Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Kürün suyunun azalması ilə bağlı "Azərsu"dan açıqlama
Kürün suyunun azalması ilə bağlı "Azərsu"dan açıqlama

Artıq bir neçə ildir ki, Xəzərin suyunun Kür çayına qarışması Neftçala rayonun bir hissəsini içməli suya möhtac hala gətirib. Bu istiqamətdə işlər görülsə də, problemi köklü şəkildə həll etmək hələ ki, mümkün görünmür. Ekspertlərin fikrincə, Xəzərin suyunun Kürün suyuna qarışmasına səbəb Kürün qurumasıdır.

Kürün suyunun isə quruma səbəbləri müxtəlif şəkildə izah edilir. Bəzi ekspertlər bunu iqlim dəyişiklikləri, bəziləri isə, Kürün axıb gəldiyi ölkələrdə qarşısının alınması ilə əlaqələndirirlər. Səbəb hər nə olursa, olsun nəticədə minlərlə Neftçala sakini suya həsrət şəkildə yaşayır. İçməli su sakinlərə maşınlarla gətirilir. Maldarlıq, əkinçilik sahəsi çökmüş vəziyyətdədir. Sakinlər hətta bağlarını, ağaclarını belə suvarmağa su tapmırlar. Belə davam edərsə, rayon əhalisinin köçürülmə məsələsi də gündəmə gələ bilər.

Məsələ ilə bağlı Bizimyol.info xəbər portalının sorğusuna cavab verən Azərsu ASC-nin ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Anar Cəbrayıllı bildirib ki, Kür çayının aşağı axınında Xəzər dənizinin suyunun çay suyuna qarışması Neftçala rayonunda əhalinin içməli su təminatında çətinliklər yaradıb:

Anar Cəbrayıllı Anar Cəbrayıllı

“Əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədilə cənab Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq Şirvan-Muğan qrup su kəmərindən Neftçala şəhərinə 40 km uzunluğunda magistral su kəməri və həcmi 7500 m3 olan anbar inşa olunmuşdur. Hazırda Neftçala şəhəri və rayonun 11 kəndi yeni yaradılmış infrastruktur hesabına dayanıqlı və keyfiyyətli içməli su ilə təmin edilir. Digər kənd və qəsəbələrdə əhalinin içməli suya olan tələbatı daşıma yolu ilə ödənilir və 17.03.2022-ci il tarixində bu məqsədlə 18 ədəd sudaşıyan maşın cəlb olunub”.

Neftçala rayonunun içməli sudan əziyyət çəkən digər kənd və qəsəbələrinin su təminatı ilə bağlı layihə təklifləri hazırlanıb və aidiyyəti üzrə təqdim edilib. Layihəyə əsasən, mövcud magistral kəmərin imkanlarından istifadə edilməsi, eyni zamanda, magistral kəmərin növbəti hissəsinin inşası ilə Neftçala rayonunun içməli sudan əziyyət çəkən bütün yaşayış məntəqələrində içməli su çatışmazlığının həlli nəzərdə tutulur.

Xatırladaq ki, Kürün quruması, Xəzərin suyunun Kürün suyuna qarışması problemi yeni deyil. Əvvəlcə gözə qlobal bir problem kimi görünməsə də, bu rayonun əhalisinin köçürülmə ilə qarşı-qarşıya qalması dövlət üçün də müəyyən problemlər yarada bilər.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »