Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Rusiyanın məşhur jurnalistləri bir-birinin ardınca istefa verir
Rusiyanın məşhur jurnalistləri bir-birinin ardınca istefa verir

Ukrayna işğalı davam edir... Rusiya demək olar ki, hər gün günahsız və dinc insanları qətlə yetirməklə işğalı yekunlaşdırmaq istəyir. Buna görə də, xəstəxanaları, məktəbləri və başqa mülki məntəqələri bombalayır, heç bir hərbi, yaxud mülki qayda-qanun tanımır. Ukrayna indi hər tərəfdən işğal altındadır. Buna baxmayaraq, artıq 23-cü gündəyik və Rusiya hələ istədiyinə nail ola bilməyib.

Amma deyəsən, Putin istədiyini almadan əl çəkməyəcək. Müharibə həm də pul deməkdir. Rusiyanın gücü isə sonsuz deyil. Kreml rəhbəri bütün dünyanın gördüyü kimi, Ukrayna xalqının və ordusunun gözlənilməz müqaviməti ilə qarşılaşıb.

Ukrayna xalqının bu şərəfli mövqeyində Rusiyadakı müəyyən media mənsubları da iştirak edib. Putin ölkədə medianın 95 faizinə nəzarət edir. Buna baxmayaraq, Onun əleyhinə fərqli fikirlər səsləndirmək, hardasa, mümkün deyil. Amma Putinin nəzarətində olan bəzi media quruluşları və onların əməkdaşları bu haqsız işğala qarşı öz sözlərini deyə bildilər.

Rusiya dövlət televiziyasının 1-ci kanalında canlı yayımda müharibə əleyhinə pankart açaraq Rusiyanın Ukraynaya hücumlarına etiraz edən jurnalist Marina Ovsyannikova da onlardan biridir. Ovsyannikov 30 min rubl cərimələnib və işlədiyi kanaldan istefa verib.

Birinci Kanalın başqa bir əməkdaşı - Avropa müxbiri Janna Aqalakova da istefa verib. Həmçinin, NTV televiziyasının 16 illik əməkdaşı Liliya Gildeyeva və 30 illik əməkdaşı Vadim Qlusker də istefa edən həmkarlarına qoşulublar.

Mariya Baranova “Russia Today” kimi tanınan “RT”-dən istefa verən ən tanınmış şəxs oldu. “RT”-nin Londondakı keçmiş müxbiri Şadiya Edvards-Dəşti isə Rusiyanın Ukraynanı işğal etdiyi gün heç bir səbəb göstərmədən istefa verib. O, Moskvada işləyən müxbir Conni Tiklə "son hadisələrin işığında bu addımı atıram" deyərək, işindən ayrılıb. Eyni zamanda, “RT”-nin Fransız yayımlarında aparıcı işləyən Frederik Taddei deyib ki, o, Fransanın Rusiya ilə açıq münaqişəsi olduğu və “ölkəsinə sadiqliyinə görə” artıq şounu təqdim edə bilmədiyi üçün verilişi tərk edəcək.

İşğal başlayanda, bir çox Rusiya jurnalisti ölkə daxilində keçirilən aksiyalarda iştirak edib. Deməli, Rusiyada müəyyən ictimai rəy var. Beləliklə, anlaşılır ki, Rusiyada heç də hər şey Putinin istədiyi kimi getmir… 1953-1964-cü illərdə Sovet İttifaqına rəhbərlik etmiş birinci katib Nikita Xruşşov 1961-ci ilin aprelində Vyanada ABŞ-ın o zamankı prezidenti Kennedi ilə görüşündə belə bir ifadə səsləndirmişdi: ““Cənab Kennedi, ABŞ-dan baxanda düşünürsünüz ki, bizim ictimai rəyimiz yoxdur. Halbuki, var. Dövlətin qərarlarına qarşı həmişə etiraz edənlər və dəstək verənlər olub, indi də var”.

Bilmirəm, 1950-1960-cı illərdə Sovet İttifaqında dövlətin qərarlarına qarşı etirazlar olub, ya yox, amma indiki Rusiyada çox şərəfli jurnalistlərin olduğu göz önündədir. Rusiyanın hər bir işini bəyənən və onları zərrə qədər tənqid etməyənlərin həmin şərəfli jurnalistlərdən ibrət alacağı yetərincə nümunələr var…

Mətin Şükürlü, Bizimyol.info

Son xəbərlər
Bütün xəbərlər »