Kişilər çox zaman yay-qış eyni stilə, bəzən isə eyni geyimlərə üstünlük verir. Daha doğrusu, geyim seçimi etmir. Buna görə də, çox zaman qadınlarla müqayisədə kişilərin daha az geyimə pul xərclədiyi iddia edilir. Azərbaycanda da kişilərin əksəriyyəti eyni formada, eyni stildə geyinir. Seçilmək istəyənlər isə, bəzən elə rənglərə üstünlük verir ki, uzaqdan baxanda da yaraşmadığını və başqa imic yaratdığını anlamış olursan.
- Ümumiyyətlə, Azərbaycanda kişilərin çoxu "necə geyinmək lazımdır?" - sualına "kişi kimi" cavabını verir. Bəs kişilər dəblə ayaqlaşmalıdırmı?
Barmaqarası səndəl və şort… Bu geyimlər əksər Azərbaycan kişilərinə yad olsa da, yeni nəslin nümayəndələri artıq bu geyimlərə üstünlük verməyə başlayıb.
- İsti havalarda kişilər necə geyinməlidir?
Stilist Nərmin Rüstəmova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, kişilər də dəblə ayaqlaşmalıdır. Və təcrübələr göstərir ki, dəblə ayaqlaşan kişilər qadınların diqqətini daha çox çəkir.
“Bilirsiniz ki, kişilərin istiyə dözümü az olur. Bunun üçün də yay aylarında incə parçalardan tikilmiş geyimlər seçilməlidir. Yəni geyim alan zaman əlinizə götürün, geyimi yüngül hiss edirsinizsə, artıq geyinib necə yaraşdığına baxa bilər və ala bilərsiniz. Pambıq və kətan parçalardan tikilmiş geyimlər daha gözəl görünür. Geyimi işığa tutun. Əgər işığı az da olsa keçirirsə, bu geyimi ala bilərsiniz. Həm də təbii və yüngül parçalar daha tez quruyur. Pambıq parçaların ağır geyimlərini geyinməyin” - deyən stilist qeyd edirki, sintetik parçaların texnologiyası da son zamanlar inkişaf edib. Bu parçalardan hazırlanmış kostyumu isti havalarda da geyinmək mümkündür.
Nəfəs ala bilən parçalar, isti hava üçün ən yaxşıdır. Nəmi özündə saxlayan parçalar xoş olmayan qoxuların yaranmasına da səbəb olur. Geyimlər, bədəni soyuqdan və istidən qoruyur. Buna görə də uzun şalvarlar qısa şortlardan daha yaxşıdır.
“Eyni zamanda bu il kişilər üçün kətanın müxtəlif rənglərində uzun qol şalvar və köynəklərin dəbdə olacağını qeyd etməliyik. Enli geyimlər, köynəklər kişilər üçün bu ilin yay modasında əsas yer tutur. Astarı olmayan pencəklər və incə rəngləri gözə çarpmayan ayaqqabılar, geyiminə önəm verən hər bir kişinin qarderobunda mütləq olmalıdır” -deyən stilist, kişilərə bu il yayda açıq rənglərə üstünlük verməyi tövsiyyə edir. Onun sözlərinə görə, tünd rənglər işığı əmib daha isti saxlamaqla yanaşı dəbə də uyğun deyil:
“Ağ, mavi, boz, krem rəngi, sarı və bu rənglərin müxtəlif çalarları sizi yayda daha sərin saxlayacaq. Daha parlaq rənglər sizi kütlənin arasında daha çox diqqətə çəkər. Məsələn qırmızı, narıncı, çəhrayı rənglər kişilər üçün deyil. Bu il həsir papaqlar da dəbdə olacaq. Əgər cins geyimlərə marağınız daha çoxdursa, cinsin də nazik olanını seçin. Ayaqlar insan orqanizminin ən çox tərləyən hissəsidir. Buna görə də yay aylarında corabsız ayaqqabı geyinmək istədiyiniz zaman nəzərə alın ki, pambıq corablar seçməlisiniz. Nəfəs ala bilən ayaqqabılar seçin. Klassik geyim stiliniz varsa, klassik ayaqqabılara üstünlük verməlisiniz. Məsələn, bir kostyumla “vyetnamka” yaxşı görünməz”.
Stilist bildirir ki, geyim seçmək kişinin xarakteri ilə bağlı bir məsələdir. Məsələn tünd rəglər ciddi xarakterin, açıq rənglər mülayimliyin, parlaq rənglər nə istədiyini bilməyən kişilərin rəngidir. Buna görə də insanlarda fərqli düşüncə yaratmamaq üçün geyim seçərkən diqqətli olun.
İlahin, Bizimyol.info