Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Putin bizim bunu edəcəyimizi deyirsə, özü onu etməyə hazırlaşır, zarafat etmirəm” - Bayden
“Putin bizim bunu edəcəyimizi deyirsə, özü onu etməyə hazırlaşır, zarafat etmirəm” - Bayden

ABŞ prezidenti Co Bayden hesab edir ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada Rusiya ordusunun uğursuzluğu üzündən “divara dirənmiş” vəziyyətdədir.

Onun sözlərinə görə, Putin Qərb dünyasının birliyini və Ukraynanın Rusiya təcavüzünə qarşı müqavimət gücünü lazımınca qiymətləndirməyib. Bu barədə o, Vaşinqtonda biznes nümayəndələri ilə görüşündə bildirib.

Eyni zamanda, Baydenin fikrincə, Putin nə qədər “divara sıxılırsa”, bir o qədər aqressiv taktikalara əl ata bilər. O, Rusiyanın hipersəs silahlarından istifadəsini belə aqressiv taktikaya nümunə adlandırıb və bununla da ABŞ-ın ondan istifadə faktını qeydə aldığını rəsmən təsdiqləyib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynadakı hədəflərə qarşı “Kinjal” hipersəs raketlərinin tətbiqi ilə bağlı iki faktı rəsmən açıqlamışdı.

ABŞ prezidenti Rusiyanın Ukraynada kimyəvi silahdan istifadə edə biləcəyindən də narahat olduğunu bildirib. "Putin NATO-nun, Ukraynanın və ya ABŞ-ın nəsə edəcəyini söylədiyi zaman əslində özü bunu etməyə hazırlaşır. Mən zarafat etmirəm",- deyə Bayden bildirib. Bundan əvvəl Rusiya Müdafiə Nazirliyi Ukraynanın kimyəvi silahdan istifadə edərək təxribat törətməyə hazırlaşdığını iddia etmişdi. ABŞ prezidenti onu da vurğulayıb ki, ABŞ-ın Avropada nə kimyəvi, nə də bioloji silahı var.

ABŞ prezidenti deyib ki, Ukrayna Qərb ölkələrindən aldığı silahlardan səmərəli istifadə edir. Onun sözlərinə görə, bu silahlar “Rusiya hərbçiləri, onların tankları, helikopterləri və təyyarələri üçün xaos yaradır”. ABŞ və müttəfiqləri Ukraynanı xüsusilə hava hücumundan müdafiə sistemləri və tank əleyhinə silahlarla təmin edir.

Bayden sabah - martın 23-də Avropaya səfər edəcək, orada martın 24-də Rusiyanın Ukraynaya müdaxiləsinə həsr olunmuş NATO sammitində iştirak edəcək, martın 25-də isə Polşaya səfər edəcək. ABŞ öz müttəfiqləri ilə Rusiyaya qarşı sanksiyaların sərtləşdirilməsi və Ukraynaya daha çox silah tədarükünün mümkünlüyünü müzakirə edəcək.

Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »