Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Çin susacaq, ya hərəkətə keçəcək? - Baydendən Çinə daha bir xəbərdarlıq
Çin susacaq, ya hərəkətə keçəcək? - Baydendən Çinə daha bir xəbərdarlıq

Amerika Prezidenti Bayden Çin rəhbəri Si Cinpinlə iki saatlıq müzakirə keçirib. Müzakirədə Çinin Rusiyaya mümkün yardımı müzakirə olunub. Məlumata görə, Bayden bu məsələdə Çinə xəbərdarlıq edib. Lakin Çinin nə cavab verdiyi və ya tam olaraq nə düşündüyü bəlli deyil. Bayden müxbirlərdən birinə bu görüşün normal bir müzakirə olduğunu deyib və uzaqlaşıb. Bunu həmin görüşmənin o qədər də müsbət nəticələnmədiyi kimi dəyərləndirmək olar.

Çünki cəmi bir gün sonra Çin bəyanat verdi ki, NATO Şərqə doğru genişlənməsini dayandırmalı və bununla bağlı təminat verməlidir. Hələlik, Çin özünü bloklayacaq bir addım atmayıb. Amma onun mövcud məsələyə hansı istiqamətdə yanaşacağı da sual altındadır. Çünki Çin böyüklüyündə bir dövlətin atacağı addım önümüzdəki uzun illərin ən mühüm həlledici gedişlərindən biri ola bilər.

Üstəlik, Çin çox yaxşı bilir ki, Amerika ona qarşı da mehriban deyil və Rusiyadan çox, Çinlə mübarizə aparmaq istəyir. Ona görə də, bu gün ən vacib suallardan biri Çinin hansı addımları atacağıdır. Çin Rusiyaya yaxınlaşarsa, dünya siyasəti uzun və qütbləşmiş mübarizə dövrünə qədəm qoyacaq. Yox, əgər susmaqda davam etsə, yəni Rusiyaya dəstək verməsə, növbənin ona çatacağı bilinən məsələdir.

Bu səbəbdən, Rusiyanın Avrasiyada Qərblə qarşıdurması Çin üçün hardan baxsaq, ən mühüm fürsətdir. Rusiyanın sürətlə dağılması isə Çinə heç bir xeyir verməyəcək. Ona görə də, Rusiyanı dəstəkləmək barədə ciddi düşünməlidir. Digər tərəfdən, Rusiyaya dəstək, Qərb dünyası ilə erkən qopmağa da səbəb ola bilər. Bu ehtimalı düşünənlər Çinin nə edəcəyini proqnozlaşdırmaqla, həm də ticarət əlaqələri, Çin-Rusiya rəqabəti və Çin mədəniyyəti kimi bəzi amillərin əhəmiyyətinə diqqət çəkirlər. Başqa bir tərəfdən, Çin düşünə bilər ki, Qərbin Rusiyaya qarşı mərhələli sanksiya tətbiqləri onun özünə şamil edilməyə bilər. Yəni ki, Qərbin Çinə sanksiya tətbiq etməsini real görmür.

Çin rəhbərliyi Qərbin Çinlə olan ticarət əlaqələrini də hesaba qatır və buna görə də bir qədər cürətkar davranır. Ancaq təkcə ticarət səbəbindən Rusiyanı dəstəkləməkdən çəkinməsi, real görünmür. Ola bilsin, bu, sadəcə olaraq, Çinin qərarını bir qədər gecikdirsin. Bəziləri iddia edir ki, Asiyada Rusiya ilə Çin arasında rəqabət var, ona görə də Çin Rusiyanı dəstəkləməyəcək. Bu yanaşmanı doğru hesab etmirəm. Bəli, hər iki ölkə bir-birlərinə qarşı təhdid yaratdıqlarını anlaya bilərlər, lakin real təhlükənin haradan gəldiyini görmək iqtidarında deyillər.

Çin mədəniyyətinin aqressiv xarici siyasətdən uzaq olduğunu deyənlər də var, bununla da qismən razılaşmıram. Mənə görə bu, tarixi mütaliəyə əsaslanan yanlış qiymətləndirmədir. Çin indi açıq şəkildə özünü qlobal oyunçu kimi görür və bu psixologiya digər ölkələrin milli maraq anlayışlarından çox da fərqlənmir. Ona görə də düşünmürəm ki, Çinin Rusiyaya münasibəti nə Qərblə ticarət əlaqələri, nə Rusiya ilə rəqabət məsələsi, nə də Çinin ənənəvi xarici siyasət münasibəti ilə müəyyənləşsin. Yeni beynəlxalq nizam var və bu, Çinin münasibətini müəyyən edəcək.

Mətin Şükürlü, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »