Ukraynadakı müharibənin 27 günü geridə qalıb. Rusiya ordusu bir neçə şəhəri ələ keçirsə də, ümumi məqsədinə nail ola bilmir. Kreml qoşunları, demək olar, irəliləmir.
Kiyevi ələ keçirmək planı alt-üst olub. İtkilər böyükdür. Üstəlik, ordunun ərzaq təchizatı da yaxşı təşkil olunmayıb. Buna görə rusiyalı hərbçilər yerli mağazalara girmək məcburiyyətində qalır. Yayılan videogörüntülər gerçəyi ortaya qoyur.
Bizimyol.info xəbər verir ki, Rusiya məktəblərində ordu üçün ərzaq toplayırlar. Bu haqda Ukrayna Daxili İşlər Nazirinin müşaviri Anton Geraşenko danışıb. O, Rostov şəhər 61 saylı orta məktəbindən əldə olunmuş təlimat vərəqini paylaşıb. Burada şagirdlərdən xüsusi təyinatlı 22-ci briqada üçün ərzaq toplanması istənilir. Hər məktəbli öz sovqat payını hazırlamalıdır. Bağlamanın üzərində əsgərə şücaətinə görə təşəkkür edilməlidir. Xüsusi qeyd var ki, rəsm də çəkmək olar. Təlimat vərəqinin sonunda ərzaq və tələbat məhsullarının siyahısı yer alıb. Siyahıya nəzərə salaq:
“Doşirak” (qablaşdırılmış sup) – 4-5 ədəd
Konfet (sovurma) – 1 kq
Şokolad – 2-3 ədəd
Paket kofe – 1 bağlama
Qatılaşdırılmış süd (və ya cem) – 1 bağlama
Paketdə qurudulmuş meyvələr – 1 bağlama
Paket çay – 1 qutu
Üz qırxmaq üçün birdəfəlik ləvazimat – 1 qutu
Nəm salfetlər – 1 bağlama
Corab (kişi üçün) – 2 cüt
Geraşenko deyib ki, bu addım ona SSRİ-ni xatırladır: “Yadıma gəlir, sosialist Nikaraqua üçün əşya və ərzaq toplayırdılar, dəstək məktubları yazırdılar. Onlar gerçəkdən SSRİ-ni qaytarmaq istəyirlər. Amma təkcə ərazi olaraq yox, həm də sovet adamı ruhunu”.
Rusiya Müdafiə Nazirliyi hadisəni şərh etmək istəməyib.
Kreml qoşunları Ukraynaya fevralın 24-də hücum edib. Rusiya ordusu indiyə qədər 15 mindən çox hərbçisini itirib. Ən azı 500 tank sıradan çıxıb. Ukrayna müqavimət qüvvələri qarşı tərəfin 100 qırıcı təyyarısini məhv edib.
Aytən, Bizimyol.info