Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
“Ukrayna Rusiyanı döyüş meydanında alçaldır”
“Ukrayna Rusiyanı döyüş meydanında alçaldır”

Ukrayna müharibəsinin 23-cü günü də böyük itkilərlə fərqlənib. Rusiya ordusunun ən azı 400 hərbçisinin həyatını itirdiyi bildirilir. Ümumiyyətlə, Kreml qoşunlarının itkisi 14 min nəfəri keçib.

Ukrayna müqavimət qüvvələri gözlənildiyindən qat-qat yaxşı təsir bağışlayır. Rusiya ordusunun azı 450 tankı, 200-dən çox təyyarəsi və helikopteri sıradan çıxarılıb. Kreml açıq-aşkar müharibəni uduzur.

Bizimyol.info xəbər verir ki, “Royal United Services Institute” analitik mərkəzinin keçmiş rəhbəri Maykl Klark Rusiya ordusunun vəziyyətinin müzakirə edildiyindən daha ağır olduğunu deyib. Hərbi ekspertin fikrincə, şimal dövlətinin Ukraynada qələbə üçün heç bir şansı yoxdur.

“Rusiyalılar bütün mümkün taktiki səhvləri edib. Belə təsəvvür yaranır ki, müharibəyə heç hazır deyillərmiş. Elə bil prosesin ciddiliyini anlamayıblar. Ukraynalılar bütün istiqamətlərdə düşmənin qarşısını alıb, irəliləməni dayandırıb. Hətta effektli əks-hücumlar həyata keçirirlər. Rusiyalılar çoxlu yexnika və canlı qüvvə itirirlər. Ukrayna Rusiyanı döyüş meydanında alçaldır”.

Klark hesab edir ki, Ukrayna ordusunda komandanlıq sistemi və idarəçilik yüksək səviyyədədir. Hərbi ekspert burada NATO-nun böyük rol oynadığını deyir. Çünki hərbi alyans 2014-cü il hadisələrindən sonra Ukrayna ordusuna böyük dəstək verib. Krımın itirilməsi, Luqanskda və Donetskdə qondarma respublikaların yaradılması rəsmi Kiyevdə xeyli məsələlərə münasibəti dəyişdirdi. Bir növ güclü ordunun əsası qoyuldu.

Klark məhz bu məsələdən danışır. Amma hərbi ekspert Ukrayna müqavimət qüvvələrinin xeyli ehtiyatlı davranmalı olduğunu bildirir. Çünki Rusiya müdafiə olunan tərəfin infrastrukturunu sıradan çıxarmağa çalışır. Söhbət təkcə yaşayış binalarının dağıdılmasından getmir. Kreml Ukraynanın hərbi potensialını tam məhv etməyi qarşısına məqsəd qoyub. Belə olmasaydı, Lvovdakı aviatəmir zavoduna hücum planlaşdırılmazdı. Rusiya qonşuluğunda böyük hərbi gücü olan ölkə görmək istəmir. Özü də bu təkcə Ukraynaya aid deyil. Moskvanın ümumi bölgəyə baxışı məhz belədir.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »