Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın Ukrayna planının əsl üzü: Kremlin strateqi bu barədə xeyli əvvəl yazmışdı
Rusiyanın Ukrayna planının əsl üzü: Kremlin strateqi bu barədə xeyli əvvəl yazmışdı

Ukrayna müharibəsi davam edir. Hələlik diplomatik gedişlərdən heç bir nəticə əldə olunmayıb. Ukrayna müharibəsinin Avropa, Aİ, NATO və ABŞ baxımından geosiyasi məzmununu əvvəlki yazılarımızda qeyd etmişdik. İndi isə rubrika çərçivəsində məsələyə Rusiyanın baxış bucağından yanaşaq.

Ukrayna Rusiyanın geosiyasi çərçivəsinin tərkib hissəsidir. Tarix boyu həmişə belə olub. Fransanın şimalından Ural dağlarına qədər uzanan Şimali Avropa düzənliklərinin geosiyasi birliyi bir-birinə qarışıb. Rusiya bu geosiyasi mühitin ən böyük üzvü olduğu halda, ondan sonra ikinci ən böyük ölkə kimi Ukrayna həm geosiyasətinin tərkib hissəsidir, həm də Avropa mərkəzinə qarşı bufer funksiyası ilə geostrateji həssaslığıdır.

Soyuq Müharibə dövrünün ikiqütblü sistemi ləğv edildikdən sonra NATO-nun mövcudluğunu davam etdirmək qərarından asılı olaraq, Rusiya həm geosiyasi, həm də geostrateji həssaslığını ən yüksək səviyyədə nümayiş etdirməyə başladı.

Ukrayna Rusiya üçün geosiyasi sinir nöqtəsidir. O, NATO, ABŞ və ya Aİ-nin özünə qarşı yönələ biləcək hər hansı addımını sinir sisteminə toxunulmuş addım hesab edir və hər dəfə ən sərt şəkildə cavab vermək istəyir. Bu gün baş verən hadisələr də onunla əlaqədardır.

Rusiyanın Ukraynaya qarşı müharibəsi Qərbin Ukrayna ilə bağlı geosiyasi israrına həmişəlik son qoymaq üçün atılan addımdır. Bu gedişatın istiqamətini təkcə Kiyevin siyasi dəyişikliyi deyil, həm də Rusiyanın geosiyasi çərçivəsinin müəyyən etdiyi Ukrayna xəritəsində xətlərin necə formalaşması müəyyən edəcək. Yəni, Rusiya Ukraynada yeni geosiyasi xəritə yaratmadan müharibəyə son qoymayacaq. Rusiya üçün Ukraynasız Avrasiya strategiyası, böyük əksiklikləri olan ciddi strategiyadır. Ona görə də Ukraynaya nəzarət Rusiya üçün vacibdir. Əslində Rusiyanın Avrasiya strategiyası ilə bağlı cızdığı xəritədə Ukraynaya verilən rol olduqca əhəmiyyətlidir.

Bu mövzuda Kremlə yaxınlığı ilə tanınan rusiyalı strateq Aleksandr Duqinin “Rusiyanın geosiyasəti” kitabında Ukraynanın vurğulanması və Ukraynanın gələcəyi ilə bağlı qətiyyətləri də Rusiyanın Ukraynaya qarşı indiki vəziyyətini anlamaq baxımından diqqətçəkəndir. Bu arada Duqin başqa xalqlara baxışlarında faşizm mövqeyindən çıxış etməsi ilə də tanınır.

Duqin öz kitabında bu haqda belə qeyd edir:"Ukraynanın geosiyasi ölçüsü mühüm məsələdir. Bu, Ukraynaya görə bir çox böyük Avropa dövlətlərini üstələyən nəhəng ərazi qurumudur. Adı çəkilən ölkədə həm ayrı-seçkilik, həm də siyasi hökmranlıq meyilləri təsvir olunmaz dərəcədə aktivdir. Ukrayna, dövlət olaraq heç bir geosiyasi məna daşımır, onun nə universal mədəni dəyəri, nə coğrafi bərabərsizliyi, nə də etnik spesifikliyi var. Bu ölkənin tarixi mənası "Ukrayna", yəni "sərhəd bölgəsi" (okraina), "sərhəd torpaqları" adı ilə təsvir edilmişdir.

Belə ki, Rusiya nöqteyi-nəzərdən Ukraynanın mövcud sərhədləri və “suveren dövlət” statusu ilə mövcudluğu Rusiyanın geosiyasi təhlükəsizliyinə vurulmuş dəhşətli zərbəyə bərabərdir və bu, onun ərazisinə müdaxilə ilə eyniləşdirilə bilər.

Eyni zamanda, rus strategiyasına görə, Unitar Ukraynanın sağ qalmasına daha icazə vermək olmaz. Bu ölkəni geosiyasi və etnik-mədəni reallıqların müxtəlifliyinə uyğun olaraq bir neçə hissəyə bölmək olar: Bunlar;  1-Şərqi Ukrayna,  2-Krım, 3-Ukraynanın mərkəzi hissəsi, o cümlədən Kiyev, Çerniqovdan Odessaya qədər, 4-Qərbi Ukrayna bölgəsi: burada isə şimalda Volın bölgəsi, cənubda - Lvov vilayəti, daha cənubda Zakarpatye və nəhayət, Bessarabiyanın şərq hissəsi”.

Daha sonra  Duqin öz kitabında bunları qeyd edir: “Ukrayna faktoru Rusiyanın qərb cinahının ən zəif nöqtəsidir. “Suveren Ukrayna”nın mövcudluğu faktı geosiyasi səviyyədə Rusiyaya müharibə elanıdır. Ukrayna məsələsi Moskvanın üzləşdiyi əsas ciddi problemdir”.

Nəticə etibarilə, Duqinin 2003-cü ildə türk dilinə tərcümə edilən "Rus geosiyasəti; Avrasiya yanaşması" kitabında Ukraynaya vurğu etməsi, bu gün Rusiyanın Ukraynada fəaliyyət göstərdiyi geosiyasi və hərbi proseslərdən heç də uzaq deyil.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »