Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Xüsusi əməliyyat: Öz xalqına qarşı...
Xüsusi əməliyyat: Öz xalqına qarşı...

"Komsomolskaya Pravda" Rusiya ordusunun Ukraynada verdiyi itkilərdən yazmışdı. Sildirdilər.

Yox, qəzet bunu özündən uydurmamışdı. Rusiya Müdafiə Nazirliyinə istinadla dərc etmişdi. Yəni rəsmi təsdiqlənmiş xəbər idi. Sonra birdən ayıldılar və xəbəri sildirdilər. Bir xəbər nə ki?! Rusiya rəhbərliyi Ukraynada bütöv şəhərləri, kəndləri xəritədən silib. Minlərlə dinc sakini həyatdan silib. Onların arasında 100-dən çox uşaq var. Eyni zamanda özünün minlərlə əsgər və zabitini hesabdan silib. Öz etiraf edib sildirdiyi xəbərdə 9861 əsgər və zabit itirdiyi məlum olur. Ukrayna tərəfi bu rəqəmin 15 minə yaxın olduğunu açıqlayır. Rusiyanın özünün rəsmən etiraf etdiyi 10 minə yaxındırsa, deməli, 15 minə yaxın var. Ukrayna prezidenti Rusiyaya: "Gəlin, əsgərlərinizin cəsədlərini yığışdırın" deyəndən sonra itkilərini açıqlamaq zorunda qaldılar.

Burdan nə məlum oldu? Məlum idi ki, Rusiya öz əsgərinə, vətəndaşına dəyər vermir. Bunu 90-cı illərin ikinci yarısında Çeçenistanda da gördük. Qroznının küçələrində itlər Rusiya əsgərlərinin cəsədlərini söküb yeməkdən qudurmuşdular. Həftələrlə cəsədlər küçələrdə qalırdı. Çeçenlər: "Gəlin, götürün" deyirdi, dəhliz verirdi. Çünki iydən baş çatlayırdı, infeksiya təhlükəsi böyüyürdü. Ancaq... Rusiya tərəfinin nümayəndələri gəlmirdi. Öz canlarının qorxusundan və öz əsgərlərinə olan biganə münasibətdən.

Hə, tutaq ki, Çeçenistanda "Konstitusiya quruluşunu bərpa etmək" üçün vuruşurdular (necə "bərpa" etdikləri də Ramazan Kadırovdan görünür), bəs Ukraynada niyə qırdırır Putin Rusiya əsgərlərini?! Sonra da cəsədlər tökülüb qalır Ukrayna çöllərində. Bir hərbi nəqliyyat təyyarəsini Ukraynalılar necə vurdusa, Rusiya əsgərlərinin cəsədləri göydən dolu kimi yağırdı. Videogörüntüləri paylaşılmışdı.

Yaxşı, deyək ki, bu, müharibə yox, "xüsusi hərbi əməliyyat" idi. Birinci 3 gündə 3000-dən çox əsgər itirmək! Günə 1000 əsgər düşürdü. Budur, xüsusi?! Buna ordu dilində "canlı qüvvə" deyirsiniz. Sadəcə, qüvvə kimi baxırsınız. Kiminsə başına vurulan qapaz kimi. Müqayisə etmirəm. Bizdə müharibə apardıq. Ancaq öz torpağımızda. Öz torpağımız uğrunda. Ona görə şəhidlik mərtəbəsindədir, hər birinin mübarizəsinə, xatirəsinə ayrıca yüksək hörmət, dəyər, ailələrinə diqqət göstərildi və göstərilir. Eləcə də, qazilərə. Ancaq Ukraynaya qarşı müharibdə 10-15 min Rusiya vətəndaşı ona məxsus olmayan torpaqlarda öldü. Onların çoxunu heç yığıb aparmırdılar da. İndi-indi dəfn mərasimlərini televiziya ekranlarından göstərirlər. Ukraynada "xüsusi əməliyyat zamanı qəhrəmancasına" həlak olduğunu deyirdilər. Öz soyundan olan bir xalqa qardaş xəyanəti olan bu müharibədə necə "qəhrəmanlıq" göstərilib?! Qardaşını öldürməyi şücaətmi sayıblar?!

Bu da bir yana. Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəisi Gerasimov: "Heç bir canlı qüvvə itkimiz yoxdur" deyə efirdən üzə duranda artıq 3 mindən çox rus hərbi qulluqçu həyatda yox idi. Putin özü Şoyqu ilə məşhur telefon danışığında elə bu Gerasimova yaxşı qiymət vermişdi: "Gerasim inək kimi mələyir". Doğrudan da, Valeri Gerasimovun Ukraynadakı bu halı buz üstünə çıxmış inəyi xatırladır; irəliyə doğru atmaq istədiyi hər addımda yıxılır.

Bu dəfə də belə yıxıldı: "İtkilərimiz yoxdur" dedi. Ancaq qəbirqazanlar qazıb çatdıra bilmir. Ukrayna çöllərində, şəhərlərində vurulub metalloma çevrilən, ya da elə sağ-salamat atıb qaçdıqları hərbi texnikanı hesaba almaya bilərlər. Ancaq canlı insanları hesabdan silmək niyə bu qədər asan olsun ki?! Özü də bir xəbəri bir saytdan sildirəcək qədər asan.

İlahi, necə də xüsusi bir əməliyyatmış! Həm də təkcə Ukraynalılara qarşı yox!

Seyid Əhmədli, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »