Suriya Prezidenti Bəşər Əsəd dünən açıqlama verərək, Rusiya üçün 40 min suriyalı döyüşçünü Ukraynaya döyüşməyə göndərəcəyini bildirib.
Əsəd rejiminə sadiq olan bu 40 min nəfərlik yaraqlı heyəti, ola bilsin, Livandakı Hizbullah və Yəməndəki Husilərdən də ciddi hərbi dəstək alsın. İndi danışıqlar üçün masa arxasına keçilib və görünür, verilən mesajlar müsbətdir. Bununla belə, həm Ukrayna, həm də Rusiya hər ehtimala qarşı, xarici silahlılara qarşı müharibə ssenarisini kənarda saxlayır.
Rusiya Suriyadan yaraqlılar cəlb edərkən, Ukrayna da Avropadan gələn silahlı və özünü könüllü adlandıran döyüşçülərə qapılarını açıb. Yəni danışıqlar masasından atəşkəs razılaşması çıxsa belə, etimadsızlıq ən yüksək səviyyədədir. Onu da nəzərə almaq lazımdır ki, hər iki tərəf masa arxasına əyləşən zaman, indiki silahlı güclərini bir-birlərinə nümayiş etdirəcək və güzəştə getməyə çalışacaqlar. Bu səbəbdən də həm hərbi, həm də qeyri-rəsmi silahlı ünsürlərin hərəkətliliyində artım müşahidə olunur.
Bununla birlikdə, Rusiyanın Suriyadan topladığı yaraqlılarla bağlı məsələ kifayət qədər diqqətçəkəndir. Digər tərəfdən, Suriya rejiminin Rusiyaya döyüşçü dəstəyi verməsi, həm də bir baxımdan, İranın da Rusiyanın yanında olduğunu göstərir. Çünki Suriyadakı rejimi Rusiya ilə birlikdə dəstəkləyən başqa bir ölkə də İrandır. Onu da unutmaq olmaz ki, Bəşər Əsəd hələ də həmin kresloda oturursa, bunu daha çox Putinə borcludur.
Mözvudan maraqlı bir sual da ortaya çıxmış olur: bəyəm, Bəşər Əsədin elə güclü ordusu var ki, O, bununla həm də Rusiyaya hərbi dəstək verməyə çalışır? Necə deyərlər, keçəlin dərmanı olsa, öz başına sürtər. Ancaq məsələ elə deyil. Bəli, Əsədin hərbi qüvvəsi olduqca zəifdir. Amma ortada bir Suriya ordusu var və bu ordunun bir tərəfi İrana, başqa bir tərəfi isə Rusiyaya bağlıdır. Həmin ordunun bu iki dövlətdən birbaşa göstəriş aldıqlarını desək, yəqin ki, yanılmarıq.
Söhbət Suriya ordusundan düşmüşkən, qeyd edək ki, rejimin ordusunda iki xüsusi briqada var: onlardan 4-cü briqada daha çox İranmeyilli birləşmələrdən təşkil olunub. Digəri isə 5-ci briqadadır ki, onun da bağlı olduğu yer birbaşa Rusiya hərbi qüvvələridir.
Suriya ordusunun Ukraynaya getməsi, məna etibarilə, Bəşər Əsədin bu müharibədə iştirakı deməkdir. Şübhəsiz, ABŞ bu vəziyyəti belə qiymətləndirəcək. Son illər Əsədlə o qədər də maraqlanmayan ABŞ rəhbərliyi Ukrayna-Rusiya müharibəsində Əsədin sərgilədiyi bu davranış səbəbindən rəsmi Dəməşqə baxışını sərtləşdirə bilər. Beləliklə, bu proses Ukraynadakı müharibənin gedişatına görə, Amerikanın çoxdan gözlənilən Suriya müdaxiləsinə yol açıla bilər. Hərçənd ki, ABŞ üçün bundan daha yaxşı bir bəhanə də ola bilməzdi.
Əsədin Ukraynaya göndərəcəyi silahlılarla bağlı yekun qiymətləndirməyə gəldikdə, maraqlı bir sualla qarşılaşırıq: Bu adamların motivasiyası nədir? Yəni bu döyüşçülər orda döyüşmək üçün özlərinə hansı ideologiyanı rəhbər tuturlar? Nə uğrunda döyüşdüklərini zənn edəcəklər? Əvvəla, onlar Putinin əmrindədirlər. Əməkhaqqı da mühüm amildir. Amma üstəlik, yaraqlıların Ukrayna müharibəsinə gedərək, ordan bir yol tapmaq və açıq sərhədlərdən keçərək, Avropaya qaçmaq arzusunun da ola biləcəyi ehtimallarını da dəyərləndirmək olar. Beləliklə o döyüşçülərin alacaqları maaşdan sonra ikinci bir ideyaları var - aradan çıxıb, gizli kimliklərlə Avropaya qaçmaq. Suriya yaraqlılarının bu istəklərini həm Rusiya, həm də Bəşər Əsəd çox yaxşı bilir. Onları bilərəkdən Ukraynaya aparırlar. Döyüşənləri döyüşdürəcək, bəzilərinin isə Avropaya qaçmasına şərait yaradacaqlar. Yəqin ki, Rusiya bu yolla Şərqi Avropa ölkələrində hansısa terror aktlarına və ya hansısa xaotik fəaliyyətlərə hazırlıq planlaşdırır.
Mətin Şükürlü, Bizimyol.info