Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Polşadan Belarusa keçmiş hərbçinin müəmmalı ölümü
Polşadan Belarusa keçmiş hərbçinin müəmmalı ölümü

Keşən il Polşa-Belarus sərhəddində miqrantlara görə yaranmış böyük gərginlik həm də bir hadisə ilə yadda qalmışdı. Polşalı hərbçi Belarusa tərəf keçmişdi. Avropa İttifaqına üzv ölkədə əvvəlcə onun azdığına inanırdılar. Sonradan Emil Çeçko haqqında fərarilik maddəsilə cinayət işi açılmışdı. Belarus isə hamını polşalı hərbçinin mühacirət üçün sərhədi keçidiyinə inandırmağa çalışırdı.

Bizimyol.info xəbər verir ki, Emil Çeçko Minskdə yaşadığı evdə asılmış vəziyyətdə tapılıb. İstintaq Komitəsi onun öldürüldüyünü istisna etmir. Çeçkonun Belarusa keçməsinin müəmmalı obrazına ölümünün belə xarakteri də əlavə olunub.

Polşalı hərbçi sərhədi dekabrın 17-də pozmuşdu. Belarus tərəfi Çeçkonun ilk ifadəsində Polşanın siyasətini bəyənmədiyinə görə belə addım atdığını açıqlamışdı. Guya o, sərhəddə polşalı hərbçilərin miqrantları öldürməsinə dözə bilməyib. Çeçkonun adından onun da əlinin qana batdığı bildirilirdi. Polşa Belarusun açıqladığı məlumatları ciddi qarşılamasa da, vətəndaşına cinayət işi açmışdı.

Polşa qəzetləri Çeçko haqqında yaxşı şeylər yazmırdı. Hərbçi sərhədi keçməzdən 6 gün əvvəl Qijitsko şəhərində sükan arxasında sərxoş vəziyyətdə saxlanmışdı. Onun qanında spirtdən başqa, marixuana da aşkarlanmışdı. Buna baxmayaraq, Çeçkoya xidmətə qayıtmağa icazə verilmişdi. Polşanın Müdafiə Naziri Mariuş Blaşak məhz bu məqama görə məmurları tənqid etmişdi. Onun fikrincə, Çeçko kimi hərbçi ordu sıralarında yer almamalıydı.

Jurnalistlər zamanla Çeçkonun həyat tərzi barədə daha inanılmaz şeylər ortaya çıxarmışdı. Məlum olmuşdu ki, o, hətta anasına da əl qaldırıb. Buna görə polis bölməsinə aparılıb.

Çeçkonun ölkəsinə qayıtmaq imkanı qalmamışdı. Hətta qayıtsa belə, onu həbs həyatı gözləyirdi. Çeçko fərariliyə görə azı 10 il azadlıqdan məhrum ediləcəkdi.

Polşalı hərbçi niyə özünü asa bilərdi? Ola bilər ki, Çeçkoya Ukrayna hadisələri pis təsir göstərib. Öz davranışına görə çox peşman olub. Belarusun Rusiyanın hərbi əməliyyatlarını dəstəkləməsi Çeçkonu sarsıda bilərdi. Bəlkə də, hər şey tamam fərqlidir. Çeçkonun öldürülməsi də mümklündür.

Aytən, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »