Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
"Ukraynanın ərazi bütövlüyü şübhəsizdir, qələbəmiz çox insanı xilas edəcək" - Zelenski
"Ukraynanın ərazi bütövlüyü şübhəsizdir, qələbəmiz çox insanı xilas edəcək" - Zelenski

Prezident Vladimir Zelenski bildirib ki, Ukraynanın Rusiya işğalçılarına qarşı müharibədə qələbəsi, ilk növbədə, mümkün qədər çox insanın həyatının xilas edilməsinə hədəflənib. Yəni prezident, qələbə naminə ukraynalıların ölümünü arzulamır. Qələbəni ukraynalıların yaşaya bilməsi üçün istəyir. Müharibələrdə itkilərin olduğunu vurğulayan Zelenskinin sözlərinə görə, Ukrayna xalqı son şəhərə qədər döyüşməyə hazırdır.

Bizimyol.info xəbər verir ki, bu barədə Zelenski “The Economist”-ə müsahibəsində bildirib. Eyni zamanda, dövlət başçısı vurğulayıb ki, dövlətin bütün mənafelərini qorumaqla, ərazini əldən verməməklə insanların həyatını xilas etmək, demək olar ki, mümkünsüz işdir. Amma buna baxmayaraq, mümkün qədər çox ukraynalının həyatını xilas etmədən qələbənin heç bir mənası olmaz.

"Qələbə mümkün qədər çox insanın həyatını xilas etmək üçün bir fürsətdir. Çünki onlarsız bunun heç bir mənası olmayacaq. Torpağımız vacibdir, bəli, amma sonda bu, sadəcə ərazidir. Müharibə nə qədər davam edəcək, bilmirəm. Lakin biz son şəhərə qədər mübarizə aparacağıq”, - deyə Zelenski qeyd edib. O, bildirib ki, bu qərar xalqla birlikdə verilib.

Xerson şəhərini misal çəkən prezident qeyd edib ki, burada dinc əhali işğalçılara qarşı mitinqə çıxır və silahlı hərbçiləri yalın əlləri ilə dayandırmağa çalışır.

"Xersona baxın, insanlar tankı dayandırmaq üçün küçənin ortasına çıxırlar. Bu qərarı onlar verib. Mən onlara tankların qarşısına atılmağı əmr edə bilməzdim. Sona qədər bu insanların yanında olacağam",- deyə Ukrayna lideri bildirib.

Bir müddət əvvəl Zelenski qeyd etmişdi ki, Ukrayna və Rusiya arasında danışıqlarda Rusiya Federasiyasının təklif etdiyi “denazifikasiya” və “demilitarizasiya” kimi mövzular müzakirə olunmur. Bütün bu sözlər Moskvanın informasiya sahəsini canlandırmaq üçün açıqladığı ultimatumlardan başqa bir şey deyil. Yəni qeyd edilənlər müzakirə mövzusu deyil.

Xatırladaq ki, ötən axşam Zelenski yeni videomüraciət yayıb. Videomüraciətdə prezident Ukrayna və Rusiya nümayəndə heyətləri arasında danışıqlar məsələsinə toxunub, həmçinin vurğulayıb ki, Ukraynanın suverenliyi və ərazi bütövlüyü şübhəsizdir.

Qeyd edək ki, martın 28-nə olan məlumata görə, Rusiya işğalçılarının Ukraynadakı hərbi cinayətlərinə görə artıq 42 ölkə Haaqa Beynəlxalq Cinayət Məhkəməsinə müraciət edib. Məhkəmə tərəfindən təqsirli bilinən şəxsləri uzunmüddətli həbs gözləyir. Beynəlxalq Cinayət Məhkəməsi Rusiya qoşunlarının hərbi cinayətlərini tanıyarsa, bu məhkəmənin yurisdiksiyasını tanıyan istənilən ölkədə bu cinayətlərdə iştirak edən şəxslər saxlanıla bilər. Bəşəriyyətə qarşı cinayətlərin və soyqırımın bütün günahkarları potensial olaraq artıq istintaq altında olan şəxslərdir.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »