Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Dünya Ukrayna müharibəsindən daha təhlükəli təhdidlə üz-üzədir...
Dünya Ukrayna müharibəsindən daha təhlükəli təhdidlə üz-üzədir...

Ukrayna ilə bağlı ən çox müzakirə olunan məsələ, mümkün müharibədə atom bombasından istifadə riskinin artmasıdır. Hətta indiyədək atom bombasından istifadə riskindən danışmaq “təhlükəli” hesab edilsə də, bu gün “Böyük Siyasət”in beyin mərkəzləri və ekspertləri arasında gündəlik məsələyə çevrilib.

Məşhur jurnalist Kristian Amanpurun dünən “CNN” televiziyasında yayımlanan proqramında Putinin hansı şərtlər altında atom bombasından istifadə edəcəyi ilə bağlı sualına Rusiya hökumətinin sözçüsü Peskov “Ölkəmiz üçün ekzistensial təhlükə varsa, bu, baş verə bilər” deyə cavab verib. Şübhəsiz, bu cavab, həm də ABŞ-ın eşitmək istədiyi cavab idi.

Əslində Peskovun sözləri atom bombasına sahib olan hər bir ölkənin cavabıdır. Deməli, gizli heç nə yoxdur. Ancaq bir fərq var: dünənə qədər atom bombasının böyük müharibədən çəkindirici güc və eyni zamanda düşmənin hücumuna mane olmasından danışılırdı. Atom silahlarına sahib olan düşmən dövlətlər arasında tarazlıq həm də bu üsulla qorunub saxlanılırdı Birinci soyuq müharibə dövründə buna “terror balansı” deyilirdi.

Şübhəsiz ki, nüvə silahının “çəkindirici” keyfiyyəti hələ də ön plandadır. Amma indi Putinin açıqlamasından sonra həmin balans vasitəsindən həm də istifadə edilmə təhlükəsi var. Bu isə bənzəri olmayan olduqca yeni vəziyyətdir. Ondan əlavə, Peskovun “Ölkəmiz üçün ekzistensial təhlükə varsa, ola bilər” cümləsi şərhə ehtiyac duyur. Deməli, indiki “mövcud təhlükə” atom bombasından ilk istifadə edənin kim olmasıdır. Beləliklə, nüvə gücünə malik “atom balansı” olan ölkələrin bu çəkindiriciliyi aradan qalxır. Əgər hər iki tərəf də “ekzistensial təhlükə” nöqtəsində dayanırsa, deməli, onun ilk istifadəçi gec, ya tez, olacaq. Balansı “mövcud təhlükə” üzərində qurduğumuz zaman, “bombanı ilk atan mən olmayacam” siyasəti avtomatik olaraq qüvvədən düşür. Həmin ifadə birbaşa soyuq müharibə dövrünə aiddir. İndi isə ortada yeni bir vəziyyət və yeni qurulmağa başlayan bir balans var.

Həmçinin “ekzistensial təhlükə”nin sərhədləri, mənası və məzmunu ilə bağlı geniş şərhlər mövcuddur. Deyə bilərsiniz ki, Putin bu bəyanatı ABŞ/NATO-nu Ukraynadan uzaq tutmaq üçün verib. Bəli, aydındır ki, Ukraynanın işğalı Rusiyanın həmin ölkənin NATO-ya daxil olmasını “ekzistensial təhlükə” kimi qəbul etməsinin nəticəsidir. Eyni zamanda NATO-nu hərəkətsizləşdirmək üçün Putin atom silahlarının istifadəsini, məsələn, ən aşağı hazırlıq səviyyəsinə qaldırıb, yəni hərbçilərə çəkindirmə vasitələrini (atom bombası nəzərdə tutulur – M.Ş) xüsusi döyüş vəziyyətinə gətirməyi tapşırıb. Geostrategiya dünyada həlledici olmağa davam edir. Ancaq ruslar atom bombasından istifadə məsələsində hələlik, “məsum” hesab olunurlar.

İkinci Dünya Müharibəsində ABŞ Yaponiyaya qarşı nəticələri qəsdən amansız olan iki atom bombasından istifadə edən ilk ölkə oldu. Xirosima və Naqasaki dramı hələ də davam edir. Atom bombaları ilə kütləvi qətllərin atası Rusiya yox, ABŞ-dır. Üstəlik, “ekzistensial təhlükə” ilə üzləşməsə də…

ABŞ-ın bu qanlı addımı yaponlara ABŞ-ın, amerikalıların ölkəsindən çox uzaqda - Sakit Okeandakı “Pearl Harbor”da (Havay) Amerika donanmasına qarşı gözlənilməz hücumuna cavabı idi. Bu baxımdan, “ekzistensial təhlükə” üçün ilk bəhanəni yaradan və atom bombası ilə cavab verən ABŞ olub. O vaxtlar atılan həmin iki atom bombası isə indiki atom silahlarının dağıdıcı imkanları ilə müqayisədə çox kiçik qalır.

Son olaraq, qeyd etmək lazımdır ki, nüvə silahı və fizikası üzrə ixtisaslaşmış alimlər indi Ukraynadan sonra yeni razılaşma ilə həll olunacaq ən mühüm məsələnin dünya üçün atom bombası məsələsi olduğunu israrla vurğulayırlar. Ukrayna böhranı öz hələlik naməlum hesab olunan həllini tapan kimi, bütün dünya dövlətləri öz diqqətini nüvə silahı məsələsinə verməlidirlər. Bu, dünyamızı təhdid edən ən ciddi problemdir.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »