Lüks yaxtalarını qaçaqmalçılıq yolu ilə Türkiyəyə aparan Abramoviçin ölkəyə sərmayə qoyacağı iddia edilir.
Rusiya ilə Ukrayna arasında müharibənin davam etdiyi bir vaxtda Qərb Rusiya prezidenti Vladimir Putinə yaxın oliqarxlara qarşı sanksiyalar tətbiq etməkdədir.
Bizimyol.info xəbər verir ki, Qərb ölkələrinin sanksiya qərarından sonra digər bölgələrə keçirməyə çalışan rusiyalı oliqarxlar arasında “Çelsi” klubunun sahibi, rusiyalı oliqarx Roman Abramoviç də var.
Digər Rusiya oliqarxlarından xeyli gec sanksiyaya məruz qalan Abramoviçin lüks yaxtalarından biri olan “Solaris” həftənin əvvəlində Türkiyə ərazi sularına daxil olaraq Bodrumda lövbər salıb.
Bununla yanaşı, İngiltərə xəbər agentliyi Reuters diqqətçəkən bir iddia ilə çıxış edib. İddiaya görə, agentliyə danışan mənbələr Abramoviç və digər Rusiya oliqarxlarının Türkiyənin onlara qarşı tətbiq edilən sanksiyalarda iştirak etmədiyini əsas gətirərək Türkiyəyə sərmayə yatırmaq üçün imkanlar axtardığını iddia edib. Rusiyanın Ukraynaya hücumunu tənqid edən, lakin NATO müttəfiqlərinin sanksiyalarında iştirak etməyən Türkiyənin sərmayə qoymaq və aktivləri qorumaq üçün təhlükəsiz məkan yarada biləcəyi də iddia edilib.
Onu da qeyd edək ki, ötən həftə şəxsi təyyarəsi ilə İsraildən qısa müddətə İstanbula gələn, daha sonra Moskvaya uçan Abramoviçin yaxtalarda olub-olmadığı hələlik məlum deyil.
“Abramoviç və digər varlı ruslar Türkiyəyə sərmayə qoymaqda maraqlıdırlar, çünki sanksiyalar hər yerdə tətbiq olunur. O, burada bir iş görmək və bəzi aktivlər almaq istəyir”,- deyə məsələdən xəbəri olan bir məmur Reuters agentliyinə bildirib.
Eyni mənbə Abramoviçin Türkiyədə bəzi var-dövlətlərinin olduğunu bildirsə də, başqa detalları açıqlamayıb.
Digər tərəfdən, Ankaradan bir rəsmi şəxs Reuters-ə deyib ki, “Türkiyə hazırda sanksiyalara qoşulmağı düşünmür və varlı rusların satın almasını və sərmayə qoymasını istəyir. Biz oliqarxların pullarının Türkiyəyə gətirilməsi məsələsində çox həssasıq”.
Rusiyanın başqa oliqarxlarının da Türkiyədə biznes imkanları axtarması barədə tez-tez xəbərlər yayılır.
Leyla, Bizimyol.info