Putinin mətbuat katibinin qızı inandırmağa çalışıb ki, “baş verənlərlə heç bir əlaqəsi yoxdur”. Amma Ukraynada uşaqların öldürülməsini də qınamaq istəmir.
Putinin mətbuat katibi Dmitri Peskovun qızı Yelizaveta Peskova ona qarşı tətbiq edilən sanksiyaları “əsassız və ədalətsiz” hesab edir. O, bu barədə “Business Insider” nəşrinə açıqlamasında danışıb.
Qız qeyd edib ki, o, "sadə bir ailədən deyil". Y.Peskova əmin edib ki, vəziyyətə təsir edə bilməz, ona görə də ona və qardaşına qarşı qoyulan məhdudiyyətlər onu təəccübləndirib.
"Mənə elə gəlir ki, bu, tamamilə ədalətsiz və əsassızdır. Mən çox təəccübləndim, çünki 24 yaşı olan və vəziyyətlə heç bir əlaqəsi olmayan bir şəxsə qarşı sanksiyaların tətbiq edilməsi qəribədir",- deyə Peskovun qızı bildirib.
Yelizaveta bildirib ki, sanksiyalar digər rusiyalılardan fərqli olaraq onun maliyyə vəziyyətinə təsir etməyəcək. Bununla belə, o, səyahət məhdudiyyətlərindən məyus olub.
"Mən əsəbiləşirəm, çünki səyahət etməyi və fərqli mədəniyyətləri sevirəm. Mən dünya vətəndaşıyam və vəziyyətlə bağlı heç nə edə bilmirəm".
Peskova Rusiya Federasiyasının Ukraynada başlatdığı müharibəni müzakirə etməkdən imtina edib. Yelizaveta Peskova hazırda müharibəyə münasibət bildirməkdən boyun qaçırsa da, daha əvvəl öz sosial şəbəkə hesabında baş verənlərə münasibət bildirmişdi. O, "müharibə yoxdur" yazaraq Rusiyanın hücumuna haqq qazandırmış və bunun guya oradakı insanların müdafiəsi üçün “xüsusi əməliyyat” olması barədə ideologiyaya dəstək vermişdi. Lakin sonradan sanksiya qorxusu altında yazdıqlarını silmişdi. Bununla belə, onun “zirək” tərpənməsi onu sanksiyalardan qoruya bilməmişdi.
Hazırda dəbdəbəli səyahətləri “bloklandığına” görə məyus olan və əsəbiləşən Yelizavetanın açıqlamalrından bir daha görünür ki, həyatını itirən günahsız insanlar, o cümlədən 100-dən artıq öldürülmüş uşaq onun vecinə də deyil. Onun faciəsi sadəcə olaraq, dəbdəbəli əyləncələrinin zədələnməsidir.
Xatırladaq ki, 2022-ci il fevralın 24-də Rusiya Federasiyası müstəqil Ukraynaya qarşı müharibəyə başlayıb və ölkədə əsl insanlıq faciəsi yaşanır. Rusiya ordusu Ukraynanın dinc şəhərlərini ağır silahlardan atəşə tutur, dinc əhali, o cümlədən uşaqlar və qadınlar həlak olur.
Rusiyanın işğalı başlayandan sonra dünya dövlətləri Rusiya Federasiyasına qarşı sanksiyalar tətbiq ediblər. Məhdudiyyətlər ölkədə valyuta dövriyyəsi, borc öhdəlikləri, Rusiya banklarına qarşı sanksiyalar və s. əhatə edir. Müharibənin cəmi iki həftəsi ərzində rublun real bazar məzənnəsi təxminən 3 qat dəyər itirib. Analitiklər bu ilin aprelində Rusiya iqtisadiyyatında defolt olacağını proqnozlaşdırırlar.
Qlobal istehsalçılar və markalar Rusiya bazarını kütləvi şəkildə tərk etməyə başlayıblar.
Bizimyol.info