Qarabağ Gündəm Cəmiyyət Hadisə Siyasət Dünya Sağlamlıq Sosial-İqtisadi
Ukrayna müharibəsi Azərbaycanda bayram bazarına necə təsir edib...
Ukrayna müharibəsi Azərbaycanda bayram bazarına necə təsir edib...

Novruz bayramına sayılı günlər qalıb. Bütün bayramlarda olduğu kimi Novruz bayramı öncəsi də sanki bazarların üzərindən bir bahalaşma küləyi əsir. Bayramdan əvvəl bir manata aldığın meyvənin qiyməti bayrama bir neçə gün qalmış 3 manata qədər bahalaşır. Belə olan halda, 300 manat əmək haqqı alan və ya işsiz vətəndaş bayramı necə keçirsin?

Son 3 ayda - yeni sosial paket tətbiq edilməyə başladıqdan sonra ərzaq məhsulları bazarında qiymətlərdə bahalaşma müşahidə edilir. Məsələn, bayramın olmazsa olmazlarından hesab edilən qoz-fındığın qiyməti 8-22 manat arası, portağalın qiyməti 3-8 manat arası, alma 2-8 manat, badam 18-30 manat, meyvə qurularının qiyməti 8-20 manat, mal əti 12-16 manat, qoyun əti 15-20 manat və s. arasında dəyişir. Yəni bayramı ucuzvari, yüngül şəkildə keçirə bilmək üçün azı 150-200 manat xərləmək lazımdır. Bəlkə də elə bu səbəbdəndir ki, insanlar da “daha əvvəlki bayram havası” qalmayıb deyirlər.

Tədris müəssisələrinin birində işləyən Natiq Quliyev Bizimyol.info xəbər portalına müsahibəsində deyir ki, bayram günlərində taksi fəaliyyəti ilə məşğul olacaq ki, bu 9 gündə bir qədər pul qazana bilsin. Müsahibim deyir ki, adətən bayramlarda taksi fəaliyyətindən qazandığı vəsait bəzən bir ayın əmək haqqına bərabər olur. Bayramı hansısa bölgədə keçirməyə gəlikdə isə, vətəndaş bildirir ki, bir günlük qazancı ilə süfrəyə uşaqalrının yemək istədiklərini ala bilmək elə bayramdır: “Novruzun bir faydası var ki, 9 gün evdəyik və eyni zamanda başqa işlə məşğul ola bilirəm. Digər günlərdə işdən sonra taksi fəaliyyəti ilə az məçğul oluram, gəlirim az olur. Bayramda həm sərnişin çox olur, həm də gəlirim”.

İqtisadçı Günay Həsənova Bizimyol.info xəbər portalına müsahibəsində bildirib ki, Rusiya və Ukrayna ərzaq məhsulları istehsal və ixrac edən ölkələrdir. Bu ölkələr arasında baş verən müharibə təbii ki, Azərbaycana idxal edilən məhsulların azalmasına gətirib çıxarır: “Ölkəyə ərzaq məhsulları daha az gətirilir. Tələb isə var. Tələbin çox olduğu bazarda təklif hər zaman baha olur. Bayramqabağı da hər kəs süfrəsinin daha yaxşı olmasını arzulayır. Bu səbəbdən də ikiqat bahalaşma müşahidə edilir”.

İqtisadçı hesab edir ki, bayramdan 10 gün sonra qiymətlərdə az ucuzlaşma müşahidə ediləcək. Bu isə ərzaq məhsullarının qiymətinin ucuzlaşması deyil, tələbin azalmasına ilə əlaqəli olacaq.

Günay Həsənova bildirib ki, bayramdan sonra belə bəzi məhsulların qiymətində bahalaşma olacaq. Bu isə daha çox Ukrayna və Rusiyadan gətirilən məhsullara - kolbasa, bitki yağı və digər məhsullarda özünü göstərəcək.

İlahin, Bizimyol.info

Paylaş »
Son xəbərlər
Bütün xəbərlər »