Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin adı var, özü yox...
Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin adı var, özü yox...

Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin fəaliyyətindən təkcə vətəndaşlar deyil, ekspertlər də eləcə də jurnalistlər narazıdır.

Bir müddət əvvəl “Azad istehlakçılar” Birliyinin sədri Eyyub Hüseynov Bizimyol.info xəbər portalına açıqlamasında bildirmişdi ki, qurumun rəhbərliyinə Məmməd Abbasbətli təyin edildikdən sonra, dəfələrlə quruma məktub yazıb, onunla görüşməyə çalışsa da, ekspertin bu cəhdləri nəticəsiz qalıb. Hətta martın 15-də Beynəlxalq İstehlakçı Hüquqlarının Müdafiə günündə də bu qurumun sözün əsl mənasında səsi çıxmadı.

Eyyub Hüseynov Eyyub Hüseynov

Xatırladaq ki, “Azad İstehlakçılar Birliyi” hələ Antiinhisar və İstehlakk bazarına Nəzarət Dövlət Xidməti yaranmamışdan əvvəl yaranan bir qeyri-hökumət təşkilatıdır. Təşkilatın sədri Eyyüb Hüseynov, bu illər ərzində gücü çatdığı qədər istehlakçı hüquqlarını müdafiə etməyə çalışıb.

Bir müddət əvvəl isə, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz də qeyd edib ki, qurum illik hesabat verib və bu tədbirə ancaq jurnalistləri dəvət edib. Onun fikrincə, bu tədbirlərə bütün maraqlı tərəflərin nümayəndələri, ekspertlər dəvət edilməli idi.

Ekspert həmçinin vurğulayıb ki, tədbirdə açıqlanan məlumatlarda ekspertləri narahat edən məsələlərə toxunulmayıb. Osman Gündüz hesab edir ki, bu müddət ərzində qurumda müəyyən müsbət addımlar atılsa da, köklü problemlər qalır. Ekspert, xüsusi olaraq prezidentin dəfələrlə ictimai nəzarətin gücləndirilməsi məsələsinə toxunaraq qeyd edib ki, inhisarçılıq və təbii inhisar sektoru ictimai nəzarətin ən çox vacib olduğu sahədir. Ancaq təəssüf olsun ki, qurum tədbirlərə ekspertləri dəvət etmir.

“Qurum, ictimai müzakirələr təşkil etmir. İctimai iştirakçılıq üçün rəqəmsal imkanlar, rəqəmsal həllər yaradılmayıb. Elektron Satınalma Portalı təkmilləşdirilməyib. Bu portal, regionun oxşar resursları arasında ən zəif informasiya resursudur. Bu resursun hazırlanmasının texniki şərtini kim hazırlayıbsa, tam əminliklə deyə bilərəm ki, inhisarçılıqda marağı olan tərəf olub” - deyən ekspert həmçinin bildirib ki, hələ də məlum deyil ki, bu portalın sahibi Antiinhisar Dövlət Xidmətidir, yoxsa Elektron Hökumətin İnkişafı Mərkəzidir.

İki ekspertin bir qurumdan narazılığı göstərir ki, qurum yetərli qədər əhatəli fəaliyyət göstərə bilmir. Qeyd edək ki, Bizimyol.info xəbər portalının da quruma yönləndirdiyi bir neçə sorğu var ki, ya əksik cavablandırılır, ya da cavabsız qalır. Belə olan halda istehlakçı hüquqlarını bu qurumun müdafiə edə biləcəyinə kim zəmanət verə bilər? Hətta Eyyub Hüseynov dəfələrlə vurğulayıb ki, qurumlar biznes qurumlarını müdafiə edir, istehlakçıları yox.

Düşünürəm ki, Antiinhisar və İstehlak bazarına Nəzarət Dövlət Xidmətinin yenidən formalaşdırılması barədə yenidən düşünmək lazımdır. Yoxsa, şablon şəkildə fəaliyyət gösətərən bir qurum istehlakçının nəyinə lazım? Bütün ölkə, ordu, iqtisadiyyat istehlakçı üzərində bərqərar olursa, istehlakçı hüququnun qorunmaması orduya, ölkəyə və iqtisadiyyata vurulan zərbə demək deyilmi?

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »