Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kremldən ilk böyük qopma: İstefa verdi və İstanbula getdi
Kremldən ilk böyük qopma: İstefa verdi və İstanbula getdi

"Bloomberg"-in məlumatına görə, Anatoli Çubays prezidentin davamlı inkişaf üzrə xüsusi nümayəndəsi vəzifəsindən istefa verib və Rusiyanı tərk edib.

Nəşr vəziyyətdən xəbəri olan iki nəfərə istinad edib. Onların sözlərinə görə, Çubays prezident Vladimir Putinin Ukraynada başlatdığı müharibə ilə razılaşmadığını əsas gətirərək istefa verib və ölkəni tərk edib. Agentlik qeyd edir ki, bu məlumat rəsmən təsdiqlənərsə, Çubays işğala görə Kremllə münasibətləri pozan ən yüksək səviyyəli məmur olacaq.

Bizimyol.info xəbər verir ki, Çubaysın Putinin xüsusi nümayəndəsi postunu tərk edib ölkəni etiraz əlaməti olaraq tərk etməsi faktını “Reuters”-ə də öz mənbələri təsdiqləyib.

Rusiya mətbuatında da istefa faktı təsdiqlənib. "Bəli, doğrudur. Anatoli Borisoviç bu vəzifəni tərk edib",- deyə Çubaysa yaxın mənbə Rusiyanın TASS dövlət agentliyinə bildirib. Bununla da Çubaysın istefası təsdiqlənib. Amma istefanın səbəbi hələ də rəsmən təsdiqlənməmiş qalır.

Amma ona yaxın olan digər bir mənbə “Reuters” agentliyinə onun Rusiyanı da tərk etdiyini bildirib: “O, həm xüsusi nümayəndə vəzifəsindən istefa verib, həm də ölkəni tərk edib”.

Onun qardaşı İqor Çubays “RBK”-ya Anatoli Çubaysın istefası və Rusiyanı tərk etməsi ilə bağlı suala cavabında “deyə bilmərəm, xəbərim yoxdur” deyə cavab verib. Çubaysın iki tanışı isə RBK-ya bildirib ki, o, həyat yoldaşı Avdotya Smirnova ilə İstanbula gedib. Avdotya Smirnovanın rəfiqəsi də onun İstanbulda olduğunu təsdiqləyib.

“Forbes” jurnalının əməkdaşları onunla telefon əlaqəsi saxlaya biliblər. Jurnal yazır ki, onun Rusiyanı həqiqətən tərk edib-etməməsi sualını eşidən kimi o, cavab vermədən telefonu qapadıb. O, “Reuters” müxbirinin zənginə də bu şəkildə reaksiya verib.

Çubays da Rusiya elitasının digər üzvləri kimi Rusiyanın Ukraynaya təcavüzünü açıq şəkildə pisləməyib. Yalnız baş nazirin keçmiş müavini, hazırda FİDE-nin rəhbəri olan Arkadi Dvorkoviç təcavüzü pisləyib. Həmçinin dolayı formada milyarder Mixail Fridman da öz neqativ münasibətini bildirib.

Amma Çubaysın martın 19-da həmkarı Yeqor Qaydarın doğum günündə dərc etdiyi yazıda müharibə ilə bağlı örtülü fikir ayrılığını görmək olar. "Rusiyanın gələcəyi ilə bağlı müzakirələrimizdə mən həmişə onunla razılaşmırdım. Amma deyəsən, Qaydar strateji riskləri məndən yaxşı anlayırdı və mən yanılmışam",- deyə o, sosial şəbəkə hesabında yazmışdı.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »