Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiya NATO ölkəsinə hücum etsə, nə olacaq?..
Rusiya NATO ölkəsinə hücum etsə, nə olacaq?..

NATO-nun Brüsseldə təşkil etdiyi tarixi liderlər sammitində Rusiyaya qarşı hədə-qorxuların davam etdirilməsi qərara alınıb. Böhran davam edərkən baş katibi dəyişmək istəməyən NATO üzvləri Yens Stoltenberqin mandatını daha bir il uzadıb. NATO baş katibinin bütün dünyaya açıqladığı yekun bəyannamədə “-acaq, -əcək" şəkilçiləri ilə bitən çoxlu cümlələr var idi. Bu da gələcəkdə görülməli olan işlərin çox olduğunun mesajıdır.

Rusiyanı bir daha “ən sərt şəkildə” qınadıqlarını bəyan edən NATO ölkələri Ukraynaya kömək etməyə davam etmələri, Macarıstan, Slovakiya, Rumıniya və Bolqarıstana yeni hərbi birləşmələr yerləşdirmələri, hava və dənizdə müdafiə imkanlarını gücləndirmələri üçün daha çox büdcə ayıracaqlarını bildiriblər.

Dövlətlərin heç bir kənar müdaxilə olmadan, öz təhlükəsizlik məsələlərini sərbəst şəkildə həll etməli olduğunu qeyd edən NATO rəhbərliyi bu təşkilata qoşulmaq istəyənlər üçün “açıq qapı” siyasətini davam etdirəcəklərini də dilə gətiriblər.

Sammitə telekonfrans vasitəsilə qatılan Zelenski NATO-nun ölkəsini “nə üçün qoruya bilmədiyini” izah edib. Ukrayna Prezidentinin dilindən çıxanlar ürəkdən gələn kömək fəryadı idi. Lakin O, həmçinin bilirdi ki, heç bir NATO üzvü ölkə hansısa üzv olmayan ölkə üçün, hətta bəzi üzvlər üçün belə Rusiya ilə müharibəyə girə bilməz. Zelenski “bizi xilas et” deyərək, NATO-dan kömək umduğu halda, Almaniya hökuməti “artıq Rusiya ilə enerji ticarətini tamamilə dayandırmağın mümkün olmadığını” deyərək, Moskvaya qarşı ən təsirli sanksiyalardan birini yumşaltmağa başlayır.

İyun ayında İspaniyada keçiriləcək sammitə qədər NATO-da yeni təhlükəsizlik arxitekturasını formalaşdırmaq bir yana dursun, planlaşdırmağın xəyal olduğu düşünülür. Ona görə də hərtərəfli əməliyyat transformasiyası gözlənilməməlidir. Artıq son 10 ildə Alyans həm komanda strukturunu dəyişdirib, həm də doktrinalarını yeniləyib. İndi görülməyə çalışılan, əvvəllər potensial səviyyədə olan, lakin bu gün özünü büruzə verən Rusiyanın yaratdığı təhlükəyə qarşı təcili tədbirlər görülür.

Yaxşı, bəs bu tədbirlər niyə görülür? Rusiyanı Ukraynadan çıxarmaq üçünmü? Düşünmürəm ki,hansısa NATO lideri belə bir gözləntini real hesab etsin. Onda bütün bu tədbirlər Putinin Donetsk və Luqanskın müstəqillik israrından əl çəkməsi üçün görülür? Putin belə bir addım atanda yəqin onu da hesablayıb ki, ən azı, 15 min əsgər itkisini xalqına heç cürə izah edə bilməyəcək.

Belə olan halda NATO-nun bu “görüləcək işlər siyahısı”nı təsdiqləməkdə əsas məqsədi ən çox Rusiyanın başqa ölkələrə hücumunun qarşısını almaq ola bilər. Ancaq burada maraqlı bir məqam var: Alyansın yaradılması haqqında müqavilənin beşinci maddəsi müttəfiqlərdən birinə qarşı silahlı hücuma birgə cavab verməyi nəzərdə tutmurmu? Artıq Rusiya təhlükəsini sümüklərinə kimi hiss edən Polşa və Baltikyanı respublikalar üçün bu tənzimləmə kifayət etməyə bilər. Beləliklə, bəzi üzvlər 5-ci maddəyə baxmayaraq, özlərini təhlükəsiz hiss etmirlər. Artıq baş verənlərdən sonra belə təəssürat yaranır ki, Rusiya, məsələn, NATO üzvü olan Baltikyanı ölkələrdən birini işğal etsəydi də, indi olduğu kimi NATO quru sözlərlə kifayətlənəcəkdi və "müdaxilə etsək, dünya müharibəsi başlayar" deyərək öz üzvünü qurban verəcəksi.

Bu, bizə NATO-nun üzərində qurulduğu üç əsas prinsipi xatırladır: çəkindiricilik, həmrəylik və uzlaşma. Təkcə Polşa deyil, bir çox ölkələr, o cümlədən Türkiyə də bu prinsiplərin aşındığını və yenidən gücləndirilməli olduğunu düşünür.

Bəzi müttəfiqlərin bəzi müttəfiqlərə açıq və ya gizli silah embarqosu tətbiq etdiyi halda “həmrəylik”dən danışmaq olarmı? NATO-nun bir tərəfdən “hər bir dövlətin istədiyi təhlükəsizlik tədbirləri görmək hüququ olduğunu” söyləməsi, digər tərəfdən isə bir ölkəyə “o silahları ala bilməzsən” deməsi, bu təşkilat və onun rəhbərliyi üçün ciddi bədbəxtlikdir.

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »