Rusiyanın maliyyə sistemi güclü tənəzzül mərhələsinə qədəm basıb. Bunu hətta Rusiya Mərkəzi Bankının açıqladığı rəqəmlərdən də görmək olar.
Bizimyol.info xəbər verir ki, fevral ayında müharibənin altı günü ərzində Rusiya vətəndaşları bank depozitlərindən 11,5 milyard dollardan (1,2 trilyon rubl) çox pul çıxarıblar. Bu, 2008-ci il qlobal maliyyə böhranından sonra ən böyük əmanət azalmasıdır. Bu arada bu ilin mart ayına aid rəqəmlər hələ açıqlanmayıb.
Bu, Mərkəzi Bankın Rusiyanın RBK nəşrində yayılmış məlumatlarında yer alıb. "Mütləq anlamda bu, ən azı 2008-ci ildən bəri ən əhəmiyyətli depozit axınıdır. Rəqəmlər yalnız Mərkəzi Bankın ilkin məlumatları əsasında açıqlanıb. Nisbi baxımdan banklardakı əmanətlər yalnız 2008-ci ilin oktyabrında - qlobal böhranın pik nöqtəsində daha güclü şəkildə azalmışdı”,- deyə məlumatda bildirilir.
Bununla belə, bu rəqəmlərin yalnız 6 günü əhatə etdiyini nəzərə alsaq, mart ayında daha nəhəng rəqəmlərin qeydə alınacağı gözlənilir.
Qeyd edək ki, Rusiyada Ukraynaya qarşı müharibə nəticəsində genişmiqyaslı maliyyə böhranı yaranıb. ABŞ və Avropa İttifaqı ölkəyə valyuta idxalına qadağa qoyub, Mərkəzi Bankın ehtiyatları dondurulub (təxminən 300 milyard avro). Bundan başqa, bəzi banklar SWIFT beynəlxalq məlumat mübadiləsi sistemindən çıxarılıb.
Rusiya vətəndaşları bankomatların qarşısında uzun növbələrə düzülüblər. Onlar rubl vəsaitlərini hesablardan çıxarıb sonradan dollar almağa çalışırlar. Vəziyyəti xilas etmək üçün Rusiya hökuməti nağd dolların alınmasını qadağan edib. Lakin bu da vəziyyəti dəyişməyib.
Rusiyanın Ukraynaya hücum qərarı əslində Rusiya iqtisadiyyatının çökməsinə səbəb olub. Rusiyada həftəlik inflyasiya ardıcıl ikinci həftədir ki, rəsmi məlumatlara görə, 2 faiz təşkil edir. Bu templə qiymətlər bir ildə 104 faiz yüksələ bilər. Eyni zamanda, bəzi mallar artıq 92 faiz bahalaşıb, baxmayaraq ki, bu artım rəsmi statistikaya daxil edilməyib. Rusiyada artıq şəkər tozu və qənd çatışmazlığı yaranıb. Bu üzdən şirniyyat məhsullarının da qiyməti artmağa başlayıb.
Bizimyol.info