Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Şuşa Bəyannaməsi bizi kimdən qoruyacaq?
Şuşa Bəyannaməsi bizi kimdən qoruyacaq?

Azərbaycandan sonra Türkiyə də Şuşa Bəyannaməsini təsdiqlədi. Rəsmi qəzetdə dərc olundu və qüvvəyə mindi.

Bu sənəd keçın il iyunun 15-də Şuşada imzalanmışdı. Bu il fevralın 1-də Azərbaycan Milli Məclisində, fevralın 3-də Türkiyənin Böyük Millət Məclisində ratifikasiya olunub. Fevralın 14-də Azərbaycanda, martın 22-də Türkiyədə qüvvəyə minib.

Bu tarixləri xatırlatmaq niyə önəmlidir? Çünki Azərbaycan Rusiya ilə "Moskva Bəyannaməsi" adlanan oxşar sənədi fevralın 22-də Moskvada Putinlə birlikdə imzaladı. Buna qədər artıq Azərbaycan "Şuşa Bəyannaməsi"ni ratifikasiya etdi. Bu da çox anlamlıdır; Azərbaycan Türkiyə ilə müttəfiqlik münasibətlərini bütün başqa dövlətlərlə anoloji tərəfdaşlıqdan ən azı bir addım öndə tutur. Azərbaycan kiminləsə taktiki, kiminləsə strateji müttəfiq ola bilər. Türkiyə ilə isə təbii müttəfiqdir. Bu, müqayisəsi indiyədək hələ də aparılan Şuşa və Moskva Bəyannamələrinin adından və mətnindən də görünür. Şuşa Bəyannaməsi "Azərbaycan Respublikası ilə Türkiyə Cümhuriyyəti arasında müttəfiqlik münasibətləri haqqında Bəyannamə" adlanır. Moskvada imzalanan sənədin isə adı belədir: "Rusiya Federasiyası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqlnda Bəyannamə".

Hər kəsi daha çox maraqlandıran (tərəflərdən birinə hərbi təcavüz olarsa, o biri tərəfin necə davranılacağı ilə bağlı) müddəanın formuləsi də bu sənədlərdə fərqlidir. Şuşa Bəyannaməsində yazılır ki, tərəflər bir-birinə yardım göstərəcək. Moskva Bəyannaməsi isə həmin situasiyada zəruri məsləhətləşmələri nəzərdə tutur. Əgər Şuşa Bəyannaməsində zərurət yarandıqda hərbi qüvvələrin birləşdirilməsi nəzərdə tutulursa, Moskva Bəyannaməsində, sadəcə, "tərəflər üçüncü tərəfə yönəlməyən" hərbi əməkdaşlıq edir. Təlimlər, silah ticarəti və sair. Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın ümumi qoşun yaratmasını nəzərdə tutur. Rusiya bu haqda sənədi artıq çoxdan imzalayıb. Yəni əslində Azərbaycanın Türkiyə və Rusiya ilə imzaladığı bu iki sənəd arasında çox ciddi fərq var. Bu fərq müttəfiqliyin mahiyyətini, fəlsəfəsini müəyyən edir. Belə ki, əgər biz Rusiya ilə o sənədi özümüzü Rusiyadan qorumaq üçün imzalamışıqsa, Türkiyə ilə imzalanan sənəd Türkiyənin bizi başqalarından qorumasını ehtiva edir. Məlum: bizim hazırda bölgdə təhlükəsizliyimizə real təhdid qərb və cənub-qərb sərhədimizdən -Ermənistandan qaynaqlanır. Rusiyanın isə Ermənistanla hərbi müttəfiqliyi nəinki daha əski və daha dərindir, hətta Ermənistan Rusiyanın cənub cinahda forpostudur; bu ölkənin sərhədlərini Rusiya Federal Təhlükəsizlik Xidmətinin sərhəd qoşunları qoruyur, ərazisində Rusiya ordusunun hərbi bazası var. Başqa sözlə, Rusiya bizi Ermənistanın və ya hər hansı başqa bir dövlətin hərbi təcacüzündən və hərbi təcavüz təhlükəsindən qorumaq öhdəliyi götürməyib. Moskva Bəyannaməsi, sadəcə, məsləhətləşmələr aparmağı nəzərdə tutub. Yəni deyib: "Elə bir situasiya yaransa, baxarıq". Şuşa Bəyannaməsi isə deyir ki, Azərbaycana olan hücum həm də Türkiyəyə olan hücumdur və Türkiyə ordusu Azərbaycanın müdafiəsinə birbaşa qoşulacaq. Bu qədər aydın və dəqiq.

Bu arada əgər yazının əvvəlinə - ratifikasiya məsələsinə qayıtsaq, daha bir nüansa diqqət yetirək. Bəziləri deyir ki, biz Rusiya ilə müttəfiqik və müttəfiqimiz üçüncü ölkəyə - Ukraynaya qarşı müharibə aparır. Bəzilərimiz hətta öz mülahizələrində bizim bu müharibəyə sürüklənə biləcəyimizə, buna görə Qərb sanksiyaları altına bizim də düşə biləcəyimizə qədər gedib çıxır və təhlükə zəngləri çalır.

Burda vəziyyət belədir: Şuşa Bəyannaməsi, dediyim kimi, həm Azərbaycanda, həm Türkiyədə ratifikasiya olunub və artıq qüvvəyə minib. Moskva Bəyannaməsini isə hələ nə Azərbaycan, nə də Rusiya özü ratifikasiya edib. Bu, nəinki qüvvəyə minib, heç parlamentlərin gündəliyinə çıxarılmayıb. Əgər bu aspektdən və mahiyyət üzrə baxsaq, biz Rusiya ilə hələ hərbi müttəfiq deyilik, Türkiyə ilə artıq müttəfiqik. Rusiya hələ bizi hansısa təhlükədən qorumaq öhdəliyini götürməyib. Əksinə, bizim üçün elə ən böyük təhlükə Rusiyanın özüdür. Həm də tək bizim üçün yox. Bütün dünya üçün təhlükəyə çevrilib. Ən əvvəl də elə özü üçün...

Seyid Əhmədli, bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »