarşı cəbhə açmağa gücü qalmayıb"
"Rusiyanın Azərbaycana qarşı cəbhə açmağa gücü qalmayıb"

Xocalı rayonunun Fərrux kəndinin və həmçinin yüksəkliyinin Azərbaycan Silahlı Qüvvələrinin nəzarətinə keçməsi, şimal qonşumuz Rusiyanın ürəyincə olmayıb. Odur ki, Rusiya Müdafiə Nazirliyi Azərbaycan Ordusunun bu qalibiyyətini təkzib edən müəyyən məlumatlar yayır. Guya ki, ordumuz düşmən tapdağından azad etdikləri həmin ərazidən çəkilib və bölgə yenidən qanunsuz silahlılara təhvil verilib. Rusiya tərəfinin yaydığı bu dezinformasiyadan dərhal sonra Azərbaycan Müdafiə Nazirliyi açıqlama verərək bildirdi ki, Ordumuz azad etdiyi ərazilərdən bir qarış belə geri çəkilməyib və bölgə Azərbaycan əsgərinin tam nəzarəti altındadır: “Azərbaycan Ordusunun ölkəmizin suveren ərazilərinin tərkib hissəsi olan Fərrux kəndi və ətraf yüksəkliklərdəki mövqelərində heç bir dəyişiklik baş verməyib.

Azərbaycan Ordusunun bölmələrinin həmin mövqelərdən geri çəkilməsi haqqında məlumat həqiqəti əks etdirmir. Ordumuz əməliyyat şəraitinə tam nəzarət edir”,- deyə, Müdafiə Nazirliyindən bildirilib.

Dünyanın gözü-qulağı Ukrayna-Rusiya müharibəsinə yönəlmişkən, Cənubi Qafqazda get-gedə artan bu gərginlik nədən xəbər verir? Rusiya Ukraynada apardığı qanlı savaşdan diqqətləri yayındırmaq üçün Dağlıq Qarabağda təxribatlaramı əl atır? Rusiya Ukraynadan sonra Cənubi Qafqazda ikinci bir cəbhə aça bilərmi? Azərbaycan-Rusiya Mokva müqaviləsinin şərtləri imzalanan zaman Fərrux dağı və kəndi məsələsi müzakirə olunmuşdumu?

Elxan Şahinoğlu Elxan Şahinoğlu

Bu və başqa suallarla bağlı Bizimyol.info-nun suallarını cavablayan Atlas Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu bildirib ki, Rusiya tərəfinin atdığı bu addım bir çoxları, eyni zamanda siyasi ekspert üçün də gözlənilməz olub: “Ümumiyyətlə hadisələr bir qədər anlaşılmaz olaraq baş verdi. İlk öncə Rusiya tərəfi Azərbaycan Ordusunun geri çəkilməsi barədə məlumat paylaşdı, ardınca həmin məlumatı sildi. Zatən həmin xəbər də həqiqətə uyğun deyildi. Burda öz aralarında belə nəsə anlaşmazlıq var. Çünki Azərbaycan tərəfinin haqlı mövqeyi bundan ibarətdir ki, 10 noyabr bəyanatının dördüncü bəndinə görə və fevralın 22-də hər iki dövlət rəhbərinin imzaladığı 43 maddəlik bəyanatın 1-ci bəndinə görə, seperatçılar tərksilah olunmalıdırlar. Azərbaycan ərazisi qanunsuz silahlı qruplaşmalardan təmizlənməlidir.

Bu anlaşmanı Rusiya tərəfi yerinə yetirmir. Ona görə də Azərbaycan Ordusu öz üzərinə düşən işi görür. Biz sosial şəbəkələrdə, xəbər portallarındakı məlumatlardan da gördük ki, Rusiya əsgərləri orda Ordumuza mane olmadılar. Onlara uyğun şəkildə izah edildi və Azərbaycan tərəfi həmin ərazilərdə öz möqelərini gücləndirdi. Amma bundan sonra Azərbaycan və Rusiya Müdafiə Nazirliklərinin bir-birinin açıqlamasını təkzib edən gün ərzindəki iki bəyanatı bir qədər anlaşılmaz olaraq qaldı. Güya Rusiya bizdən tələb edib ki, geri çəkilək, biz də Fərrux kəndindən geri çəkilmişik. Niyə belə həqiqətə uyğun olmayan açıqlama verdilər, bu, mənimçün də təəccüblü və maraqlı olaraq qalır.

Rusiya hazırda Ukraynada qanlı bir döyüşün içindədir və böyük itkilərlə üzləşirlər. Belə olan halda bir də Cənubi Qafqazda özünə “dost” adlandırdığı Azərbaycanla hərbi-siyasi vəziyyəti gərginləşdirməyin özlərinə sərf etməyəcəyini də çox yaxşı bilirlər. Əgər vəziyyəti gərginləşdirsələr, burada onlar üçün ikinci cəbhə açıla bilər, bu da Rusiyanın maraqlarına ziddir. Həmçinin Rusiyanın ikinci cəbhəni açmaq üçün resursları da yoxdur. Gərək indi biz hələ də azad edilən torpaqlarımızda məskunlaşmış qanunsuz silahlı birləşmələri tərksilah edib, zərərsizləşdirməkdə bir qədər sürətli davranaq. Qarşımızda duran vəzifələr nələrdir? Qarabağdakı seperatçıları tərksilah etmək, Xankəndində Azərbaycan Qanunlarının icrasını təmin etmək, Laçın dəhlizini nəzarətə götürmək. Eyni zamanda biz həm də Xankəndinə çəkilən qanunsuz boru xəttinə nəzarəti də ələ aldıq. İndi ən önəmlisi, bu addımları getdikcə sürətləndirməkdir.

Qaldı ki, Fərrux kəndinin fevral ayında imzalanmış müttəfiqlik müqaviləsində yer almasına və Rusiyanın bu bölgəni götürməyimizə icazə verməsinə, mən belə düşünməzdim. Bir kəndə, dağa görə hər hansısa gizli razılaşmanın olacağını zənn etmirəm. Düzdür, Fərrux yüksəkliyi strateji əhəmiyyəti böyük bir bölgədir, eyni zamanda kəndi də. Biz oradan bir çox yerə, həmçinin Xankəndinin bir hissəsinə də nəzarət edə bilirik. Bəli, dövlətlər arasında yazılı anlaşmadan əlavə, şifahi uzlaşmalar da olur, bunu mən istisna etmirəm. Bunlar şifahi şəkildə danışılmış ola bilər. Yəni, əgər siz bizi özünüzə müttəfiq hesab edirsinizsə, müqavilə bağlayırsınızsa, onda bizə mane olmayın, öz işimizi görə bilək. Biz Ermənistana hücum etmirik ki, öz ərazimizdə qayda-qanun yaradırıq. Heç kimi öldürmürük, heç kimə hücum çəkmirik. Elə Fərrux kəndinin alınmasında da qan tökülmədi. Hərbçilərimiz kəndə daxil olublar və məsələni Rusiya sülhməramlılarına izah ediblər. Yəni Rusiya buna görə bizə mane olmamalıdır.

Ola bilsin, həmin istiqamətdə fikir mübadiləsi aparılıb, amma biz həm də görürük ki, Rusiya tərəfdən qəti bir yanaşma yoxdur. İki dövlətin rəhbəri müqavilə imzalayıb, razılığa gəldikləri bir müddətdə, Rusiyanın Müdafiə Nazirliyi həqiqət olmayan məlumatlar paylaşır, ardınca da silir. Bu, anlaşılmazdır. Ancaq bir daha qeyd etmək istəyirəm ki, Rusiyanın Cənubi Qafqazda ikinci bir cəbhə açması, ilk öncə onun maraqlarına ziddir, ikinci növbədə isə buna yetəcək hərbi resursu demək olar ki, yoxdur”,- deyə siyasi ekspert Elxan Şahinoğlu bildirib.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »